Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-932/2024 22.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı X1 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 7 saylı Bərdə ərazi idarəsi və Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “evə köçmə və pay torpağın mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 7 saylı Bərdə ərazi idarəsi və Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Böyük Göyüşlü kəndində ona bağışlanan və onun adına sənədləşdirilən evinə köçürülməsinə və həmin evin 0.25 sot həyatyani torpaq sahəsinin, 0.64 sot əmlak pay torpağının onun mülkiyətinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırki iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddiaçının şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, həm özünün FİN məlumatlarını və tərəflərin elektron poçt ünvanlarını qeyd etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində X2 qarşı iddia ərizəsi ilə müraciət edərək həmin şəxsin iddiaçının mülkiyyətində olan mənzilin çöl qapısına kilit vuraraq onun mülkiyyət hüququnun həyata keçirilməsinə ciddi maneə törətdiyi qeyd edilmişdir. Belə olan halda məhkəmə onu da bildirməyi vacib hesab edir ki, İddiaçı iddia ərizəsində cavabdeh qismində X3 qeyd etməklə məhkəməyə iddia verməli və iddia predmetində yalnız evə köçürmə tələbini qeyd etməli idi. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odurki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X1 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 7 saylı Bərdə ərazi idarəsi və Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “evə köçmə və pay torpağın mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-932/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-932/2024
22.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver