Məhkəmə qərarları › İş №2(023)-1163/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1163/2024

09.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1163/2024 09.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «vurulmuş zərərin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin X1rşı iddiaçıya həbsdə qaldığı müddət ərzində maddi zərərə görə 150.000 manat, mənəvi və fiziki zərərə görə 200.000 manat məbləğində pulun Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı, izahatında iddianı müdafiə edərək, göstərdi ki, 0, 19 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 21 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdən Qazax Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qəjimkan tədbiri seçilmişdir. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməyimə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs İddiaçı narkotk vasitələrin aludəçisi olduğundan, eləcə də narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, barəmdə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclası zalından həbsdən azad edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 1(100)-93/2023 hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimlkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilmiş, İddiaçı Azərbaycan Respublikası CPM-nin 56.0.1 -ci və 62.1-ci maddələrinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun olması, cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilməsi hökm edilmişdir.Bundan sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 1(100)-93/2023 saylı hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2023-cü il tarixli 1(104)- 381/2023 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 1(100)-93/2023 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2023-cü il tarixli 1(104)-381 /2023 saylı qərarı dövlət ittihamçısı kassasiya protesti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli 1(102)-1093/2024 saylı qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2023-cü il tarixli 1(104)-381/2023 il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır.Məhkəmələrin çıxardıqları hökm və qərarlar tam əsaslı və qanuni olmuşdur.Göründüyü kimi cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda maddi, mənəvi, psixoloji və fiziki zərər dəymişdir. Cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində onun hüquqları pozulmuş, əsassız yerə cinayət təqibinə və həbs qətimkan tədbirinə məruz qalıb. Həmçinin təcridxanada olduğu müddətdə havasızlıqdan və rütubətdən öd kisəsi, böyrəkləri və ağ ciyəri zədələnmişdir. O, şübhəli şəxs qismində tutulduğu vaxtı Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsi imiş. Cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ilk növbədə o, təhsilindən, azadlığından və səhhətindən məhrum olunub. Belə ki, təhsili yarımçıq qalmış, iki il təhsildən geri düşmüş, fiziki işgəncələr gördüyündən və təcridxanada saxlanıldığından səhhətində məhrum olunub. Belə ki, təhsili yarımçıq qalmış, iki il təhsildən geri düşmüş , fiziki işgəncələr gördüyündən və təcridxanada saxlanıldığından səhhətində bir çox problemlər yaranmışdır. Bundan əlavə o, Qazax rayon Polis əməkdaşları tərəfindən saxlanılarkən “X2 Mərkəzi” MMC və “Kəpəz " X3 Şirkəti” tərəfindən “Youtube” platformasında, tik-tok və “İnstagram” sosial şəbəkələrində isə “Ağ ölümə son” adlanan səhifədə onu narkotik vasitələrin satışı ilə məşğul olması barədə video xəbərlər yayılmış və həmin videolara ümumilikdə 100.000dən çox insan baxmış, barəsində şərhlərdə isə söyüş və təhqirlər yazılmışdır, (həmin video diski iş materiallarına əlavə edirəm). Onun, Qazax rayon Polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixoloji şiddətlərə məruz qalmağı ekspert rəyində və məhkəmə hökmündə öz təsdiqini tapmışdır. Barəsində sosial şəbəkələrdə və televiziya kanallarında yayılmış yalan məlumatlara görə o, nə xeyir, nədə ki, şər məclislərində utandığından iştirak edə bilməmişdir. Bundan əlavə onu tanıyan bir çox insan, yaxınları, dostları, qohumları, qonşuları və tələbə yoldaşlarım ondan qaçır və onunla ünsiyyətə girmirlər. O, cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində 11 ay 3 gün müddətində Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılıb. Barəsində sosial şəbəkələrdə və televiziyada yayılmış yalan məlumatlara görə onu tanıyanlar insanlar ondan qaçırlar. Göründüyü kimi ona xeyli miqdar maddi, mənəvi, fiziki və psixoloji ziyan dəymişdir. Bunun nəticəsində mənəvi sarsıntı keçirmiş, xəstəlik tapmış, işgüzar nüfuzuma xələl gəlmişdir. Cinayət prosesini həyata keçirən orqanın qanunsuz, hərəkətləri və Qazax rayon Polis şöbəsinin əməkdaşlarının onu döyməsi nəticəsində təcridxanada qanunsuz cəza çəkdiyi üçün səhhətinə ciddi ziyanlar dəymişdir. O, Gəncə Dövlət Universitetində tələbə, olduğu müddətdə günortadan sonra küçə ticarəti ilə məşqul olurmuş. Təcridxanadan olduğu müddətdə gəlirindən məhrum olmuşdur və hər hansı bir işlə məşğul olmaq üçün əlində hər hansı bir vəsait qalmamışdır. Hal-hazırda tələbə olduğu Gəncə Dövlət Universitetimə həbsdə qaldığı üçün kəsirləri yaranmış və illik təhsil haqqı olan 2.200 (iki min iki yüz) manat borcu vardır. Bundan əlavə keçirdiyi mənəvi sarsırtılar ucbatından hal-hazırda öz işini qura bilmir. Xüsusi qeyd etmək istəyir ki, həbsdə olduğu müddətdə mənəvi sarsıntı keçirmişdir, xəstəliyə tutulub və depresiyaya düşüb. O, hazırda anası ilə birlikdə yaşayır. Anası isə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində aşpaz köməkçisi işləyir. Aylıq 400 manat maaş alır. Özü hal-hazırda məlum olan məsələlərə görə utandığından və səhhətində olan problemlərə görə heç bir yerdə işləmir. O, tutulduğu müddətdə ailəsi çox çətin şəraitdə maddi ehtiyac içərisində yaşamağa məcbur olub. Hər bir insanın öz ailəsi ilə qovuşmaq hüququ olsa da, o, bu hüquqdan cinayət prosesini həyata keçirin orqanın qanunsuz hərəkətləri nəticəsində istifadə edə bilməyib. Bəraət hökmünün olmasına baxmayaraq dost, tanış, tələbə yoldaşları, qohumlar və alver etdiyi insanlar ondan uzaqlaşıblar. Eyni zamanda həbsdə olmağı onu tanıyanlar ona münasibətini dəyişmiş və ona qarşı mənfi rəy formalaşdırmışdır. Yaxın ətrafındakı şəxslərin ona olan inam və etibarı şübhə altına düşmüşdür. Belə ki, hər birinin təsəvüründə o, “Cinayətkar” və narkotik alverçisi kimi canlanır. Son nəticədə təqsirsizliyini sübut edərək bəraət alsa da, uzun müddət ərzində yaddaşından heç vaxt silinməyəcək əsassız bir həbs həyatı yaşamışdır. Bütün bunlar onun xəstəlik, ağır mənəvi sıxıntı və sarsıntılar keçirməyinə səbəb olmuşdur. Halbuki, hər bir insanın azadlığı və sağlamlığı heç bir dəyərlə ölçülə bilməz. Sonda İddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir faktı mövcud deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə nümayəndəsi Qazax rayonu üzrə Maliyyə Şöbəsinin rəisi Nümayəndə iddianın qanuni həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-93/2023 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bəraət verilmiş, İddiaçı Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 56- 59-cu maddəsinə əsasən İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi hüququ və qaydası izah edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(104)-381/2023 nömrəli qərarından görünür ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-93/2023 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(102)- 1093/2024 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(104)-381/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, müki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax şəhəri, Bakı küçəsində yerləşən 1A nömrəli çoxmənzilli yaşayış binasının qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və 19 may 2022-ci il saat 23:45-dən 20 may 2022-ci il saat 01:20-dək olan müddət ərzində İddiaçı üzərində şəxsi axtarış aparaılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən yuxarıda narkotik vasitə aşkar olaraq götürülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)- 93/2023 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinə əsasən bəraət verilmiş, İddiaçı Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddəsinə əsasən İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi hüququ və qaydası izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(104)-381/2023 nömrəli qərarından görünür ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-93/2023 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(102)-1093/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(104)-13/2023 nömrəli qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.İddiaçı saxlanıldığı xx.xx.2022-ci il tarixdən məhkəmə iclas zalında həbsdən azad edildiyi xx.xx.2023-cü il tarixədək ötən 11 ay 01 gün müddətində azadlıq hüququ məhdudlaşdırılmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu isə Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır... Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır». Mülki Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır (maddə 1096). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir (maddə 1101.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir (maddə 57.1). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir (maddə 58.1, 58.2). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63). «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: ...5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması... nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir (maddə 1). Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır (maddə 4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq olunmuş və müəyyən edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, barəsində tutma tətbiq olunduğu xx.xx.2022-ci il tarixdən məhkəmə iclas zalında həbsdən azad edildiyi xx.xx.2023-cü il tarixədək ötən 11 ay 01 gün müddətində İddiaçı azadlıq hüququnun məhdudlaşdırılması Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(104)-381/2023 nömrəli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(102)- 1093/2024 nömrəli qərarı ilə təsdiq edilir. Lakin mənəvi zərərin iddia edilən 200.000 manat məbləğinə dair hissədə təmin edilməsi mümkün deyildir, iddianın bu hissəsinin qismən, təmin olunması ədalətlidir. Belə ki, iddiaçının 11 (on bir) ay 01 (bir) gün həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stresslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Digər tərəfdən İddiaçı azadlıq hüququnun məhdudlaşdırıldığı müddət ərzində maddi zərər, yəni əldən çıxmış fayda qismində 150.000 manat məbləğində pul vəsaitinin ona ödənilməsini tələb etsə də, azadlıq hüququ məhdudlaşdırılmadığı təqdirdə həqiqətən də həmin məbləğdə qazanc əldə edəcəyinə və ya ona həmin məbləğdə maddi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Lakin «Elektron məhkəmə» informasiya sistemi və digər məlumat resursları vasitəsi ilə aparılmış axtarışla İddiaçı vergi ödəyicisi olmadığı müəyyən edilmişdir. Qeyd olunan xüsusatları digər sübutların məcmusu ilə birlikdə tədqiq edərək, məhkəmə hesab edir ki, həmin şahid ifadəsi işin həqiqi hallarının müəyyənləşdirilməsində sübut əhəmiyyətinə malik deyildir. Bununla yanaşı qeyd olunduğu kimi İddiaçı azadlıq hüququnun məhdudlaşdırılmasınadək hər hansı qazanca malik olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, şəxs azadlıq hüququnun məhdudlaşdırılması nəticəsində mənəvi zərərə məruz qalmasını sübuta yetirmək vəzifəsindən azad hesab edilsə də, maddi zərərə məruz qalmasını və həmin maddi zərərin məbləğini iddiaçı qismində sübutetmə vəzifəsi daşıyır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi isə həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək azadlıq hüququnun məhdudlaşdırıldığı 11 (on bir) ay 01 (bir) gün müddətində vurulmuş mənəvi zərərin əvəzi qismində 11033,33 (on bir min otuz üç manat, otuz üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək azadlıq hüququnun məhdudlaşdırıldığı 11 (on bir) ay 01 (bir) gün müddətində vurulmuş mənəvi zərərin əvəzi qismində 11033,33 (on bir min otuz üç manat, otuz üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar