Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-463/2023 20.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi və paylarına uyğun olaraq naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh ilə birgə nikah dövründə aldıqları ünvan 1 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34 kv.m yaşayış, 5.0 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi üzərində 1/2 hissə paylarının müəyyən edilməsinə və həmin əmlakın naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikahda olmuşlar və birgə nikahlarından olan övladları yetkinlik yaşına çatmışdır. Qeyd edir ki, Cavabdeh ilə birgə nikah dövründə olan zaman ünvan 2 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34 kv.m yaşayış, 5.0 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi almışlar. Sözügedən yaşayış binasının mülkiyyət hüquqları tam olaraq Cavabdeh məxsusdur və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2006-cı il tarixdə ********* qeydiyyat nömrəli çıxarış da verilmişdir. Hesab edir ki, əmlakı birgə idarə edə bilməyəcəklərindən, birgə nikah dövründə əldə etdikləri həmin əmlak üzərində payları müəyyən edilməli və naturada bölünməlidir. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini, mübahisəli evin birgə nikah dövründə tikildiyini, hazırda həmin evi satışa qoyduğunu və evi satdıqdan sonra iddiaçıya düşən payı verəcəyini qeyd etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1973-cü il tarixdə ünvan 3 ünvanında yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1973-cü il tarixdə ünvan 3 ünvanında yaşayır və qeydiyyatdadır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ 414270 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış nikaha xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Xanlarov, qadına Rzayeva soyadı verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarix, 42 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli 496428 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 10 dekabr 1998-ci il tarixdə nikah bağlanmışdır. Bu haqda həmin tarixdə nikah kitabının 17-ci nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası JN-1674 saylı, KOD: 61022028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə Bərdə rayonu, Nazırlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh, X3 və X2 verilmişdir. Azərbaycan Respublikasının JN-130 saylı, KOD: 61022028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli dövlət aktından görünür ki, 0,43 ha torpaq sahəsi Cavabdeh verilmişdir. İş materiallarında olan MH ******* seriya nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, Nazim Hikmət küçəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34 kv.m yaşayış, 5.0 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reysterində 1 nömrəli reyestr kitabının 189 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Nazırlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh məxsusdur. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, 05262 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf yalnız İddiaçıdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan ********* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(021)-463/2023 nömrəli qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi və paylarına uyğun olaraq naturada bölünməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1) ünvan 5 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34 kv.metr yaşayış, 5.0 kv metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evində İddiaçı məxsus ½ hissə payın naturada bölünməsi mümkündür mü? 2) Ekspertiza zamanı yaranan digər sualların araşdırılması ekspertə izah edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-463/2023 nömrəli qərardadın surətindən görünür ki, iddiаçı İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi və paylarına uyğun olaraq naturada bölünməsi» tələbinə dаir 2(021)-463/2023 nömrəli mülki iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə tapşırılmış, ekspert (mütəxəssis) qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. ünvan 6 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34 kv. metr yaşayış 5.0 kv. metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evində İddiaçı məxsus 1/2 hissə payın naturada bölünməsi mümkündürmü? 2. Əgər, mübahisəli fərdi yaşayış evinin naturada bölünməsi mümkündürsə həmin evin İddiaçı düşən payının sərhədləri müəyyən edilmiş; Ekspertiza zamanı yaranan digər sualların araşdırılması ekspertə (mütəxəssisə) izah edilmişdir. İş materiallarında olan məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(021)-463/2023 nömrəli mülki iş üzrə tərəflərindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş tikinti-texniki eksperetizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır. Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiq olunan tədqiqat obyektinə dair iş üzrə tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilməsinin təşkil edilməsi və tədqiqat obyektinin yexniki pasportunun mərkəzə təqdim edilməsi zəruri olduğundan bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixdə vəsatət verilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi təşkil edilmiş, lakin fərdi yaşayış evinin texniki pasportu təqdim edilmədiyi, baxış zamanı ünvanda iki fərdi yaşayış evinin olduğu, evlərdən birinin bir hissəsinin söküldüyü səbəbindən tədqiq olunan qərardadda qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. İş materiallarında olan rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-463/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli mülki işi üzrə İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi və paylarına uyğun olaraq naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(021)-463/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. 1 . Sual: ünvan 6 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34 kv.m yaşayış evi, 5.0 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evində İddiaçı məxsus 1/½ hissə payın naturada bölünməsi mümkündür mü? Cavab: ünvan 6 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34 kv.m fərdi yaşayış evi, 5.0 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh ilə birgə nikah dövründə aldıqları ünvan 1 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34 kv.m yaşayış, 5.0 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi üzərində 1,2 hissə paylarının müəyyən edilməsinə və həmin əmlakın naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Oxşar normalar Azərbaycan Respublikası Mülki Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi cehiz əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünün olduğunun sübut edilməsidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahı dövründə əldə edilmiş və Cavabdeh məxsus olan ünvan 2 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34 kv.m yaşayış, 5.0 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə İddiaçı ½ hissədə payı müəyyən edilməli, iddia tələbi mütəxəssis rəyinə əsasən naturada bölgünün mümkün olmaması səbəbindən əmlakın ½ hissədə naturada bölünməsi hissəsində isə təmin edilməməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Həmçinin, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 9.2-ci bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahı dövründə əldə edilmiş və Cavabdeh məxsus olan ünvan 2 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34 kv.m yaşayış, 5.0 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə İddiaçı ½ hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-463/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-463/2023
20.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver