Məhkəmə qərarları › İş №2(021)-2477/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2477/2021

11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2477/2021 11.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 08.04.2013-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, anası X5 10.09.1963-cü il tarixdə anadan olmuşdur. Mərhum anası 08.04.2013-cü ildə xərçəng xəstəlikdən vəfat etmişdir və Bərdə rayon Güloğlular kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin bu günə qədər ölüm haqqında şəhadətnamə almamışdır. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4073 saylı 08.02.2021-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Natavan küçəsi ev 22 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Xİ-JQ № 368978 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 01.06.1985-ci il tarixdə anadan olmuşdur. X1 anası X3r. İş materiallarına əlavə edilmiş Seriya AZE № 04848820 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 10.09.1963-cü il tarixdə Laçın rayon Çıraqlı kəndində anadan olmuşdur. Bərdə rayon Natavan küçəsi ev 22 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İİİ-JQ № 458521 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 oğlu ilə X7 06.06.1985-ci il tarixdə Bərdə rayon VVADQ Şöbəsində 173 saylı at qeydi ilə nikah bağalmışlar Nikah bağlandıqdan sonra arvada Şahverdiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və Pataloji Anatomiya” Birliyinin 01.04.2011-ci il tarixli Histopatoloji Müayinəsindən görünür ki, X4 :uşaqlıq boynunun differensiasiya olmamış xırda hüceyrəli CR-i. Divarında total infiltrasiya” diqanozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş qəbir daşının foto-şəklindən görünür ki, X2 doğum tarixi 10.09.1963-cü il, ölüm tarixi 08.04.2013-cü il kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 07.07.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş 08.07.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi oğlu tərəfindən məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi oğlunun anası X2 08 aprel 2013-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizəsi təmin edilməli, X2 08 aprel 2013-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X2 08 aprel 2013-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar