Məhkəmə qərarları › İş №2(022)-550/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-550/2025

20.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-550/2025 20.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “şəxsin ölüm faktının qeydə alınması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəx Maraqlı şəxs cəlb edilməklə) “şəxsin ölüm faktının qeydə alınması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə X1 birgə nikahından 24 noyabr 1992ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur. X2 05 aprel 2002-ci il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində onlara məxsus fərdi yaşayış evində vəfat etmişdir. Hadisə yerinə təcili tibbi yardım çağırılmış, lakin həkimlərin gəlməsinə baxmayaraq dünyasını dəyişmişdir. Lakin, həkim tərəfindən oğlunun ölməsi barədə ona sənəd verilməmiş və bu səbəbdən oğlunun ölüm faktını təsdiq etdirə bilmir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, müvafiq sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarınin əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktlari təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli Qərarının: 1.6-cı bəndinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır; 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər; 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məblğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “şəxsin ölüm faktının qeydə alınması” barədə ərizəsi və ona əlavə olunmuç sənədlər aşağıdakı səbəblərdən geri qaytartılmalıdır:

1. Ərizədə lazımi sənədləri ərizəçinin ala bilməməsini təsdiq edən sübutlar göstərilməmiş və həmin sübutlar ərizəyə əlavə edilməmişdir;

2. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməmişdir;

3. Ərizəçi tərəfindən ölümün qeydinin əldə edilməsindən imtina edilməsini təsdiq edən hər hansı sənəd (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ:

Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “şəxsin ölüm faktının qeydə alınması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizə verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar