Məhkəmə qərarları › İş №2(021)-763/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-763/2025

04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-763/2025 04.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə nənəsi X1 10 avqust 1934-cü il tarixdə Kəlbəcər rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəyə baxılması üçün məhkəmə iclasları 9 yanvar 2025-ci il, 23 yanvar 2025-ci il və 4 mart 2025-ci il tarixlərə təyin edilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, ölüm faktı barədə tibb müəssisəsinin müvafiq sənədini (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə), “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar ərizəyə əlavə edilmədiyindən və tərəflər dəfələrlə təyin olunmuş məhkəmə iclasına gəlmədiklərindən mülki iş baxılmamış saxlanılmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 9-cu hissəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilən qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır. Beləliklə, Ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılsın (qəbz №-**********, büdcə təsnifatının kodu ********). Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar