Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5804/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1396/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X14 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanında yerləşən, 100 m2 torpaq sahəsinin üzərində inşa edilmiş 200 m2 sahəsi olan, 1-ci mərtəbəsi 4 otaq, mətbəx və sanitar qovşağı, 2-ci mərtəbəsi 5 otaq mətbəx və sanitar qovşağından ibarət yaşayış sahəsinin 2-ci mərtəbəsinə İddiaçı köçürülməsi, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X14 küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən, 100 m 2 torpaq sahəsinin üzərində inşa edilmiş 200 m2 sahəsi olan iki mərtəbəli yaşayış sahəsinin 1-ci mərtəbəsi və həyatyanı sahəsində Cavabdeh ailəsi ilə birlikdə yaşaması və həmin yaşayış sahəsinin 2-ci mərtəbəsində X4 ailəsi ilə birlikdə yaşamasına dair istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1396/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti:
3. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
5. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
6. Mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X14 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanında yerləşən, 100 m2 torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin İddiaçı və Cavabdeh adlarına qeydiyyata alınamsına dair məlumatlar aşkar edilməmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, İddiaçı adına hazırda respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak müəyyən edilməmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-T seriyalı, 129967 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1983- cü ildə Bakı şəhərində doğulmuşdur. X1, anası X5r.
9. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X6 ilə X11 arasında nikah 27 iyul 1982-ci il tarixdə nikaha daxil olmuş, xx.xx.1987-ci il tarixdə 150 nömrəsi ilə nikahları pozulmuşdur.
10. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İİ seriyalı, 23 sentyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür.
11. 2019-cu il tarixli Balaxanı Bələdiyyəsinin şəhadətnaməsinin surətindən görünür ki, Balaxanı qəsəbəsi, Səfəvilər küçəsində yerləşən 2 mərtəbəli ev X7 vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir.
12. Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin 54 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ünvan 1 ünvanında daimi pasport qeydiyyatındadır. Halhazırda Həzi Aslanov küçəsi 28 saylı ünvanın bir hissəsində mərhum anası X10 və qardaşı Cavabdeh tərəfindən inşa edilmiş sənədsiz iki mərtəbəli evin ikinci mərtəbəsində qeydiyyatsız yaşayır.
13. X13 surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə Güzelkaya Keremlə nikaha girmişdir. Ona Güzelkaya soyadı verilmişdir
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5999/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun istifadə və sahiblik hüququnun tanınması”na dair iddia tələbi rədd edilmişdir. Qeyd edilən qətnamədə məhkəmənin gəlmiş olduğu nəticə hissəsində qeyd edilmişdir ki, Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı 2009-cu il tarixindən Türkiyə Respublikasının vətandaşı ilə ailə həyatı quraraq həmin vaxtdan Türkiyə Respublikasında yaşayır. Onun qeyd edilən mübahisəli özbaşına tikilidə davamlı olaraq yaşaması öz təsdiqini tapmadığından, iddiaçının qeyd edilən özbaşına tikiliyə hüququnun və qanunun analogiyasını tətbiq etməklə özbaşına tikiliyə köçürülməsini də mümkünsüz edir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, qeyd edilən yaşayış evini onun bacısı X8 tərəfindən hər iki övladı üçün inşa edilmişdir. Halhazırda cavabdeh İlqarın iddiaçını həmin evə buraxmamasına heç bir ixtiyarı yoxdur. Güzəlkaya Nigar 2009-cu il tarixindən qeyd edilən mənzildə daimi yaşamasada arada sırada Azərbaycana gələrkən, onunda haqqı var ki qeyd edilən yaşayış evindən istifadə edə bilsin. Hüquqi dəyərləndirmə:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.
17. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir.
18. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5999/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun istifadə və sahiblik hüququnun tanınması”na dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X14 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanında yerləşən, 100 m2 torpaq sahəsinin üzərində inşa edilmiş 200 m2 sahəsi olan, 1-ci mərtəbəsi 4 otaq, mətbəx və sanitar qovşağı, 2-ci mərtəbəsi 5 otaq mətbəx və sanitar qovşağından ibarət yaşayış sahəsinə (bundan sonra yaşayış sahəsi) istifadə hüququnun istifadə və sahiblik hüququnun tanınmasını xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5999/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir.
19. Hazırkı tələbində də iddiaçı həmin yaşayış sahəsinə köçürülməsini və istifadə hüququnun müəyyən edilməsini xahiş edir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir.
21. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
22. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda.
23. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi zahirən (formal olaraq) yuxarıda sadalanan hallarla oxşar görünməsə da, mahiyyət etibarı ilə MPM-in istinad olunan norması ilə güdülən- hüquqi müəyyənlik, prosessual qənaət kimi məqsədlərin təsiri altına düşür.
24. Bu mövqedən fərqli olan hər hansı əks yanaşma ədalət mühakiməsinin fundamental prinsiplərindən olan hüquqi müəyyənlik və prosessual qənaət prinsipi ilə də ziddiyyət təkil etmiş olardı. Nəticə:
25. Göstərilənlərə əsasən, iddiaçının hazırkı tələbi eyni tərəflər arasında olan yuxarıda qeyd edilən İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun istifadə və sahiblik hüququnun tanınması”na dair tələblə mahiyyət etibarı ilə eyni olduğundan, həmin tələbə baxıldığından, hazırkı işə ayrıca tələb kimi məhkəmədə baxılması yolverilməz olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
27. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.
28. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
29. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1396/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev