Məhkəmə qərarları › İş №2(021)-4114/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4114/2024

05.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4114/2024 05.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, maraqlı şəxslər Maraqlı şəxs2 və X1 ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli 01238 saylı, xx.xx.2024-cü il tarixli 01239 saylı barışıq sazişlərinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Bərdə rayonu Köhnə bazar ərazisində fəaliyyət göstərən maraqlı şəxslərlə bağlanmış əmək müqavilələri əsasında topdan satış mağazasında fəhlə işləmişdir. Maraqlı şəxslərlə bağlanmış əmək müqavilələrinə yanlışlıqla Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Bu səbəbdən ərizəçinin yeni işə götürülməsində problemlər yaranmışdır. Maraqlı şəxslər mediasiya prosesində baş verən hadisədən təəsüfləndirdiklərini bildirmiş və sazişi imzalamışlar. Ərizəçi hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarından habelə elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Ərizəçi qeydiyyat ünvanı Kəlbəcər rayonu, Başlıbel kəndidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə Bərdə Rayon Məhkəməsində deyil, ərizəçinin rəsmi qeydiyyatda olduğu yer üzrə Kəlbəcər Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 44.2.2-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə həmin işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki iş baxılması üçün ərizəçinin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə, Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar