Məhkəmə qərarları › İş №2(103)-2203/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2203/2023

29.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2203/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(yaşayış evinə köçürülmə və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(008)-1396/2022 saylı qətnaməsindən İddiaçı tərəfindənverilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh iddiaçının ögey qardaşıdır. Tərəflərin arasında yaranmış mübahisə, müvafiq icazə olmadan tikilmiş, ünvan 1 ünvanda yerləşən ikimərtəbəli evə iddiaçının köçmək istəyi ilə bağlı yaranıb. 2.Belə ki, həmin evin birinci mərtəbəsi kirayəyə verilib, evin ikinci mərtəbəsində isə cavabdeh ailəsi ilə yaşayır. 3.Tərəflərin anası X4 xx.xx.2020-ci il tarixdə vəfat edib. 4.İddiaçı ünvan 2 ünvanında daimi qeydiyyatdadır. 5.İddiaçı xx.xx.2009-cu il tarixdə Güzelkaya Keremlə nikaha girib və nikahdan sonra ona “Güzelkaya” soyadı verilib. 6.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubunda iddiaçının adına qeydiyyatdan keçmiş daşınmaz əmlakın müəyyən edilmədiyi qeyd olunub. 7.Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyin xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı ünvan 2 ünvanında daimi pasport qeydiyyatındadır. Hal-hazırda Həzi Aslanov küçəsi 28 saylı ünvanın bir hissəsində mərhum anası X4 və qardaşı Cavabdeh tərəfindən inşa edilmiş sənədsiz iki mərtəbəli evin ikinci mərtəbəsində qeydiyyatsız yaşayır (səh. 15). 8.Hazırkı iddia tələbi ilə müraciət ediləndən əvvəl İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X10 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanında yerləşən, 100 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş 200 kv.m sahəsi olan, 1-ci mərtəbəsi 4 otaq, mətbəx və sanitar qovşağı, 2-ci mərtəbəsi 5 otaq, mətbəx və sanitar qovşağından ibarət yaşayış sahəsinin 2-ci mərtəbəsinə dair İddiaçı istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5999/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Məhkəmə həmin işdə müəyyən etmişdir ki, iddiaçı 2009-cu il tarixdən Türkiyə Respublikasının vətəndaşı ilə ailə həyatı quraraq həmin vaxtdan Türkiyə Respublikasında yaşayır. Birinci instansiya məhkəməsində icraat 9.İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Balaxanı qəsəbəsi,X10 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanında yerləşən, 100 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş 200 kv.m sahəsi olan, 1-ci mərtəbəsi 4 otaq, mətbəx və sanitar qovşağı, 2-ci mərtəbəsi 5 otaq mətbəx və sanitar qovşağından ibarət yaşayış sahəsinin 2-ci mərtəbəsinə İddiaçı köçürülməsi, həmin yaşayış sahəsi üzrə İddiaçı yaşayış və sahiblik hüququnun tanınması, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X10 küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən, 100 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş 200 kv.m sahəsi olan iki mərtəbəli yaşayış sahəsinin 1-ci mərtəbəsi və həyətyanı sahəsində Cavabdeh ailəsi ilə birlikdə yaşaması və həmin yaşayış sahəsinin 2-ci mərtəbəsində İddiaçı ailəsi ilə birlikdə yaşamasına dair istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçının valideynləri X3 ilə X6 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanıb. X4 xx.xx.2020-ci il tarixdə vəfat edib. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 54 nömrəli məktubunda qeyd olunduğu kimi, iddiaçı ünvan 3 ünvanında daimi pasport qeydiyyatında olmaqla, hazırda keçmiş X13, indiki Həzi Aslanov küçəsi 28 saylı ünvanın bir hissəsində, mərhum anası X4 və qardaşı Cavabdeh tərəfindən inşa edilmiş sənədsiz iki mərtəbəli evin ikinci mərtəbəsində qeydiyyatsız yaşayır. Simuzər Süleymanova 2009-cü ildə Bakı şəhəri, Balaxanı qəsəbəsi, X10 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanda yerləşən 0,01 hektar torpaq sahəsini almışdır. Anası bu torpaq sahəsində anadan bir, atadan ögey qardaşı Cavabdeh 1 mərtəbəli, 3 otaqlı, hamam və mətbəx daxil olmaqla 100 kv.m sahəsi olan, həyətyanı sahəsi olan 4 otaqlı bir ev tikmişdir. Bir neçə ildən sonra Süleymanova Simuzər həmin evin üstündə 2-ci mərtəbə qaldıraraq, ayrıca hamam və mətbəx daxil olmaqla, özü üçün 100 kv.m sahəsi olan 5 otaqlı, küçədən ayrıca giriş-çıxış imkanları olan bir ev tikdirmişdir. Simuzər Süleymanova 2-ci mərtəbədəki evi tikərkən onu elə inşa etmişdir ki, müstəqil bir ev olaraq, küçəyə açılan ayrıca giriş-çıxışı olmaqla, alt mərtəbədəki evdən heç bir asılılığı olmasın. Simuzər Süleymanova dünyasını dəyişən vaxta qədər həmin evdə yaşamış, 2020-ci ilin iyun ayının 9-da ani ölüm nəticəsində dünyasını dəyişmiş, heç bir vəsiyyət və ya bağışlama edə bilməmişdir. Sağlığında anası iddiaçıya, hətta qohumlarına da dəfələrlə bildirmişdir ki, həyətyanı sahəsi ilə birlikdə 1-ci mərtəbə cavabdehindir, 2ci mərtəbə isə iddiaçınındır və bu səbəbdən də hər iki mərtəbənin ayrı-ayrılıqda öz məbəxləri, sanitar qovşaqları və bayıra giriş-çıxışları, yəni biri birindən asılı olmaması üçün bütün şəraitləri mövcuddur. Əks halda Simuzər Süleymanova bu qədər xərc çəkib bir evin hər iki mərtəbəsində iki mətbəx tikdirməzdi. Hazırda iddiaçı evin 2-ci mərtəbəsində bir otaqda qalır. Ona görə ki, cavabdeh ona aid olan 1-ci mərtəbədəki evi kirayə verdiyi üçün 2-ci mərtəbədəki ananın evinə qalxıb yaşayır. Bu isə iddiaçının orada qalmasına, yəni yaşayış sahəsindən istifadə hüquqlarına olduqca mane olur. Bu hallar səbəbindən qardaşı ilə aralarında söz-söhbətlər olmuşdur. İddiaçıda olan məlumata əsasən, cavabdeh analarından onlara qalan evin də satılması üçün, ondan xəbərsiz daşınmaz əmlak alğı-satqısı agentlərinə müraciət etmiş və evin yenə də dəyər-dəyməzinə satılmasına öz istəyini bildirmişdir. Lakin bura onun ana yurdudur və ananın övladı olaraq, onun da bir haqqı, hüququ var. Cavabdeh həyətyanı sahə ilə birlikdə ev və bütün şəraitlə təmin edilmişdir. Uzun illərdir ki, Süleymanova Simuzər başda olmaqla, onlar ailəliklə göstərilən yaşayış sahəsinin üzərində istifadə və sahiblik hüququna malik olmaqla, faktiki olaraq, bu hüquqları həyata keçirirlər. İddiaçının mübahisəli yaşayış sahəsindən başqa sığınacağı yoxdur. 11.xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, həmin iş üzrə iddianın 2-ci hissəsində göstərilən “mübahisəli yaşayış sahəsi üzrə İddiaçı yaşayış və sahiblik hüququnun tanınması” hissəsində iddia tələbinin azaldılmasını xahiş etmişdir. 12.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1396/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim-Nilufər Cəfərli) iddia təmin edilməmişdir. 13.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı qeyd edilən torpaq sahəsinin 2009-cu ildə alındığını və orada həmin tarixdən ev inşa edildiyini bildirdiyinə görə mübahisənin həllinə 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq etməlidir. 14.Məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyd edilən özbaşına tikilidə yaşamasını israr etsə də, bunu təsdiq edəcək mötəbər və təkzib olunmaz sübutları məhkəməyə təqdim etmədiyindən iddiaçı qeyd edilən özbaşına tikiliyə köçürülə bilməz. 15.Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də iddiaçının həmin ünvanda daimi olaraq yaşamadığı müəyyən edilmişdir. 16.Məhkəmə bu halın qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3-ci maddəsinə istinad etmişdir. 17.Məhkəmə iddia tələbinin Bakı şəhəri, Balaxanı qəsəbəsi, X10 küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən, 100 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş 200 kv.m sahəsi olan iki mərtəbəli yaşayış sahəsinin 1-ci mərtəbəsi və həyətyanı sahəsində Cavabdeh ailəsi ilə birlikdə yaşaması və həmin yaşayış sahəsinin 2-ci mərtəbəsində İddiaçı ailəsi ilə birlikdə yaşamasına dair istifadə qaydasının müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsi təmin edilmədiyindən, yəni iddiaçı özbaşına tikiliyə köçürülmədiyindən, həmin özbaşına tikilidən istifadə qaydaları da müəyyən edilə bilməz. 18.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 11.1, 11.2-ci, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 19.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi, 29 aprel 2021-ci il tarixdə iddiaçı evdə olmayan vaxt cavabdeh o qaldığı otağın qapısını söküb sındıraraq yararsız vəziyyətə salmış və onun əşyalarını qarışdırmışdır. Bu hadisədən sonra çox pis olmuş və güvənsizliyindən ehtiyat edərək, başqa yerdə, yəni qohumlarının evində qalmağa başlamışdır. Göründüyü kimi, o, köçürülmək istədiyi evdə yaşamışdır və hazırda həmin evdən məhrum edilmişdir.İş materiallarına əlavə olunmuş Balaxanı bələdiyyəsi tərəfindən X1 adına verilmiş “Yerli Bələdiyyə büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında” Səhadətnamənin (181019SR8AB ) surətindən göründüyü kimi, anası tərəfindən inşa olunan ev yerli bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir. Evin yerquruluşu planı şəhadətnamədə göstərilib. Buna görə müvafiq vergilər anası tərəfindən vaxtlıvaxtında yerli bələdiyyəyə ödənilmişdir. Uzun illərdir ki, anası başda olmaqla, onlar ailəliklə göstərilən yaşayış sahəsinin üzərində istifadə və sahiblik hüququna malik olmaqla, faktiki olaraq, bu hüquqları həyata keçirirlər. Lakin, hazırda yaşayış sahəsi ilə əlaqədar cavabdehlə aralarında mübahisə var və o, iddiaçının istifadə və sahiblik hüquqlarına, qanunsuz olaraq, müdaxilə etməklə onun həmin yaşayış sahəsindən istifadə etməyinə mane olur. Buna görə də hesab edir ki, Bakı şəhəri, Balaxanı qəsəbəsi, X10 küçəsi, hazırda Həzi Aslanov küçəsi, 28 ünvanında yerləşən,100 m torpaq sahəsinin üzərində inşa edilmiş 200 kv.m sahəsi olan iki mərtəbəli yaşayış sahəsinin 2-ci mərtəbəsinə köçürülməyi və yaşayış hüquqlarının qanuni tənzimlənməsi üçün bu hüquqlarının tanınması zəruridir. Mübahisəli yaşayış sahəsindən başqa onun digər sığınacağı yoxdur. Qeydiyyatda olduğu ev isə bir tərəfdən yararsız vəziyyətdədir, digər tərəfdən isə iş materiallarına əlavə olunmuş sənədlərdən (köhnə texpasport) göründüyü kimi, əmisinə məxsusdur və onun da öz qanuni vərəsələri olmaqla, həmin vərəsələr siyahısına iddiaçı daxil deyil.Vərəsələri o evi satsalar onun ümumiyyətlə Azərbaycan Respublikasında bir qeydiyyatda olduğu yer olmayacaq.Mübahisəli yaşayış sahəsi onun ana yurdudur. Anasının övladı olmaqla, onun vərəsəsi olaraq, onun da bir haqqı, hüququ var. Cavabdeh həyətyanı sahə ilə birlikdə ev və bütün şəraitlə təmin edilmişdir. İddiaçının da ana mirasından haqqı olacağına inanır. Digər tərəfdən, mübahisə predmeti olan tikiliyə dair cavabdehin adına heç bir hüquqi sənəd mövcud deyil və həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Hesab edir ki, cavabdehin həmin tikiliyə dair mülkiyyət hüququnun olmadığı halda, onun tərəfindən iddiaçıya qarşı edilən məhrumetmə qanunsuzdur. Bu baxımdan, hesab edir ki, məhrumedənin özünün evə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı və məhrumedilən kimi o, evə köçürülməlidir. 21.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 oktyabr 2022-ci il tarixli,2(103)-5804/2022 nömrəli qərardadı ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Anar Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. 22.Məhkəmə kollegiyası bildirmişdir ki, MPM-nin 261.0.2-ci maddəsinə görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: tərəflər eyni olduqda; predmet eyni olduqda; əsaslar eyni olduqda. 23.Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edib ki, iddiaçının hazırkı iddia tələbi zahirən (formal olaraq) yuxarıda sadalanan hallarla oxşar görünməsə da, mahiyyət etibarı ilə MPM-in istinad olunan norması ilə güdülən- hüquqi müəyyənlik, prosessual qənaət kimi məqsədlərin təsiri altına düşür. Bu mövqedən fərqli olan hər hansı əks yanaşma ədalət mühakiməsinin fundamental prinsiplərindən olan hüquqi müəyyənlik və prosessual qənaət prinsipi ilə də ziddiyyət təşkil etmiş olardı. 24.Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hazırkı tələbi eyni tərəflər arasında olan yuxarıda qeyd edilən İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun istifadə vəsahiblik hüququnun tanınması”na dair tələblə mahiyyət etibarı ilə eyni olduğundan, həmin tələbə baxıldığından, hazırkı işə ayrıca tələb kimi məhkəmədə baxılması yolverilməz olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. 25.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 261.2, 262.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 26.İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. 27.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2(102)-6433/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli,2(103)-5804/2022 saylı qərardadı ləğv edilərək, işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. 28.Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tətbiqi ilə bağlıdır. Həmin normada eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iş üzrə icraata xitam verilməsi nəzərdə tutulur. 29.MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, hazırki iddia tələbi ilə, yuxarıda qeyd olunan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2(008)-5999/2021 saylı qətnaməsi üzrə işdə iştirak etmiş tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun. 30.İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. 31.Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. 32.İşdən göründüyü kimi hazırda baxılan iddia üzrə tərəflər və iddianın əsasları, Sabunçu Rayon Məhkəməsində xx.xx.2021-ci il tarixdə baxılmış 2(008)-5999/2021 nömrəli iş üzrə mübahisənin subyektləri (tərəfləri) və əsasları ilə eynilik təşkil edir. 33.Lakin “yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” barədə tələb bundan əvvəl irəli sürülməmişdi. 34.Nəzərə alınmalıdr ki, irəli sürülmüş tələblər, bu hüququn yaranmasına əsas olan hüquqi fakt (lar) mövcud olduğu halda təmin oluna bilər. Başqa sözlə, hər bir tələbin fərqli əsasları var və əvvəlki iddiada irəli sürülmüş eyni hüquqi faktlara istinadən yeni (fərqli) tələbin irəli sürülməsi, özlüyündə icraata xitam verilməsinə səbəb olmur. Doğrudur ki, indiki tələbin həlli (iddianın təmin olunması) üçün zəruri olan faktik hallar, əvvəlki iddianın təmin olunması üçün əsas təşkil etmiş faktik hallarla oxşardır. Lakin bu hal fərqli tələblər üzrə icraata xitam verilməsinə əsas vermir. Məhkəmə bu halda iddiaya mahiyyəti üzrə baxmaqla, tərəflərin əvvəlki iş üzrə müəyyən olunmuş halları MPM-nin 82-ci maddəsinə əsasən preyudisial hal kimi qəbul edib əlavə araşdırma aparmadan nəticəyə gələ bilər. Yəni baxılan iş üzrə tərəflərin arasında olmuş mübahisədən irəli gələn prosessual qənaətin nəticəsi, hazırki iş üzrə icraata xitam verilməsində deyil, MPM-nin 82-ci maddəsinə əsasən əvvəlki işdə müəyyən olunan halların əlavə araşdırma aparmadan qəbul olunmasında ifadə olunur. 35.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsi ilə icraata xitam verilməsi üçün əsaslar yoxdur. İşə baxmış apelyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, iş üzrə icraata xitam verilməsi barədə səhv nəticəyə gəlmişdir. 36.İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat a)Məhkəmə icraatı iştirakçılarının izahatları 37.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin və iddia tələbinin təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, torpaq sahəsi 2009-cu ildə əldə edilmiş, bir yaxın müddətdə orada ev tikilmiş, iddiaçı xx.xx.2009-cu ildə Türk vətəndaşı ilə ailə quraraq, yaşamaq üçün Türkiyə Respublikasına getmişdir. İddiaçı Bakı şəhərinə gələndə mübahisəli evdə yaşamışdır. 38.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 39.Maddə 43, hissə 1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 40.Maddə 2.1.Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. 41.Maddə 11.1.Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 42.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 43.Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi (bundan sonra-köhnə məcəllə): 44.Maddə 53.İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 45.Maddə 60.İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 46.Maddə 87.Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. AzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin: 47.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 48.Maddə 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 49.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 50.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 51.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənintam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 52.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(008)-1396/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 54.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5999/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun istifadə və sahiblik hüququnun tanınması”na dair iddia tələbi rədd edilmişdir. Qeyd edilən qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçı 2009-cu il tarixindən Türkiyə Respublikasının vətandaşı ilə ailə həyatı quraraq həmin vaxtdan Türkiyə Respublikasında yaşayır.Onun qeyd edilən mübahisəli özbaşına tikilidə davamlı olaraq yaşaması öz təsdiqini tapmadığından, iddiaçının qeyd edilən özbaşına tikiliyə hüququn və qanunun anologiyasını tətbiq etməklə özbaşına tikiliyə köçürülməsinidə mümkünsüz edir. Məhkəmə tərəfindən həmin evə baxış keçirilərkən müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda 2 mərtəbəli ev tikilmişdir. Ümumi həyətə giriş eyni qapıdandır. Mərtələbələrin girişləri ayrı-ayrıdır. Yerli baxışda cavabdehin həyat yoldaşı və qohumu (xalası oğlu) da iştirak etmişdir. Mənzilin birinci mərtəbəsi başqa şəxsə kirayəyə verilmiş, ikinci mərtəbədə cavabdeh ailəsi ilə birlikdə yaşayır. Fərdi yaşayış evində iddiaçıya məxsus əmlak aşkar olunmadı. Yerli baxışda iştirak edən cavabdeh, onun həyat yoldaşı və qohumu iddiaçının heç bir zaman həmin evdə yaşamadığını, onun özünə mxsus iki məhəllə uzaqda yerləşən başqa yaşayış evinin olduğunu və həmin yaşayış evini kirayə verdiyini bildirmişlər. 55.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının köçmək istədiyi ev özbaşına tikilidir. Torpaq sahəsi iddiaçının anası tərəfindən 2009-cu ildə əldə edilmiş, orada anası və ögey qardaşı tərəfindən 2 mərtəbəli ev inşa edilmişdir. İddiaçı xx.xx.2009-cu ildə Türk vətəndaşı ilə ailə quraraq, yaşamaq üçün Türkiyə Respublikasına getmişdir. Anası xx.xx.2020-ci ildə vəfat etmişdir. Həmin ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçınınhazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.)mövcudluğunu istisna edir. Buna görə də, dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindənistifadə hüququna dair analoji norma tətbiq olunmalıdır. 56.Kollegiya qeyd edir ki, qanunun analogiyası üzrə məhkəmə düzgün olaraq köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad etmişdir. 57.“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 58.Göründüyü kimi, iddiaçının mənzillə bağlı yaşamaq hüququnun itirilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. 59.İddiaçı 24 oktyabr 2009-cu ildə ailə qurandan sonra daimi yaşamaq üçün mübahisəli evdən getdiyi üçün, onun həmin evə olan yaşamaq hüququ itirilmişdir. Sözügedən hüquq göstərilən əsaslarla yaranmış olsa belə, bu hüquq həmişəlik və ya ehtiyyat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz. 60.Kollegiya qeyd edir ki, iddiaçının qeyd olunan özbaşına tikilidə yaşamasını sübuta yetirmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Başqa sözlə, mübahisəli yaşayış sahəsinə köçürülməsini iddia edən şəxs həmin halları sübuta yetirməyə borcludur. Hazırkı halda sübutetmə yükü iddiaçının üzərinə düşür. 61.Göründüyü kimi, iddiaçı xx.xx.2009-cu ildə ailə quraraq Türkiyə Respublikasına daimi yaşamaq üçün getmiş, cavabdehlə mübahisəli evdə yaşamamış, onunla birgə təsərrüfat idarə etməmiş, qeyd olunan hallarla bağlı sübutlar təqdim etməmişdir. 62.Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. 63.Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. 64.Məhkəmə onuda qeyd etməyi zəruri hesab etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5999/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində də iddiaçının həmin ünvanda daimi olaraq yaşamadığı müəyyən edilmişdir. 65.Bundan başqa məhkəmə iddia tələbinin Bakı şəhəri, Balaxanı qəsəbəsi, X10 küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən, 100 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş 200 kv.msahəsi olan iki mərtəbəli yaşayış sahəsinin 1-ci mərtəbəsi və həyatyanı sahəsində Cavabdeh ailəsi ilə birlikdə yaşaması və həmin yaşayış sahəsinin 2-ci mərtəbəsində X5 ailəsi ilə birlikdə yaşamasına dair istifadə qaydasının müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edirki, iddiaçının iddia tələbinin birinci hissəsi təmin edilmədiyindən yəni o özbaşına tikiliyə köçürürlmədiyindən, həmin özbaşına tikilidən istifadə qaydalarıda müəyyən edilə bilməz. 66.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.10-cu bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. 67.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessua hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 68.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 69.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 70.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(008)-1396/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar