Məhkəmə qərarları › İş №2(022)-415/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-415/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-415/2025 21.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, X9 məhkəmə-iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının” müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları: Ərizəçi ərizəsində bildirir ki, Biləsuvar rayonu, Bəydili kəndində yaşayır. X10 ilə ərarvad olmuşdur. Rəsmi nikahları 14 iyun 1985-ci ildə qeyd olunmuşdur. X5 20 yanvar 2024cü il tarixdə vəfat etmişdir və Biləsuvar rayonu, Bəydili kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu barədə Bəydili kənd icra nümayəndəliyinin arayışı vardır. Lakin, ərinin öldüyü vaxt ölüm haqqında şəhadətnamə almamışdır. Ərinin ölümü ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də imtina verilmiş və məhkəməyə müraciət olunması təklif edilmişdir. X3 ölümünü kənd icra nümayəndəliyi arayışı ilə təsdiq edir. Hazırda ərinin qəbri Biləsuvar rayonu, Bəydili kənd qəbiristanlığındadır. Ərinin ölümü ilə bağlı lazımi sənədləri başqa qaydada ala bilmir. Bu sənəd ərizəçiyə vərəsəlik işinin açılması ilə bağlı lazımdır. Ərizəçinin tələbi: 27 mart 1961-ci il tarixdə doğulmuş X6 20 yanvar 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi, iddia ərizəsinə uyğun izahat verərək, X3 20 yanvar 2024-cü il tarixdə öldüyünü, həmin vaxtı müəyyən səbəblərdən vaxtında Qeydiyyat Şöbəsində ölümün qeydə alınması mümkün olunmadığını, nlakin sonrada müraciət edərkən cavab olaraq ölümün qeydə alınmasından imtina edildiyini bildirildi və ərizənin təmin olunmasını məhkəmədən xahiş edildi. Məhkəmənin 26 fevral 2025-ci il tarixli hazırlıq iclasında Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının” müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid1 bildirmişdir ki, X10 onun qonşusu olub. 2024-cü ilin yanvar ayının 19-da işdə olan vaxt səhhəti pisləşmiş və təcili olaraq “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası”na aparılmışdır. Mərhum xəstəxanaya çatdırılarkən onun vəfat etdiyi məlum olmuşdur. X10 20 yanvar 2024-cü il tarixdə dəfn edilmişdir. Şahid2 bildirmişdir ki, X10 onun həmkəndlisi olub. 2024-cü ilin yanvar ayının 19-da səhhəti pisləşmiş və təcili olaraq “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası”na aparılmış və onun vəfat etdiyi məlum olmuşdur. X10 20 yanvar 2024-cü il tarixdə dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İİİ-ЖГ seriyalı 416704 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 Əzizgül Soltan qızı ilə 14 iyun 1985-ci il tarixdə nikaha daxil olmuş və bu fakt 76 nömrəli akt qeydi ilə təsdiq olunmuşdur. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli, 5-39-2/2-47-2025 saylı arayışından görünür ki, Ərizəçi əri X2 rayon Bəydili kənd qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 22 yanvar 2025-ci il tarixli, 3-16-5/8-15-N- 33/2025 saylı məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının qeyd edilməsi və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparıldığı bildirilmiş, bu səbəbdən ölüm faktının qeyd edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi təklif edilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, X2 rayon Bəydili kənd qəbristanlığında dəfn olunmuş və məzar daşı əks olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin 30 aprel 2025-ci il tarixli, 18- 1-30/2-206/2025 saylı məktubundan görünür ki, X10 19 yanvar 2024-cü il tarixində “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili yardım şöbəsinə “Meyit” halında daxil olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının: 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir; 9.4-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşə baxan məhkəmənin mövqeyi: Ərizəçi, şahidlərin məhkəmə iclasındakı izahatları və mülki iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olundu ki, Ərizəçi əri (mərhumun Ərizəçi əri olması İİİ-ЖГ seriyalı 416704 nömrəli nikah haqqında şəhadətnamə ilə təsdiq edilir) X10 20 yanvar 2024cü il tarixdə Biləsuvar rayon Bəydili kənd qəbiristanlığında dəfn edilmişdir, lakin Ərizəçi X6 ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 27 mart 1961-ci il təvəllüdlü X6 20 yanvar 2024-cü il tarixdə Biləsuvar rayon Bəydili kəndində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, 27 mart 1961-ci il təvəllüdlü X6 20 yanvar 2024-cü il tarixdə Biləsuvar rayon Bəydili kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizədə dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 27 mart 1961-ci il təvəllüdlü X6 20 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar