Məhkəmə qərarları › İş №2(022)-896/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-896/2024

10.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-896/2024 10.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs X4) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi icraat üzrə tələbin mahiyyəti: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Lənkəran şəhəri 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə ailə qurmuş, nikah 24 avqust 2019-ci il tarixdə dövlət qeydiyyata alınmışdır. Birgə nikahdan iki övladları doğulmuşdur. Onlardan biri – X5 xx.xx.2017-ci il, digəri – X2 xx.xx.2022-ci il təvəllüdlüdür. Artıq iki ildir ki onlar faktiki ayrılıblar. Ər-arvad kimi heç bir əlaqə və münasibətləri yoxdur. Hal-hazırda ərizəçinin iki azyaşlı övladı ananın himayəsində qalmışdır. Nikah formal xarakter daşıyır. Bunun üçün də ilkin prosedur kimi ərizəçi Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya prosesində tərəflər ortaq fikrə gələrək uşaqların ananın yanında saxlanılması barədə razılığ əldə etmişdirlər. Bununla bağlı tərəflər 08 fevral 2024-cü il tarixdə Mediasiya Təşkilatında öz aralarında barışıq sazişi bağlamışdır. Qeyd edilənləri nəzərə alaraq ərizəçi barışıq sazişinin təsdiq olunmasını istəyir. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təsdiq edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin məzmununa uyğun izahat verərək ərizənin təsdiq edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən: Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək 24 avqust 2019-cu il tarixində qeydə alınan nikahı pozulmasına razı olmadılar. “Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi 2-ci tərəf Maraqlı şəxs yanında saxlanılmasına razılaşdılar. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəfin izahını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişi uşaqların ananın yanında qalması hissəsində qanunazidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qismən – yəni, sazişdə yuxarıda qeyd olunan ikinci bənd üzrə təsdiq edilməlidir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikah müqaviləsinə xitam verilməsinə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi kimi baxılması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə tərəflərə izah edir ki, sözügedən sazişin 1-ci bəndində qeyd olunan nikaha xitam verilməsi tələbi üzrə tərəflər aralarında bağlanmış nikah münasibətlərinə qarşılıqlı razılıqları olduğu halda müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhəri) qeydiyyat şöbələri) və ya məhkəmə qaydasında xitam verə bilərlər. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsdən məhkəməyə müraciət üçün çəkdiyi xərcləri tələb etmədiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119,216-220, 227, 233, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı bəndlərdə təsdiq edilsin. “Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi 2-ci tərəf Maraqlı şəxs yanında saxlanılmasına razılaşdılar.” Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar