Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4958/2025 11.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X14 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 xx.xx.2025-ci il tarixdə Bərdə şəhərində ölməsi və Güloğlular kənd qəbristanlığında dəfn edilməsi faktının müəyyən edilib, qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1937-ci ildə Laçın rayonunda anadan olan Bərdə şəhəri Bakıxanov küçəsində məskunlaşan X1 halı pisləşmiş və ona görə də təcili yardım çağırmışlar. Lakin anası xx.xx.2025-ci ildə Bərdə şəhərində ölmüş, mərhumu Bərdə rayonu Güloğlular qəbristanlığında dəfn etmişlər. X1 ölümü ilə bağlı heç bir qeydiyyat aparılmamışdır. Onun ölümü ilə bağlı bir çox məsələ öz həllini tapmamışdır. Ona görə də anası X4 ölüm haqqında şəhadətnamə verilməsi üçün məskunlaşdığı, Bərdə şəhərində olan, Bərdə regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeyd olunan orqandan cavab verilmişdir ki, vətəndaşın ölümü ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Eyni zamanda “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin verdiyi 21 noyabr 2025-ci il tarixli məktubu ilə də bildirmişlər ki, anasının ölümü ilə bağlı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” phş-də hər hansı bir məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi, ərizədə göstərdiklərinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, anasına ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, atasına ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişlər. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərdi ki, X2 anası, ərizəçi isə bacısıdır. Anası onunla birlikdə yaşamış, xx.xx.2025-ci ildə ölmüşdür. Anasını Bərdə rayonu Güloğlular kənd qəbristanlığında dəfn etmişlər. Mərhumun yas mərasimi yaşadığı evin həyətində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, 1966-cı ildə anadan olmuşdur. X2 ilə qonşu olmuşlar. Qəndili Əliyeva təxminən 6-7 ay əvvəl ölmüş, sonuncunun yas mərasimində iştirak etmişdir. X11 Bərdə rayonu Güloğlular kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1962-ci ildə Laçın rayonu Qızılca kəndində anadan olmuşdur və Laçın şəhəri N.Nərimanov küçəsi ev 99-da qeydiyyatdadır. Laçın Rayon İcra Hakimiyyəti Başçısının Laçın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 noyabr 2025-ci il tarixli 5-64-1/3-902/2025 saylı arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi Slavyan Universitetinin 1 saylı yataqxanasında yaşayır. Respublika Təcili və X5 Mərkəzi publik hüquqi şəxsin 31 oktyabr 2025-ci il tarixli 18211 nömrəli arayışından görünür ki, xx.xx.1937-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Bakıxanov küçəsi ev 24-də rəhmətə gedib. -Diaqnoz: “Həkimə qədər ölüm”. Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinin Bərdə nümayəndəliyinin 31 oktyabr 2025ci il tarixli 788 nömrəli məktubundan görünür ki, xx.xx.1937-ci il təvəllüdlü X7 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşmüşdür. Vəfatınadək Bərdə şəhəri Bakıxanov küçəsində məskunlaşmış, xx.xx.2025-ci il tarixdə ölmüşdür. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 21 noyabr 2025-ci il tarixli 18-1-28/2-2687/2025 nömrəli məktubundan görünür ki, Laçın rayonu Cağazur kənd sakini 1937-ci il təvəllüdlü X3 ölümü ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat (xəstəlik tarixi, tibbi şəhadətnamə və s.) aşkar olunmadığından, ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanan 31 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-11xx/xx-2025 saylı məktubdan görünür ki, Ərizəçi anası X4 ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Qəbir daşının fotoşəklindən görünür ki, X3 qəbir daşının üzərində ölüm tarixi 27 sentyabr 2025-ci il qeyd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X3 27 sentyabr 2025-ci il tarixdə ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə həmin hissədə təmin edilməli, X3 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum anasının ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. Ərizəçinin mərhum anasının Güloğlular kənd qəbristanlığında dəfn edilməsi faktının müəyyən edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ərizəçinin anasının hansı qəbristanlıqda dəfn olunması iş üçün əhəmiyyət kəsb etmədiyindən, habelə Azərbaycan Respublikasının MPM-də şəxsin müəyyən yerdə dəfn olunması faktının müəyyən edilməsi ilə bağlı müddəa nəzərdə tutulmadığından ərizə həmin hissədə təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilisin. Ərizəçi X1 27 sentyabr 2025-ci il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-4958/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4958/2025
11.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver