Məhkəmə qərarları › İş №2(022)-888/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-888/2024

09.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-888/2024 09.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 cehiz əmlak və yaxud əmlakların dəyəri tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı ilə Cavabdeh1 ilə aralarında olan nikaha Biləsuvar Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qənaməsi ilə xitam verilmişdir. Hazırda tərəflər ayrılsalar da onun nikaha daxil olarkən cehiz əşyaları hələ də cavabdehlərin evindədir. İddiaçı dəfələrlə cehiz əşyalarının qaytarılmasını istəsə də onlar qaytarmaqdan imtina etmişdirlər. İddiaçının tələbi: Cavabdehlərdən iddiaçıya məxsus olan və hazıradək cavabdehlərin evində olan cehiz əşyalarının (divar mebeli (450 manat), termo (250 manat), 6 ədəd stol (72 manat), onların çexolu (35 manat), stol (150 manat), taxt (220 manat), “Star” markalı televizor (160 manat), televizor altlığı (150 manat), şefoner (200 manat), sandıq (50 manat), xalça (150 manat), 3 ədəd odeyal (150 manat), taxt döşəyi (60 manat), taxt yorğanı (50 manat), 2 pərdə (120 manat), 2 pərdə (40 manat), 2 ədəd çexol dəsti (70 manat), qab dəsti (50 manat), vaz (20 manat), qənd qabı 2 ədəd (20 manat), rumka dəsti (20 manat), qaşıq dəsti (15 manat), stəkan (120 manat), xrustal nəlbəki, 1 ədəd qazan (30 manat), qəfədan (20 manat), çaydan (15 manat), 2 ədəd vaz (20 manat), ləpə qabı (10 manat)) iddiaçıya qaytarılmas barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərin iddiaya münasibəti: Cavabdehlər Cavabdeh1 və X3 tərəfindən İddiaçı tərəfindən irəli sürülən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən xüsusatlar üzrə izahat verərək iddia tələblərin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 09 sentyabr 2024-cü il tarixdə məhkəməyə teleqramla müraciət edərək bir anlıq əsəbindən dolayı aqressiv davrandığı üçün İddiaçı və qızı Dadaşzad Türkandan üzr istədiyini bildirmişdir. Cavabdeh X3 məhkəmənin 14 avqust 2024-cü il tarixli iclasında iştirak edərək bildirmişdir ki, İddiaçı onun gəlini olmuşdur. İddia ərizəsində göstərdiyi bəzi cehiz əşyaları hələ də iddiaçının əvvəllər yaşadığı, cavabdehlərin isə hazırda da yaşadığı evdədir. Digər əşyaları isə iddiaçıya göndərsələr də iddiaçı onların sınıq olduğunu bildirib qaytarmışdır. Bu səbəbdən iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmənin 09 oktyabr 2024-cü il tarixli iclası barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq iştirak etməmişdirlər. Belə ki, iddiaçı iddia tələblərini müdafiə etdiyini bildirərək, səhhəti ilə əlaqədar üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi ilə bağlı əvvəlcədən məhkəməyə telefon vasitəsilə bildirərək işə onun iştirakı olmadan baxılması və irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə iddiaçının bütün mümkün subutları təqdim etdiyini və əvvəlki məhkəmə iclaslarında iştirakı zamanı lazımi izahatları verdiyini nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığını və gəlməmənin səbəblərini üzürsüz hesab etdiyi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(022)-108/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış 04 noyabr 2011-ci il tarixli nikah pozulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır; 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən əsaslıolduğundan, qismən təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi) Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, irəli sürülmüş iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci və Ailə Məcəlləsinin 34-cü maddəsi təşkil edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər 04 noyabr 2011-ci il tarixdə nikaha daxil olmuş, Biləsuvar Rayon Məhkəməsində 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə həmin nikaha xitam verilmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehlər iddianın predmeti və iddiaçının tələbləri barədə məlumatlı olmuş, lakin iddiaya dair hər hansı etirazını və ya digər mülahizəsini məhkəməyə bildirməmişdirlər. Məhkəmə hesab edir ki, iddia edilən daşınar əşyaların cavabdehlərdə olmasının əksi məhkəmə araşdırılması zamanı sübuta yetirilmədiyindən, əksinə iddiaçı tərəfindən iddiası tam sübuta yetirildiyindən, iddia tələbi təmin edilərək, iddiaçıya məxsus iddia ərizəsində qeyd edilmiş cehiz əmlaklar cavabdehlər Cavabdeh1 və X1 alınaraq, iddiaçıya verilməlidir. İddia ərizəsində göstərilmişdir ki, cavabdehlərin qaytara bilmədikləri təqdirdə tələb olunan əşyaların dəyərinin ödənilməsi cavabdehlərin üzərinə öhdəlik olaraq qoyulmalıdır. Tələbin əşyaların dəyərinin qaytarılması hissəsində məhkəmə bildirir ki, müvafiq dəyərləndirmənin mütəxəssis tərəfindən aparılması üçün həmin əmlakların fərdi xüsusiyyətlərinə dair müvafiq sənədlər məhkəməyə iddiaçı tərəfindən təqdim edilməsi zəruridir. Buna baxmayaraq iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamış və nəticədə iddia edilən əşyaların qiymətləndirilməsi mümkün olmamışdır. Belə ki, yuxarlda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin göstərilən normasının tələblərinə zidd olaraq iddia edilən əşyaların qiymətləndirilməsinin təmin edilməsi məqsədilə onların fərdi xüsusiyyətlərini və xassələrini müəyyən edən hər hansısa bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində puldan 30 manatı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 iddiaçıya məxsus olan cehiz əşyaları - divar mebeli, termo, 6 ədəd stol, onların çexolu, stol, taxt, “Star” markalı televizor, televizor altlığı, şefoner, sandıq, xalça, 3 ədəd odeyal, taxt döşəyi, taxt yorğanı, 4 pərdə, 2 pərdə, 2 ədəd çexol dəsti, qab dəsti, vaz, qənd qabı 2 ədəd, rumka dəsti, qaşıq dəsti, stəkan, xrustal nəlbəki, 1 ədəd qazan, qəfədan, çaydan, 2 ədəd vaz, ləpə qabı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X1 tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar