Məhkəmə qərarları › İş №2(022)-622/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-622/2025

02.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-622/2025 02.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X9 məhkəmə-iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının” müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları: Ərizəçi ərizəsində bildirir ki, o, ünvan 1 ünvanında yaşayır. Valideynlərindən X4 vəfat etmiş, anası X2 isə yaşlı olmaqla yataq xəstəsidir. Mərhum bacısı X11 da 22 mart 1967-ci il tarixdə Biləsuvar şəhərində doğulmuş, lakin sonradan beyin nahiyyəsində əmələ gəlmiş xərçəng xəstəliyindən 05 iyul 2021-ci il tarixdə vəfat etmiş və Biləsuvar şəhər məzarlığında dəfn edilmişdir. Lakin həmin vaxt başları yas mərasiminə qarışıq olduğu üçün, mərhum bacısının ölüm akt qeydinin aparılması üçün müvafiq orqana müraciət etməmiş və bu səbəbdən də mərhumun ölüm akt qeydi aparılmamışdır. Hazırda bəzi sənədləşmələrin aparılması üçün mərhum bacısı Nobar Abasovanın ölümünü təsdiq edən ölüm haqqında şəhadətnaməsinin alınmasına ehtiyac vardır. O, bununla əlaqədar Cavabdehnə müraciət etmiş, lakin qeydiyyat şöbəsində ona demişlər ki, vaxtında qeydiyyat şöbəsinə müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılması mümkün deyildir. Mərhum bacısı Nobar Abasovanın ölümünü həmin vaxt yas mərasimində iştirak edən şahidlər də təsdiq edə bilərlər deyə Ərizəçi qeyd etmişdir. Ərizəçinin tələbi: 22 mart 1967-ci il tarixdə doğulmuş X8 05 iyul 2021-ci tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Ərizəçi, ərizədə göstərilən xüsusatlar üzrə izahat verərək, bacısı X8 05 iyul 2021-ci tarixdə öldüyünü, həmin vaxtı müəyyən səbəblərdən vaxtında qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olunmadığını, lakin, sonrada müraciət edərkən cavab olaraq ölümün qeydə alınmasından imtina edildiyini bildirildi və ərizənin təmin olunmasını məhkəmədən xahiş edildi. Maraqlı şəxs Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X5 izahatında bildirdi ki, X11 onun bacısıdır. Bacısı rəhmətə gedən vaxtı o, evdə olmuşdur. Bacısın baş nahiyəsində yaranan xərçəng xəstəliyi il əlaqədar rəhmətə getdiyini və Biləsuvar şəhər qəbiristanlığında dəfn edildiyini bildirdi. X3 izahatında bildirdi ki, X11 onun əmisi qızıdır. Əmisi qızının rəhmətə getdiyini ona arvadı xəbər vermişdir. Əmisi qızının yas mərasiminin ata evində keçirildiyini və Biləsuvar şəhər qəbiristanlığında dəfn edildiyini bildirdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli, 5-39-1/2-4415/2024 saylı arayışından görünür ki, ərizəçi Abasov X7 şəhəri, Xqani küçəsi, ev 16 ünvanında yaşayır. Cavabdeh tərəfindən Ərizəçi verilmiş 19 noyabr 2024-cü il tarixli, 3-16-5/8-15-A- 487/2024 saylı məktubdan görünür ki, ölüm faktını təsdiq edən sənədlər təqdim edilmədiyi üçün 22 mart 1967-ci il tarixdə Biləsuvar şəhərində doğulmuş X8 ölümünün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. A3 seriyalı 133267 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, mərhum X11 22 mart 1967-ci il tarixdə Biləsuvar şəhərində doğulmuşdur. X4, anası X1r. Vİ-ЖГ seriyalı 168745 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi 19 fevral 1980-cı il tarixdə Biləsuvar şəhərində doğulmuşdur. X4, anası X1r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının: 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir; 9.4-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşə baxan məhkəmənin mövqeyi: Ərizəçi, şahidlərin məhkəmə iclasındakı izahatları və mülki iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olundu ki, Ərizəçi bacısı (mərhumun Ərizəçi bacısı olması A3 seriyalı ******* nömrəli “doğum haqqında şəhadətnamə”nin surəti ilə təsdiq edilir) X14 05 iyul 2021-ci tarixdə Biləsuvar şəhər qəbiristanlığında dəfn edilmişdir, lakin Ərizəçi X8 ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 22 mart 1967-ci il təvəllüdlü X8 05 iyul 2021-ci tarixdə Biləsuvar şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, 22 mart 1967-ci il təvəllüdlü X8 05 iyul 2021-ci tarixdə Biləsuvar şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizədə dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 22 mart 1967-ci il təvəllüdlü X8 05 iyul 2021-ci tarixdə Biləsuvar şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar