Məhkəmə qərarları › İş №2(021)-408/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-408/2024

29.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-408/2024 29.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X17 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın yarı dəyərinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə birgə nikah dövründə 12000 (on iki min) manata əldə edilmiş **-CY-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin yarı dəyəri olan 6000 (altı min) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 oktyabr 2009-cu il tarixdə rəsmi qaydada ailə qurub evlənmişlər. Birgə nikah dövründən 01 dekabr 2011-ci il təvəllüdlü X8 adlı 1 (bir) övladları anadan olmuşdur. Uzun müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra aralarında olan münasibətlər pisləşməyə başlamış və ailə münasibətlərini bərpa edə bilmədiklərindən ayrılmışlar. Nikahlarının pozulmasına dair işləri Bərdə Rayon Məhkəməsinin icraatındadır. Cavabdeh ilə rəsmi olaraq ailəli olduqları zaman birgə nikahda, yəni xx.xx.2022-ci il tarixdə “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili 12000 (on iki min) manata almışlar. Hazırda cavabdeh qeyd etdiyi avtomobili idarə edir. Birgə nikah dövründə əldə etdikləri avtomobilin bölünərək yarı dəyərini ona verməsi ilə bağlı cavabdehə müraciət edib və onunla bu barədə danışıb cavabdehlə razılığa gəlmək istəsə də heç bir nəticəsi olmamışdır. Əksinə, cavabdeh onu təhqir edərək verməkdən imtina etmişdir. Halbuki, qeyd etdiyi avtomobili onlar birgə nikahda olarkən 12000 manat verərək almışlar. Bunun görə 12000 manata aldıqları **-CY- *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin yarı dəyəri olan 6000 (altı min) manat pulun cavabdehdən alınaraq ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdehlə ailə münasibətləri 2023-cü ilin iyul ayında pozulmuş, həmin vaxtdan ayrılmışlar. Ayrılarkən “Opel Astra” minik markalı avtomobil iddiaçının mülkiyyətində olmuşdur. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, cavabdehlə 2014-cü ildə rəsmi olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X9 adlı oğlanları dünyaya gəlmişdir. Uzun müddət ər-arvad kimi yaşadıqdan sonra aralarında olan narazılıqlara görə ayrılmışlar. Ayrılarkən övladı iddiaçı ilə qalmış və hər ay övladına lazımi qaydada aliment ödəyir. İddiaçının qeyd etdiyi “Opel Astra” minik markalı avtomobili birgə nikah dövründə almışlar. Bunu etiraf edir. Lakin qeyd olunan “Opel Astra” minik markalı avtomobili öz şəxsi vəsaiti ilə almamış, həmin avtomobildən öncə atası Vahid Novruzova məxsus VAZ-2106 markalı avtomobilləri olmuşdur. 2005-ci ildə həmin VAZ-2106 markalı avtomobili atası 6400 manata satmış, əldə olunan məbləğin üstünə də 3700 manat əlavə edilərək 11000 manata qeyd olunan “Opel Astra” minik markalı avtomobil alınmışdır. “Opel Astra” minik markalı avtomobili də etibarnamə əsasında idarə edir. Qeyd etdiyi “Opel Astra” minik markalı avtomobillə taksi fəaliyyəti göstərməklə ailəsini dolandırır. Belə ki, atası və anası təqaüdçüdürlər. Hazırda “Opel Astra” minik markalı avtomobil onun istifadəsindədir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur, Bərdə şəhəri Cəfər Cabbarlı küçəsində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri C.Cabbarlı küçəsi ev 1, mənzil 24-də qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 oktyabr 2009-cu il tarixli, AZ-İ 528554 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 14 oktyabr 2009-cu ildə Bərdə Rayon Qeydiyyat Şöbəsində 549 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Novruzova soyadı verilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 dekabr 2011-ci il tarixli AZ-İİ 803796 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından 01 dekabr 2011-ci ildə Turxan adlı uşaqları doğulmuşdur. 01 dekabr 2011-ci il təvəllüdlü X3 “ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-203/2024 saylı qətnaməsindən görünür ki, iddiа qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə 549 nömrə ilə qeydə alınmış rəsmi nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 iddiaçı (anası) İddiaçı himayəsində və yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 190 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi, alimentin tutulma müddətinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən etibarən müəyyən edilməsi, Cavabdeh müvəqqəti alimentin tutulmasına dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-3412/2023 nömrəli qərardadı hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilməsi, Cavabdeh 67 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli, 3-13-16-11/2-3557/2023 saylı məktubdan görünür ki, Cavabdeh adına DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən xx.xx.2022-ci il tarixdən “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. "xxxx" MMC-nin “Avtomobilin qiymətləndirilməsinə dair” 02 oktyabr 2023-cü il tarixli, ƏQ-0035/2023 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 02 oktyabr 2023-cü il tarixinə real bazar dəyəri 12000 (on iki min) manat təşkil edir. 12 may 2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X11 mülkiyyətində olan “Opel Astra” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh 11000 (on bir min) manata satmışdır. BD221141 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Astra” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 may 2022-ci ildə mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. 27 iyul 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Opel Astra” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilini X4 11000 (on bir min) manata satmışdır. BD414953 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Astra” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 iyul 2023-cü ildə mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. 27 iyul 2023-cü il tarixli, ƏN-Vİ 616960 nömrəli Etibarnamədən görünür ki, X7 mülkiyyətində olan “Opel Astra” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh Etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixli, MŞG/MT032/2023-00966 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh qarşı “Nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment” tələbinə dair 2(021)-203/2024 saylı mülki iş 15 avqust 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya seansında iştirak etmək üçün 50 manat məbləğində xidmət haqqı ödəmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 213.1-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 214.1-ci maddəsinə görə, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3-cü maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 14 oktyabr 2009-cu ildə Cavabdehla evlənmiş, birgə nikahlarından bir uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə tərəflər 2023-cü ilin iyul ayında faktiki olaraq ayrılmış, nikahları isə Bərdə Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər birgə nikah dövründə, yəni 12 may 2022-ci il tarixdə “Opel Astra” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, avtomobil mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmışdır. Tərəflər 2023-cü ilin iyul ayında faktiki ayrıldıqdan sonra cavabdeh mülkiyyətində olan və birgə nikah dövründə əldə etdikləri “Opel Astra” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili 27 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən atası X1, həmin tarixdə də atası Vahid Novruzov avtomobili idarə etmək üçün cavabdehə etibarnamə vermişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında “Opel Astra” minik markalı, **-CY- *** dövlət qeydiyyat nişanlı avtomobili öz vəsaiti hesabına almadığını, atasına məxsus VAZ-2106 markalı avtomobili atası 6400 manata sataraq, üzərinə də 3700 manat məbləğində pul qoyaraq maşın almaq üçün ona verdiyini və “Opel Astra” minik markalı, **- CY-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin pulla aldığını bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, işdə olan sənədlərdən də görünür ki, cavabdehin qeyd etdiyi VAZ-2106 minik markalı avtomobil xx.xx.2022-ci ildə mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmış, sonuncu avtomobili xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X5 5000 manat satmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən Bərdə Rayon Vəkil Bürosunun vəkili Xanım İsayevaya ünvanlanmış 20 iyul 2023-cü il tarixli, 3- 13-16-11/2-3557/2023 saylı məktubdan görünür ki, 12 iyul 2023-cü il tarixli 219 nömrəli sorğuya cavab olaraq bildirilir ki, Cavabdeh adına DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən xx.xx.2022-ci il tarixdən “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Belə bir sorğunun ünvanlanması onu göstərir ki, 12 iyul 2023-cü il tarixdə tərəflər rəsmi nikahda olmalarına baxmayaraq aralarında münasibətin kəskin şəkildə pozulmasına görə boşanma ərəfəsində olmuşlar. İddiaçı nikahlarının pozulması niyyətində olduğuna görə nikah pozulduqdan sonra iddia qaldırmaq məqsədi ilə cavabdehin adına olan əmlakları müəyyən etmək üçün vəkil vasitəsi ilə sorğular etdirmişdir. Bunu bilən cavabdeh isə dərhal, yəni 27 iyul 2023-cü ildə sözügedən avtomobili öz doğma atası olan X2 adına özgəninkiləşdirmişdir. Göründüyü ki, “Opel Astra” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş, tərəflər arasında münasibət pozulduqdan sonra cavabdeh avtomobili birgə nikah dövründə əldə edilən əmlak olduğundan gələcəkdə yönələ biləcək iddianın predmetindən yayındırmaq məqsədi ilə düşünülmüş şəkildə atasının adına özgəninkiləşdirmiş, lakin yenə də avtomobili özü idarə etmişdir. Həmin avtomobil indidə cavabdehin istifadəsindədir. Bu hal onu göstərir ki, cavabdeh ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün atası ilə nəqliyyat vasitəsinin alqı-satqısına dair 27 iyul 2023-cü il tarixli müqavilə bağlamışdır. Bundan az sonra isə, yəni 15 avqust 2023-cü il tarixdə həmin proseslərin davamı olaraq İddiaçı Cavabdeh qarşı “Nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment” tələbinə dair iddiası üzrə mülki iş Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MM-nin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iş üzrə mövcud sübutları birlikdə dəyərləndirərək hesab edir ki, “Opel Astra” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olduğundan, tərəflər arasında olan nikah isə pozulduğundan iddiaçının qeyd olunan əmlakdan öz payını tələb etmək hüququ yaranır. Belə olan halda, avtomobilin yarı dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə əldə edilmiş əmlakın yarı dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat dəyərində “Opel Astra” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yarı dəyəri olan 6000 (altı min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 6030 (altı min otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar