Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-459/2022 28.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, iddiaçı X1, iddiaçının nümayəndəsi (vəkili) X7, cavabdehlər Cavabdeh1 və X3 iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və X4 qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, cavabdeh X2 və Cavabdeh1 onun şəxsi mülkiyyətində olan Bərdə rayonu Qazıqurdalı kəndində 0,02 ha torpaq sahəsi üzərində ümumi sahəsi 63,10 kv.m olan fərdi yaşayış evindən çıxmaları və onların şəxsi mülkiyyətlərində olan fərdi yaşayış evlərinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, onun şəxsi mülkiyyətində Bərdə rayonu Qazıqurdalı kəndində 0.02 ha torpaq sahəsi üzərində ümumi sahəsi 63.10 kv.m olan fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinə 21 yanvar 2021-ci il tarixdə çıxarış da verilmişdir. Həmin fərdi yaşayış evində uzun zamandır ki, ailə üzvləri ilə birlikdə yaşamışlar. Cavabdehlər onun sabiq həyat yoldaşının uşaqlarıdır. Lakin hazırki iş üzrə cavabdehlər xeyli zamandırki, onları şəxsi mülkiyyətlərində olan evdə yaşamalarına icazə vermirlər. Onlar tüfeyli həyat sürdükləri üçün demək olar ki, həmin evdə davamlı olaraq yaşamırlar. Evdə yaşamasalar belə onu övladı ilə və nəvələri ilə birlikdə yaşamalarına icazə vermirlər. Hal-hazırda onlar xeyli zamandır ki, başqa bir evdə yaşayırlar. Maddi imkansızlıq nəticəsində kirayədə də yaşaya bilmirlər. Şəxsi mülkiyyətində olan fərdi yaşayış evində artıq uzun zamandır ki, yaşaya bilmir. Hal-hazırda hazırki iş üzrə cavabdehlər onun şəxsi mülkiyyətində olan Bərdə rayonu Qazıqurdalı kəndində 0.02 ha torpaq sahəsi üzərində ümumi sahəsi 63.10 kv.m olan fərdi yaşayış evini zəbt etmişlər. Bunun üçündə cavabdeh X2 və Cavabdeh1 onun şəxsi mülkiyyətində olan, Bərdə rayonu Qazıqurdalı kəndində 0.02 ha torpaq sahəsi üzərində, ümumi sahəsi 63.10 kv.m olan fərdi yaşayış evindən çıxmalarını və onların şəxsi mülkiyyətlərində olan fərdi yaşayış evlərinə köçürülmələrini istəyirlər. Bunun üçündə məcbur qalıb məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək iddia tələbinin həcmini azaldaraq sadəcə evə köçmə olaraq qeyd etdiyini, həmçinin iddia həcmini azaldaraq iddiaçı kimi qeyd etdiyi İddiaçı2 adının iddiaçı qismindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh1 iddianı qəbul etməyərək izahatlarında göstərmişlər ki, İddiaçı1 mərhum ataları Fazilin ikinci arvadıdır. Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evini ataları X10 2020-ci ilin dekabr ayında iddiaçıya bağışlanmış və mübahisəli ev bağışlama edilən zaman özləri də həmin evdə yaşamışlar. İddiaçının mülkiyyətində olan Bərdə rayonu, Qazıqurdalı kəndində 0,02 ha torpaq sahəsində yerləşən 63,10 kv.m fərdi yaşayış evinə köçərək orada yaşamasına etirazlarının olmadığını qeyd edərək iddianın təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bərdə rayonu, Qazıqurdalı kəndində 0,02 ha torpaq sahəsində yerləşən 63,10 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi 21 yanvar 2021-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydə alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-1943/2021 saylı 01 sentyabr 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı1 cavabdehlər X9 və X5 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayonu Qazıqurdalı kəndində 0,02 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 63,10 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydə alınmışdır. İş üzrə cavabdehlər X9 və X6 hazırki iş üzrə iddiaçının keçmiş əri Fazilin uşaqları olmaqla onun ailə üzvləridir. Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evini cavabdehlərin atası X10 2020-ci ilin dekabr ayında iddiaçıya bağışlanmışdır və mübahisəli ev bağışlama edilən zaman cavabdehlər də həmin evdə yaşamışlar. Cavabdehlər iddiaçıya mülkiyyətində olduğu evdə yaşamağa imkan vermədiklərindən sonuncu hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanı tərfəindən hər hansı müdaxilə qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın (bax: İatridis Yunanıstana qarşı, [GC], ərizə N 31107/96, b. 58, AİHM 1999-İİ; sonrakı istinadlarla birlikdə). Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyət etibarı ilə daxili qanunvericiliyə istinad edir və qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan, Bərdə rayonu Qazıqurdalı kəndində 0,02 ha torpaq sahəsində yerləşən 63,10 kv.m ümumi sahəsindən ibarət olan fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı1 cavabdehlər Cavabdeh1 və X4 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilsin. İddiaçı1 mülkiyyətində olan, Bərdə rayonu Qazıqurdalı kəndində 0,02 ha torpaq sahəsində yerləşən 63,10 kv.m ümumi sahəsindən ibarət olan fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-459/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-459/2022
28.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver