Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-575/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) X19 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsinə və fərdi yaşayış evinə köçürülmə" tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(068)-19/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 Qəzənfər oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1, anası X15 ilə xx.xx.1967-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı və xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1 Qəzənfər oğlu anadan olmuşdur. Mərhum X1na ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. X1 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra cavabdehlər atasından miras qalmış əmlaka tam yiyələnmək məqsədi ilə həmin torpaq sahəsinə və orda mövcud olan fərdi yaşayış evinə daxil olmağına imkan yaratmayaraq qeyri-qanuni surətdə həmin əmlaka sahiblik etməyə başlamışlar. Dəfələrlə cavabdehlərə həmin miras əmlakda hər birinin 1/3 hissədə payının olduğunu bildirsə də, cavabdehlər onun sözünə məhəl qoymamışlar. Bundan sonra Bakı şəhəri 26 saylı Notariat ofisinə müraciət edərək, atasından miras qalmış əmlakın vərəsəlik qaydasında qəbulu ilə bağlı ərizə ilə müraciət etmişdir. Vərəsəlik haqqında şəhadətnaməyə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X33 şəxsin 2 saylı Sumqayıt ərazi dairəsi tərəfindən ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində 1/3 hissədə payın müəyyən edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə **********99 reyestr nömrəli çıxarış vermişdir. Ona görə də, cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması məqsədi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinə dair əmlak hüquqları qeydə alınmasa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyət hüququ ilə ona məxsusdur və həmin fərdi yaşayış evinə onun mülkiyyət hüququnun olması aşkardır.
3. Cavabdeh1 Qəzənfər oğlu məhkəməyə iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı - qardaşı İddiaçı məhkəməyə yazdığı iddia ərizəsində Xızı rayonundakı torpaq sahəsinə, eləcə də həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli tikiliyə köçürülməsi tələbini irəli sürmüşdür. Bundan əlavə, iddianın əsası kimi iddiaçı ona verilmiş vərəsəlik haqqında şəhadətnaməyə əsasən 2 saylı Ərazi İdarəsindən ona verilmiş xx.xx.2024-cü il tarixli **********99 reyestr nömrəli Çıxarışı da təqdim etmişdir. Bununla əlaqədar olaraq ilk növbədə həmin Çıxarışda qeyd olunanlara nəzər yetirilməsini xahiş edir. Belə ki, qeyd olunan Çıxarışda məhz torpaq sahəsinə 1/3 hissədə payının müəyyən edilməsi üçün təqdim olunduğu göstərilmişdir. İddiaçı isə məhz torpaq sahəsinə həmin 1/3 hissədə payının müəyyən edilməsini xahiş etməli olduğu halda, torpağın üzərində olan evə köçürülməsi tələbini irəli sürmüşdür. İddia ərizəsində, xüsusilə həmin evin özbaşına tikili olduğunu tamamilə göstərməmiş, eləcə də iddiaçının hansı əsaslarla bu özbaşına tikilmiş sayılan evə köçürülməsi hüququnun olmasını hər hansı sübutlarla əsaslandırmamış, iddiaçının həmin yaşayış yerinin tikintisində nə cür xidmətlərinin olması və ya həmin ünvanda hansı müddətlərdə yaşayıb-yaşamamasını göstərməmişdir. Göründüyü kimi, MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçı tələbində istinad etdiyi faktları və halları, habelə onları təsdiq edən sübutların siyahısını göstərməlidir. Hazırki situasiyada isə iddiaçı Qanunun bu tələbinə riayət etməyərək torpaq sahəsinə əldə etdiyi hüququnu müəyyən etmədən onun üzərində tikilmiş evə köçürülməsini irəli sürmüşdür ki, bu da mülki prosessual qanunvericiliyin bu tələbinə ziddir. Digər tərəfdən, həqiqətən də həmin torpaq sahəsi 2021-ci ildə vəfat etmiş mərhum ataları Qəzənfər Məmişovdan miras payı kimi qalmış və notariusda açılmış vərəsəlik işində qeydə alınmışdır. Lakin həmin torpaq sahəsinin üzərindəki tikilinin heç bir sənədi olmadığından və həmin tikili özbaşına olduğundan notariusda miras əmlakı kimi qeydə alınmamışdır. Məlumat üçün bildirir ki, o, uzun müddət DİN-nin Daxili Qoşunlarında zabit vəzifələrində dövlətə və Vətənə xidmət etmişdir. Bunu ona görə qeyd edir ki, xidmətdə olarkən həmin torpağın üzərindəki tikilinin istər aparılması üçün müvafiq icazələrin alınmasında, istərsə də onun maddi xərclərinin çəkilməsində yaxından iştirak etmişdir (bunun üçün nağd olaraq 18000 manat maddi vəsait qoymuş, üstəlik əlavə xərclər də çəkmişdir). İddiaçı isə əksinə, bütün həyatı boyu tüfeyli həyat tərzi keçirmiş, həm özünün ailəsinə, həm də mərhum valideynlərinə daima ziyan vurmaqla məşğul olmuş, hazırki iş üzrə isə Xızı rayonunda yerləşən həmin evin inşaasında heç bir maddi və fiziki zəhməti olmamış, indiyə qədər heç oranın yolunu belə tanımamışdır. Xızı rayonunda yerləşən həmin yaşayış sahəsi bağ evi kimi istifadə olunduğundan, iddiaçının həmin evə köçürülməsinə heç bir ehtiyacı yoxdur, ikincisi isə, onun həqiqətən də həmin evin inşası üçün zəhməti olsaydı, bu evə rahat daxil olması mümkün (ən azı daxil olmaq üçün evin açarları onda) olardı. İddia predmeti olan Xızı rayonundakı 6 sot torpaq sahəsi notarial qaydada miras pay əmlakında qeydə alınsa da, onun üzərində tikilmiş 2 mərtəbəli ev özbaşına tikili olduğundan müvafiq miras pay əmlakı kimi qeydə alınmamışdır. İddiaçının isə həmin evə hər hansı payının müəyyən edilməsi də notarial qaydada müəyyən edilməmiş və müəyyən edilməsi də mümkün deyildir. Bununla da, iddiaçının Xızıda tikilmiş həmin yaşayış sahəsinə köçürülməsi tələbini irəli sürsə də, həmin həmin tikiliyə subyektiv iddia hüququnun da olmaması məlum olur. Xüsusilə qeyd edir ki, atası Qəzənfər Məmişov sağlığında Xızıdakı evin Mübarizin olduğunu qohuməqrəbanın yanında dəfələrlə bildirmişdir. Lakin, onun 2021-ci ildə vəfatı pandemiya dövrünə düşdüyündən bunu rəsmiləşdirə bilməmiş dünyasını dəyişmişdir. İddiaçı isə bundan öz çirkin məqsədləri üçün istifadə edərək Alatavadakı evdən ona və bacısına heç bir payın düşmədiyini bilərək, hazırda Xızıdakı torpağa 1/3 payının olmasından istifadə etmək niyyətindədir. Lakin yuxarıda da göstərdiyi kimi, 2 saylı Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli çıxarışından da görünür ki, bu çıxarış onun yalnız torpaq sahəsinə 1/3 hissədə payın müəyyən edilməsi ilə bağlıdır (üzərindəki tikili ilə deyil). Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
4. Şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, İddiaçı onun qaynıdır, yəni arvadı Cavabdeh2 qardaşıdır və bu məsələ barədə məlumatlıdır. Belə ki, İddiaçı hazırki mübahisə barədə düzgün qərar verməmişdir. Əvvəl bu torpaq sahəsi alınanda oranı istəmədiyini, buranın tikintisinə lazım olan pulu gedib xaricdə xərcləyə biləcəyini demişdir. Bu sözdən sonra digər qaynı Cavabdeh1 rəhmətlik atası Qəzənfərlə buradakı evi tikməyə başladılar. Əslində kişi rəhmətə getməmişdən qabaq evi Mübarizin adına sənədləşdirəcəkdi. Qəzənfər torpağı X5 alandan sonra öz adına qeydiyyatdan keçirmiş, həmin vaxt ona 6 aydan sonra torpağı başqasının adına keçirə biləcəyini demişlər. Bundan sonra isə kişi rəhmətə getmiş, ancaq kommunal xidmətlər Mübarizin adına qeydiyyata alınmışdır. Bu evin tikilməsində İddiaçı hər hansı maddi köməyi olmamış, sadəcə bir dəfə qonaqlıqda gəlib, içkili vəziyyətdə dava salıb getmişdir. Ondan sonra bura ayağı dəyməmişdir.
5. Şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, o, əvvəllər torpaq və xəritəçəkmə şöbəsində işlədiyinə görə Xızı şəhərində yerləşən torpaq sahəsinin sənədləşməsindən xəbəri vardır. Rəhmətlik Qəzənfər dayı və Mübariz tez-tez gəlib evin tikintisi ilə maraqlanırdılar. Qəzənfər kişi həmişə demişdir k, “inşallah bu evi Mübarizə verəcəm”. Ancaq rəhmətə getdiyi üçün onun adına keçirə bilməmişdir. Mübarizin mərhum atası onunla söhbətləşərkən şəhərdəki evin Şahinin, Xızıdakı evin isə Mübarizin olduğunu demişdir. Həmin evdə Mübariz və onun ailəsi yaşamış, Şahin həmin evə gəlməmiş, heç üzünü görsə də tanımazdır. Bu evə ancaq Mübariz, bacısı və onun yoldaşı Sərdar gəlibgediblər.
6. Şahid qismində ifadə verən X16 ifadəsində göstərmişdir ki, Xızı şəhərində yerləşən bu mübahisəli evin bünövrədən tikintisini o, aparmış, Şahini tanımamış, rəhmətlik Qəzənfər kişi və Mübariz ona pul vermiş, Qəzənfər kişi çox vaxt şəhərdə olduğundan, tikintiyə lazım olan materiallar bitəndə Mübarizə zəng etmiş, o da alıb gətirmişdir.
7. Şahid qismində ifadə verən X17 ifadəsində göstərmişdir ki, Xızı şəhərində yaşayır və Cavabdeh1 Qəzənfər oğlu ilə qonşudur. Bünövrədən ev tikiləndə ancaq Qəzənfər dayı və Mübarizi burda görmüş, Şahini heç vaxt görməmişdir.
8. Şahid qismində ifadə verən X18 ifadəsində göstərmişdir ki, hər iki tərəf, yəni iddiaçı və cavabdehlər onun qohumlarıdır. Belə ki, atası ilə rəhmətlik Qəzənfər kişi dayı oğlu olublar. Şahin Xızıdakı evə gəlibgetməmiş, ev tikilib başa çatandan sonra bu sözsöhbət başlanmışdır. Həmin torpaq sahəsini o, satmış, əvvəllər torpaq sahəsində ev olmamış, rəhmətlik Qəzənfər dayı və oğlu Mübariz burada evi tikmişdir. Qəzənfər dayı pandemiya dövründə rəhmətə getmiş, ona görə torpağı və evi Mübarizin adına keçirə bilməmişdir.
9. Şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehlər onun rəhmətlik əmisi Qəzənfərin uşaqlarıdır. Əmisi sağlığında həmişə deyirdi ki, Bakıdakı ev Şahinin, Xızıdakı ev isə Mübarizindir. Xızıya gələrkən də həmişə evi Mübarizə verəcəyini demişdir. Çünki, Bakıdakı ev plana düşmüş, onun pulu ilə Xızıdakı torpağı almış, Alatava qəsəbəsindəki evi isə Şahinə vermişdir.
10. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X13 arasında nikah 25 may 1967-ci il tarixdə 5 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Məmişov, arvada Məmişova soyadları verilmişdir.
11. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.1967ci ildə, İddiaçı isə xx.xx.1969- cu ildə anadan olmuşlar. Onların X1, anası X10r.
12. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X15 xx.xx.2020ci ildə, X11 isə xx.xx.2021-ci ildə vəfat etmişdir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 Qəzənfər oğluna ünvanlanmış məlumatın verilməsi ilə bağlı arayışdan görünür ki, Xızı şəhərində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xızı şəhərində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə (paylı mülkiyyət) İddiaçı, Cavabdeh1 Qəzənfər oğlu və Cavabdeh2 adına hər biri 1/3 hissə olmaqla, daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə qeydiyyata alınmışdır.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş **********99 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Xızı şəhərində yerləşən 0,06 ha torpaq sahəsi Bakı şəhəri 26 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 Qəzənfər oğlu və başqalarının adına qeydiyyata alınmışdır.
16. “Azəriqaz” İB X39 İstismarı İdarəsinin **********01280 saylı abonentin saldosundan görünür ki, Xızı şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ünvan sahibi kimi Cavabdeh1 Qəzənfər oğlunun adına qeydiyyata alınmışdır.
17. "xxxx" MMC X4 Xızı şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Xızı şəhərində (023)31-50-092 saylı telefon Cavabdeh1 Qəzənfər oğlunun adına qeydiyyata alınmışdır.
18. “X26 Xidməti” PHŞ-nın Xızı su meliorasiya sistemlərinin istismarı idarəsinin hesab fakturasından görünür ki, Xızı şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış su sayğacı ünvan sahibi kimi Cavabdeh1 Qəzənfər oğlunun adına qeydiyyata alınmışdır.
19. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bildirişindən görünür ki, Xızı şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış işıq sayğacı ünvan sahibi kimi Cavabdeh1 Qəzənfər oğlunun adına qeydiyyata alınmışdır.
20. 21.11.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
21. Xızı Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(068)-19/2025 nömrəli qətnaməsi ilə (hakim İlqar Cabbarov) İddiaçı cavabdehlər Cavabdeh1 Qəzənfər oğlu və Cavabdeh2 qarşı torpaq sahəsinə və həmin torpaq sahəsində mövcud olan fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1, 139.1, 180.1, 180.2, 213.1, 213.2 və 215.2-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
23. İddiaçı apellyasiya şikayəti verərək Xızı Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(068)-19/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Mübahisə predmeti olan fərdi yaşayış evinə dair əmlak hüquqları qeydə alınmasa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/3 hissədə mülkiyyət hüququ ona aid olduğundan və həmin fərdi yaşayış evinə 1/3 hissədə onun gözlənti mülkiyyət hüququnun olması aşkardır. Qeyd olunduğu kimi bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 135.4-cü maddəsinin tələbinə görə torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Ona görə də, hesab edir ki, birinci instansiya məhkəməsi onun iddia tələbini təmin etməməklə, onun konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnu və mülkiyyətə gözlənti hüququnu kobud şəkildə pozmuşdur. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən apellyasiya şikayətində qeyd olunan hallara hüquqi qiymət verilərək, Xızı rayon Məhkəmsinin xx.xx.2025-ci il tarixli, 2(068)-19/2025 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qət olunmalıdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Cavabdeh1 xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yuxarıda şərh olunan etiraza oxşar məzmunda yazılı etiraz verərək Xızı Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2(068)-19/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
26. İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, apellyasiya şikayətini müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
27. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflərin qarşılıqlı münasibətləri üzrə qanuni qərar qəbul etməmişdir.
32. Araşdırılan mübahisə üzrə iddiaçı torpaq sahəsinə mülkiyyət hüquq olması baxmayaraq, həmin sahəyə cavabdehlər tərəfindən buraxılmadığını, torpaq sahəsi və üzərindəki evin vahid əmlak olduğunu, həmin əmlakların atasından miras qalmaqla, onun da qeyd olunan əmlak üzərində hüquqlarının olduğunu iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
33. Cavabdeh tərəf iddiaya etiraz edərək iddiaçının Xızı rayonunda yerləşən həmin evin inşaasında heç bir maddi və fiziki zəhməti olmadığını, Xızı rayonundakı 0,06ha torpaq sahəsi miras payı olaraq qeydə alınsa da, onun üzərindəki 2 mərtəbəli ev özbaşına tikili olduğundan müvafiq miras kütləsi kimi qeydə alınmadğını, atası Qəzənfər Məmişovun hələ sağlığında Xızıdakı evin Mübarizin olduğunu bildirdiyini göstərmişdir.
34. İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərək mövqeyni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi tərəflərin bərabər paylı mülkiyyətində olsa da, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi, yəni mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş və deməli, özbaşına tikilidir. Eyni zamanda, tərəflərdən hər hansı biri mübahisəli tikiliyə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildirlər. Həmin tikiliyə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən tərəflərdən hər hansı birinin mübahisəli evə (özbaşına tikiliyə) istifadə hüququ yarana bilməz. Belə olan halda olmayan hüququn mübahisələndirilməsi istisna olunur.
35. Məhkəmə qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən tikiliyə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 Qəzənfər oğlu və Cavabdeh2 qarşı həmin torpaq sahəsində mövcud olan fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası hüquqi əsasa malik deyildir.
36. Bundan başqa, məhkəmə iddianın torpaq sahəsinə köçürülmə hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə görə torpaq sahəsi yaşayış sahəsi (ev, mənzil) olmadığından ora köçürülmə nəzərdə tutulmadığı üçün iddiaçının sözügedən paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi və ya dəyərinin ödənilməsi və ya açıq hərracdan satılması və satış pulunun paylara mütənasib bölünməsini tələb etmək hüququ olsa da, işin hallarından göründüyü kimi tərəflər arasında həmin tələblər üzrə məhkəmə çəkişmələri olmamışdır.
37. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
38. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator mübahisə predmeti olan fərdi yaşayış evinə dair əmlak hüquqları qeydə alınmasa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/3 hissədə mülkiyyətində olduğundan, həmin fərdi yaşayış evinə 1/3 hissədə onun gözlənti mülkiyyət hüququnun olduğunu, torpaq sahəsinin üzərindəki ev ilə vahid mülkiyyət obyekti olduğunu, məhkəmə tərəfindən konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnun pozulduğunu mübahisələndirmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və mövqeyini aşağıda şərh olunanlarla əsaslandırır.
40. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Xızı rayonu, Xızı şəhəri, N.Tusi küçəsi, 17A ünvanında yerləşən 0,06 ha torpaq sahəsi hər birinin payı 1/3 hissədə olmaqla tərəflərin paylı mülkiyyətindədir. Həmin torpaq sahəsi tərəflərə mərhum atalarından miras qalmışdır. Qeyd olunan torpaq sahəsində mübahisə predmeti olan yaşayış evinin mövcud olması və həmin evin tərəflərin mərhum atalarının vaxtında inşa olunması, sonuncudan miras qalması, lakin yaşayış sahəsinə dair əmlak hüquqları qeydə alınmadığından miras kütləsinə daxil olmadığı işin mübahisəsiz halıdır.
41. Kollegiya vurğulayır ki, torpaq sahəsi tərəflərin paylı mülkiyyətində olmaqla hər bir mülkiyyətçi əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verməkdə bərabər hüquqludur.
42. İşin hallarından görünür ki, cavabdehlər tərəfindən iddiaçı paylı mülkiyyətdə olan torpaq sahəsinə buraxılmır, onun öz mülkiyyətindən istifadə və sahiblik hüquqları məhdudlaşdırılmışdır.
43. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin 157.4-cü maddəyə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
44. Kollegiya həmçinin qeyd edir ki, 0,06ha torpaq sahəsinin üzərində yerləşən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmasa da, həmin ev faktiki olaraq torpaq sahəsində mövcuddur və cavabdehlər tərəfindən istifadə olunur. Belə olan halda üzərində həmin fərdi yaşayış evi yerləşən torpağa 1/3 hissədə mülkiyyət hüququ olan iddiaçı da həmin evə cavabdehlərlə bərabər eyni hüquqa malikdir.
45. Məhkəmə kollegiyasının qənaətincə cavabdehlər mübahisəli evdən normal şərtlər daxilində istifadə etdiyindən, iddiaçının da həmin şərtlər daxilində evdən istifadə etmək hüququ vardır.
46. Nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyə görə torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi sayılır.
47. Eləcə də Mülki Məcəllənin 180.3-cü maddəsinə müvafiq olaraq özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
48. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də torpaq sahələrinin üzərində olan tikililəri də ehtiva edir.
49. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır.
50. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iş üçün əhəmiyyətli olan hallar üzrə, habelə tərəflər arasında olan hüquqi münasibətləri üzrə düzgün qiymətləndirmə aparmamış, nəticədə qanuni və əsaslı məhkəmə aktı qəbul etməmişdir.
51. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xızı Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(068)-19/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xızı Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(068)-19/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul olunsun, iddia təmin olunsun. İddiaçı Xızı rayonu, Xızı şəhəri, N.Tusi küçəsi, 17A ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.