Məhkəmə qərarları › İş №2(022)-1209/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1209/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1209/2024 04.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bildirir ki, ünvan 1 ünvanında yerləşən 4 otaqdan, mətbəxdən və bir eyvandan ibarət ümumi sahəsi 119,80 kvadratmetr olmaqla fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin evə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən iddiaçıya çıxarış verilmişdir. X1 13 may 2019-cu il tarixdə vəfat etmişdir. X4 ilə iddiaçının birgə nikahlarından 4 övladları vardır. Qız övladları ailə quraraq köçmüşlər. Mülkiyətində olan evdə oğlu Cavabdeh1 ilə yaşayırdı. Oğlu Murad 2011-ci ildə ailə qurdu və onlar birlikdə yaşamağa başladılar. Cavabdehlərin 2 övladı var. Cavabdehlər oğlu Murad və onun arvadı Aysel bir müddət sonra iddiaçı ilə yola getməməyə başladılar. Evində bir hərəkət edə bilmirdi. İddiaçını aclayır və hər bir hərəkətinə irad tuturdular. Münasibətlər getdikcə kəskinləşirdi. Artıq iddiaçıya zor tətbiq etməyə və nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməyə başladılar. Onlar iddiaçının evi tərk etməyini tələb edirdilər. İddiaçı da nə üçün bütün ömrü boyu ağır zəhmər bahasına tikdiyi evindən çıxmalıdır sualını onlara verirdi. Qohumlar, bacıları, qızları bu vəziyyətdən iddiaçının vasitəsi ilə xəbər tutdular. Onlar gəlib cavabdehlərə nəsihət etdilər. Lakin heç bir xeyri olmadı daha da aqressivləşdilər. 2023-cü ilin dekabr ayı olardı yaxın qohumunun toy məclisinə getmişdi. Geri qayıtdıqda giriş darvazasının açarı qapını açmadı. Onlar qapının açarını iddiaçı evdən çıxdıqdan sonra dəyişmişdirlər. Murada zəng edib darvazanın giriş qapısının açmasını istədi. İddaçıya dedi ki, bu evdə ona yer yoxdur. İddiaçı bu vəziyyətlə bağlı qızı Aygünə zəng edərək bildirdi. Qızı da gəlib onu öz evinə apardı. Cavabdehlər iddiaçını qanunsuz olaraq mülkiyyətindən məhrum etməklə bərabər onun ən ağır formada sarsıntılar keçirməsinə səbəb olmuşlar. Artiq iddiaçının 75 yaşı var və ağır şəkər xəstəsidir. Uzun müddət Biləsuvar rayonun müxtəlif rəhbər vəzifələrdə işləyib. Sonuncu dəfə Biləsuvar rayon Kooperativlər Cəmiyyətinin sədri vəzifəsində 55 il işləyib. Rayon ictimaiyyəti arasında dərin hörməti vardır. Çünki iddiaçı işlədiyi vaxtlarda həmişə insanlara köməklik etmişdir. Övladlarının hamısına, o cümlədən də cavabdeh Murada da ali təhsil almasına köməklik etmişdir. Bir sözlə valideyn kimi övladlarının qarşısında valideynlik borcunu lazımınca yerinə yetirmişdir. Bütün valideynlər kimi iddiaçı övladlarına ömrünü həsr etmişdir. Bu zəhməti qarşısında oğlu cavabdeh Muradın və onun arvadı Ayselin iddiaçıya qarşı bu amansız hərəkətləri, onu yaşının bu vaxtlarında qapılara salmaqları iddiaçını sarsıdır və ona mənəvi əzab verir. Sonuncu dəfə yenə də qohumlar yığışdılar ki, cavabdehlərlə danışıq aparıb bu məsələni həll etsinlər. Hesab etdilər ki, o vaxtdan indiyə kimi xeyli vaxt keçib bəlkə səhvlərini başa düşərlər. Bacısı Bənövşə və onun qızı Nurlanə ilə evinə getdilər və evə daxil olmaq üçün bildirdilər ki, paltarlardan lazımdır və həmçinin evdə iddiaçının əşyalarını yığıb otağı təmizləyəcəklər. Onları bu məqsədlə evə buraxdılar. Elə təzəcə otaqda əşyalarını səliqəyə salmışdı ki, Cavabdeh2 mətbəxdə suyun alt köynəyinə tökülməsini bəhanə edərək iddiaçının bacısı qızı Nurlanə ilə davaya başladı. Məsələyə Aysel elə bir görüntü verdi ki, gün üzü tutuldu. Aysel iddiaçının üzərinə hücum edərək onu vurmağa başladı və tələb etdi ki, təcilli olaraq evi tərk etsinlər və bir daha bu tərəfə ayaq basmasınlar. İddiaçı məcburiyyət qarşısında qalaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq kömək istədi və polis gəldi onların köməkliyi ilə iddiaçı və qohumları ağır xəsarət almaq təhlükəsindən xilas oldu. Artıq iddiaçıya tam aydın oldu ki. cavabdehlər onu konkrent olaraq öz mülkiyyətinə buraxmayacaqlar. Bu vaxta kimi etdiyi ümidlər puç oldu. Odur ki, cavabdehlər Cavabdeh1 va Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmali və iddiaçı həmin evə köçürülməklə mülkiyyət hüquqları bərpa olunmalıdır. İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 va Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçının həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı onlara qarşı evdən çıxarma və evə köçürmə tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Hər şeydən əvvəl iddiaçı Cavabdeh1 doğma anası, Cavabdeh2 isə qayınanasıdır. Onlar uzun müddətdir ki, bir yerdə mehriban, səmimi yaşayırlar, onu ana kimi qəbul ediblər və çağırmışıq, iki övladımız var. Uşaqlar azyaşlı və yetkinlik yaşına çatmayandırlar, hər ikisi nənələrini çox istəyirlər. 2019-cu ildə ailənin başçısı X5 vəfat etmişdir. X6 sağlığında Minəxanım bizimlə bağlı xırda narazılığı olanda dərhal ailələrinin başçısı ona öz iradını bildirirdi, evdə özünü hegemon qayınana kimi aparmamasını, oğulu, gəlini ilə mehriban olmasını tövsiyyə edirdi. Hətta iş o həddə çatmışdı ki, ataları həmişə deyirdi, “məndən sonra bu arvad sizinlə necə rəfdar edəcək onu Allah bilir”. Analarının sərt rəftarına dözürdülər, çünki, o, şəkər xəstəsidir, ayaqları daimi ağrılı olur, ağrıya dözməyib elə hey danışır, çalışır ki, kimdə bir nöqsan taparsa bütün hirsini onun üzərinə töksün. Anaları da, onlar da ali təhsil almış adamlardırlar, evlərinə qazanc gətirirlər. Analarının onlarla daha da narazılığının əsas səbəblərdən biri o oldu ki, evləri köhnə evlərdəndir, təmirə ehtiyacı var idi. Ayselin əmək haqqı kartını analarına vermişdilər, pullarını istədiyi kimi xərcləyirdi. Ondan kartı almağa heç biri cürət edə bilməzdi. Evi təmir etmək üçün ondan kartı istədilər ki, bankdan kredit götürsünlər, böyük mübahisələr düşdü, nəhayət razı saldılar və kreditlə evi təmir etdilər, qapı, pəncərələri yenilədilər. Sonra həmin kartla bank borclarını ödəyirdilər. Bu iddiaçının acığına gəldi, çünki kartın pulu ilə (500- 700 manat) ildə 2 dəfə sanatoriyalara gedirdi, öz əmək haqqını xərcləmirdi.Tez-tez bacısıgilə gedir, onun qocalığından istifadə edib onu öyrədirdlilər. Məsələn: “gəlin bu rayondan deyil, əvvəl-axır oğlunu da aparacaq, cənub zonasındandır, sabah sən ölsən evi satı usaqlarını, ərini də götürüb çıxıb gedəcək, ər-arvad səni incidib öldürəcəklər, ondan bizə gəlinolmaz” kimi sözlər işlədirdilər. Onlar heç vaxt iddiaçını evi tərk etməsini deməyiblər və buna cəsarət edə bilməzdilər. Evlərinin sahibi, böyüyü, ağbirçəyi odur. Evin qapısının açarı xarab olmuşdu, onu təzə açarla dəyişib, açarlardan birini də ona vermiblər. Onlar hələ o dərəcədə pis tərbiyə almayıblar ki, analarını evə buraxmayaq küçədə saxlasınlar. Ancaq anaları onun-bunun sözünə qulaq asır, xüsusən cavabdehlərdən kənar yaşayan bacısının, ailəsi ilə daim narahat yaşayan öz qızı Aygünün və digərlərinin öyrətmələri ilə həm özünə, həm də cavabdehlərə əzab verir. Məqsəd cavabdehləri evdən çıxartmaq özləri evə sahib olmaqdır. Analarını aldadırlar, o, da öz bildiyi kimi cavabdehlərlə sərt rəftar edir. Bu da təbiidir. İddiaçının özünün də qeyd etdiyi kimi 75 yaşı, şəkər, yerimə məhdudiyyəti, əsəb və digər hallar ona əzab verir. İddia ərizəsində çox şişirdilmiş faktlar yazilb. İddiaçının üzərinə hūcum etmək, ona əl qaldırmaq, 102-yə zəng vurub polisin köməkliyi ilə onun ağır xəsarət almaq təhlükəsindən xilas olunması və digər fikirlər tamamilə düz deyil. Cavabdehlər yazmağa utanırlar ki, anaları yalan danışır, böhtan atır. Cavabdehlər hesab edirlər ki, bu sözlər analarının keçmisdə Rayon Partiya Komitəsində, Sovet işlərində məsul vəzifələrdə işləyərkən qazandiğı hörmətə xələl gətirər. Ona görə deyirlər ki, anaları düz demir. Onlar ailədirlər, azyaşlı və yetkinlik yaşına çatmayan olmalqa iki uşaqları var. Onların tərbiyəsi ilə bir pedaqoq kimi məşğuldular. Çalışırlar ki, uşaqların gələcəyi yaxşı olsun. Analarının əsəbi davranmasını uşaqlara “nənə xəstədir, gərək onu yola verək, onun dediklərini edək" deyə onları yumşaq mənada aldadırlar ki, daim mehribançılığı qoruyub saxlasınlar. İddia ərizəsində cavabdehlərin evdən çıxarılmaları, iddiaçının isə evə köçürülməsi göstərilmişdir. Onların evdən çıxmağları aydın oldu, lakin iddiaçının evə köçürülməsi sözünə nə ehtiyac. O, istədiyi vaxt evdə qalır. Onu heç kim qovmayıb, ev onundur, orada da yaşayır. Onlar evdən çıxarıldıqdan sonra uşaqları harada qalacaq?! bunu görəsən iddiaçı fikirləşirmi?! Əmək haqqlarını alıb sanatoriyaları gəzəndə onlar evdən çıxarılmırdı, əmək haqqı kartını ondan alıb evlərini təmir etdikdə onlar pis oğul və gəlin sayıldılar və mütləq evdən çıxarılmalıdırlar. Bu tamamilə əsassız fkirdir. Odur ki, məhkəmədən ərizənin nəzərə alınmasını, iddia əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında, iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında, iddia ərizəsinə etiraz edərək, iddia tələbini qəbul etmədiyini, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid1 izahatında, iddiaçının bacısı qızı olduğunu bildirmiş, tərəflər arasında gərgin olduğunu, Cavabdeh2 iddiaçını çox incitdiyini, onunla mütəmadi söz-söhbət saldığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid2 izahatında, iddiaçının bacısı olduğunu bildirmiş, cavabdehlərin iddiaçıya qarşı bu amansız hərəkətləri, onu yaşının bu vaxtlarında qapılara salmaqları iddiaçını sarsıtdığını qeyd etmişdir. Dəfələrlə onlar bir araya gəlib cavabdehlərlə danışıq aparıb bu məsələni həll etməyə cəhd etsələr də, nəticə olmadığını göstərmişdir. O, qızı Nurlanə ilə iddiaçının evinə gemiş və evə daxil olmaq üçün bildirdilər ki, iddiaçının paltarları lazımdır və həmçinin evdə iddiaçının əşyalarını yığıb otağı təmizləyəcəklər. Onları bu məqsədlə evə buraxdılar. Elə təzəcə otaqda əşyalarını səliqəyə salmışdı ki, Cavabdeh2 mətbəxdə suyun alt köynəyinə tökülməsini bəhanə edərək qızı Nurlanə ilə davaya başladı. Aysel iddiaçının üzərinə hücum edərək onu vurmağa başladı və tələb etdi ki, təcilli olaraq evi tərk etsinlər və bir daha bu tərəfə ayaq basmasınlar. İddiaçı məcburiyyət qarşısında qalaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq kömək istədi və polis gəldi onların köməkliyi ilə iddiaçı və qohumları ağır xəsarət almaq təhlükəsindən xilas oldu. İş materiallarına əlavə edilmiş sənədlər: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********75-10301 nömrəli 16 avqust 2024-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı, torpaq sahəsinin paylı mülkiyyətçiləri isə (1/6 hissədə) digər altı mülkiyyətçi ilə bərabər Cavabdeh1dur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 avqust 2024-cü il tarixli qərardan görünür ki,Novruzova X2 Minəxanım Haxı qızı və Şahid1 arasında 27 iyul 2024-cü il tarixdə, saat 13.37 radələrində evdə Şahid1 mətbəxtə çirkli suyu tökdüyünə görə aralarında mübahisə olmuş, lakin dava-dalaş olmamışdır. Göstərilənləri nəzərə alaraq cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işi başlanılması rədd edilmişdir. AZ-İ 740928 nömrəl nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və Əkbərova (Novruzova) Aysel Böyükağa qızı 23 dekabr 2011-ci il tarixdə nikaha daxil olmuşlar. Cavabdeh2 AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, A.B.Npvruzova ünvan 1 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə hüquqi mövqelərə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Qərarı”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı: Qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki,

1. Mübahisəli yaşayış sahəsi olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı, torpaq sahəsinin paylı mülkiyyətçiləri isə (1/6 hissədə) digər altı mülkiyyətçi ilə bərabər Cavabdeh1dur;

2. İddia ərizəsində göstərilmiş hallardan biri ki, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi əks olunsa da, cavabdehlərin məhkəməyə verdiyi etiraz ərizələrindən və şahid ifadələrindən görünür ki, İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı hər hansı fakt və ya hal mövcud deyil. Mülki iş materiallarından və məhkəmə iclasından tədqiq edilən sübutlardan da göründüyü kimi, cavabdehlər 23 dekabr 2011-ci il tarixdə nikaha daxil olmuş və cavabdeh Novruzova X3 şəhəri, Səməd Vurğun küçəsi, ev 64 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı cavabdehlərin həmin mənzildə yerləşməsinə, yaşamasına etiraz etməmiş, cavabdehlərin orada yaşamasına və əşyalarını yerləşdirməsinə, birgə təsərrüfatın idarə etməsinə şərait yaradılmış və hal-hazırda da cavabdehlər mübahisəli mənzildə yaşayır. Odur ki, məhkəmə işin hallarını araşdıraraq mübahisəsiz qaydada müəyyən etmişdir ki, İddiaçı Naxı qızı Cavabdeh1 münasibətdə anasıdır, yəni Cavabdeh1 həmin mənzildən istifadə hüququnun yaranması üçün iddiaçının ailə üzvü olaraq qalır. Digər cavabdeh isə Cavabdeh2 Cavabdeh1 arvadı, iddiaçının isə gəlinidir. Ona görə də istifadə hüququ ilə bağlı onlar arasında olan münasibətlər məhkəmə tərəfindən etibarlı ailə əlaqələrinin mövcudluğu kimi qiymətləndirilir. Belə ki, bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Belə ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, göstərilən əsaslardan çıxış edərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə,

Q Ə T E T D İ:

İddiaçı iddia ərizəsi təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar