Məhkəmə qərarları › İş №2(021)-4462/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4462/2025

07.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4462/2025 07.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 07 yanvar 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Tələb Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nun 23 mart 1984-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin əsası Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X8 ilə birgə nikahda olan zaman 23 avqust 1983-cü il təvəllüdlü X10 adlı bir övladı anadan olmuşdur. X3 23 mart 1984-cü il tarixdə vəfat etmiş və Bərdə rayon Qəhrəmanlı kənd qəbirsanlığında dəfn olunmuşdur. Onlar baş qarışıqlığından mərhum oğluna ölüm haqqında şəhadətnamə ala bilməyiblər. Hazırda bir çox sənədlərin hazırlanmasında onlardan mərhum oğlunun ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün isə sənədləşdirmə aparmaqda çətinliklər yaranır. O mərhum oğlum X6 ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət edib. Orada isə ölümdən uzun müddət keçdiyi üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina edirlər və məhkəməyə müraciət etməyini bildirmişlər. Tərəflərin izahatı Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərdi ki, Ərizəçi onun əmisi oğlunun yoldaşıdır, 1983-cü ildə Anar adlı uşaq anadan olmuşdur. 7 aylıq olanda rəhmətə getmişdir. Rahilənin sağ olan 4 oğlu vardır. Qəhrəmanlı kənd qəbiristanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirib ki, Rahilə onun bacısıdır. 1983-cü il yay aylarında Anar adlı uşaq rəhmətə getdi. Qəhrəmanlı qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-545/2025 saylı Bərdə rayon Qeydiyyat Şöbəsindən verilmiş arayışdan görünür ki, X5 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli 18-1-28/2-K-338-31-103/2025 saylı Bərdə rayon Mərkəzi Xəstəxanasının verdiyi arayışdan görünür ki, X5 adına dair məlumat aşkar olunmamışdır. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Ərizəçi qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə məhkəməyə 100 (bir yüz ) manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli 382 saylı Bərdə rayon RİHB Həsənqaya kənd üzrə i.ə.d-nin verdiyi arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Qəhrəmanlı kəndində yaşayır. xx.xx.2025-ci il tarixli 383 saylı Bərdə rayon RİHB Həsənqaya kənd üzrə i.ə.d-nin verdiyi arayışdan görünür ki, Qəhrəmanlı kənd sakini Ərizəçi verdiyi məlumata əsasən yazıb bildiririk ki, həqiqətən Bərdə rayonu Qəhramanlı kəndində 23 avqust 1983-cü ildə anadan olmuş X9 vəfat etmiş və Bərdə rayon Qəhrəmanlı kəndində dəfn olunmuş uşaq qəbri vardır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 rayonu Qəhrəmanlı kəndində xx.xx.1983-cü ildə andan olmuşdur. Bu barədə 39 saylı qeydlə tərtib olunmuşdur. X1, anası Ərizəçidır. İş materiallarına fotoşəkil surəti əlavə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli Qərarı Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumun 12 aprel 2019-cu il tarixli qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9.5-ci bəndinə istinadən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum oğlunun ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. Ərizə qanuni və əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara, tərəfin və şahidlərin izahatına əsasən X5 xx.xx.1984-cü il tarixdə ölməsi faktı müəyyən edilməli, 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

Ərizə təmin edilsin. X5 xx.xx.1984-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar