Məhkəmə qərarları › İş №2(021)-55/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-55/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-55/2024 02.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1.Cavabdeh1 İddiaçı1 ASC-nin xeyrinə 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 14980 manat əsas, 2822.45 manat faiz borcu, 2446.13 manat cərimə borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5% əldən çıxmış fayda 3105.20 manat olmaqla, cəmi 23353.78 manat məbləğində borcun, 160.06 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; 2.Tutmanın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Xanərəb kəndində olan 0.38 ha torpaq sahəsi və onun üzərində yerləşən 115.6 kv.m ümumi sahədən, 56 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Xanərəb kəndində olan 0.38 ha torpaq sahəsi və onun üzərində yerləşən 115.6 kv.m ümumi sahədən, 56 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı1 ASC-nə ödənilməsi; 3.Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4.Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Xanərəb kəndində olan 0.38 ha torpaq sahəsi və onun üzərində yerləşən 115.6 kv.m ümumi sahədən, 56 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və digər şəxslərin həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; 5.Cavabdeh1 ilə İddiaçı1 ASC arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli Baş kredit müqaviləsini və 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Lakin, İddiaçı1 ASC-nin nümayəndəsi Mirumud Seyidov məhkəməyə elektron kabinet vasitəsilə iddia ərizəsinin aidiyyatı üzrə göndərilməsinə dair xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, işin məhkəmə gedişi zamanı müəyyən edilmişdir ki, qeyd edilən iddia tələbi üzrə tərəflər hüquqi şəxs və sahibkar, verilmiş kredit isə biznes təyinatlı olduğundan işə qanunvericiliyin tələbinə uyğun olaraq Kommersiya Məhkəməsində baxılmalıdır. Odur ki, mülki işin baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında 19 yanvar 2015-ci il tarixli əsas kredit müqaviləsindən görünür ki, kredit limitinin məbləği 17000 AZN, 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən isə götürülən kreditin məbləği 15000 manat təşkil edir. Kredit məbləğinin həcminin böyüklüyü tərəflər arasındakı kredit və ipoteka münasibətlərinin sahibkarlıq fəaliyyətindən irəli gəldiyinə və kommersiya xarakterli olmasına əsas verir. Verilmiş kredit isə biznes təyinatlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin qeyd etdikləri doğrudur və hazırki işə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. yatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 saylı qərarına əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi üzrə mülki iş hazırlıq iclasından aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar