Məhkəmə qərarları › İş №2(023)-358/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-358/2023

28.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-358/2023 28.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi Kəlayeva Səxavət Hünbət qızının, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Fəxrəddin oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “əmlak” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər birinin payına düşən 19 baş qoyun və 3 keçi olmaqla, ümumilikdə 57 qoyun və 9 keçinin, onlar olmadığı halda ümumilikdə dəyəri olan 19.800 manat pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, 2021-ci ilin iyul ayına kimi onlar oğlu Cavabdehlə bir yerdə yaşamışlar. Onların ailəsinə məxsus 76 baş qoyun və 12 baş keçisi olmuşdur və həmin heyvanları Ceyrançöl deyilən yerdə saxlamışlar. Bir müddət sonra kəndə qayıtmışlar, həmin vaxtda heyvanları Elxan və Orxan birlikdə kəndin kənarında kənd sakininə məxsus yataqda saxlamışlar. Bir il orada qaldıqdan sonra Xanlar adlı kənd sakininin yatağına getmişlər və Elxan hazırda oradadır. Orxan 2022-ci ilin yanvar ayında yataqdan ayrılaraq başqa işlə məşğul olmağa getmişdir. Hazırda Elxan nə onların payına düşən heyvanları, nə də həmin heyvanların artımını onlara vermir. Ümumilikdə 88 baş xırdabuynuzlu heyvan onları arasında bölünərək, hər birinə 19 baş qoyun və 3 baş keçi verilməlidir. Elxan onların payına düşən heyvanları istədiyi kimi satıb talan edir. Bir qoyunun və keçinin bazar qiyməti 300 manat təşkil edir. Bununla bağlı onlar Mediasiya şurasına müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı3 iddianı müdafiə еdərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı1 onun həyat yoldaşı, İddiaçı2 və Cavabdeh onun oğlanlarıdır. Onlar ailə olaraq 11 il Şahismayıl adlı şəxsin yatağında işləmişlər və orada özlərinə də heyvan saxlarmışlar, onların 17 baş iribuynuzlu və 60 baş xırdabuynuzlu heyvanı olmuşdur. X12 kəndinə qayıtdıqda həmin heyvanları özləri ilə gətirmiş, daha sonra qoyunları sataraq ekskovator almışlar. Onların 17 baş inəyi qalmış, sonradan onu da satıb xırdabuynuzlu heyvanlar almışlar. Oğlu Elxan ailə qurduqdan sonra onun həyat yoldaşı ilə aralarında narazılıq olduğuna görə Elxan onlardan ailəsi ilə birlikdə ayrılmışdır. Həmin vaxt xırda buynuzlu heyvanlar onun özündə qalmışdır. Sonradan Elxan onun yanına qayıtmışdır. Elxan Xanlar adlı şəxsin yatağında çobanlıq etməyə getmişdir. Həmin vaxt o heyvanları satmaq istəmişdir. Lakin oğlu Elxan heyvanları satmamasını, özünün aparıb saxlayacağını və onlara da kömək edəcəyini bildirmişdir. İddia ərizəsində qeyd etdikləri heyvanların Elxana təhvil vermələri barədə hər hansı sübutu yoxdur. Elxan səfərbərliyə gedən vaxt oğlu Orxan onun əvəzinə işləmişdir. Hazırda həyat yoldaşı Eldarın səhhətində problemləri var, onlara pul lazımdır, cavabdehdən qeyd olunan heyvanlardan onların payına düşən hissəni tələb etmiş olsalar da, sonuncu onlara məxsus heyvanları qaytarmaqdan imtina edir. Suallara cavab olaraq isə bildirmişdir ki, sübut növü kimi məhkəməyə təqdim etdiyi 13 yanvar 2023cü il tarixli aktda adı qeyd olunan X1 şahid qismində məhkəməyə gəlməsini xahiş etsə də, o, məhkəməyə gəlmək istəməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddianı etiraf etməyərək verdiyi izahatında göstərdi ki, iddiaçıların iddia etdiyi heyvanlar cavabdehdə yoxdur, iddiaçılar cavabdehə saxlamaq üçün heyvan verməmişlər. İddiaçının iddia etdiyi heyvanların cavabdehə təhvil verilməsi barədə hər hansı mötəbər sübut mövcud deyil. Eyni zamanda Qazax RİHB-nin Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin və Qazax rayon Dövlət Arxivinin verdiyi arayışlardan da görünür ki, Yuxarı Salahlı kənd sakini İddiaçı1 və İddiaçı3 birgə təsərrüfatda mövcud olduqları Yuxarı Salahlı kənd təsərrüfatbaşı kitabda 2010-2023-cü illər ərzində ümumiyyətlə heç bir heyvan qeydə alınmamışdır. Cavabdeh 2013-cü ildə ailə qurmuşdur. İddiaçıların cavabdehin həyat yoldaşı ilə aralarında narazılıq olduğuna görə hazırkı iddianı qərəzli olaraq vermişlər. Cavabdeh özü bir neçə dəfə Bankdan kredit götürərək ailəsini dolandırmaq üçün xırdabuynuzlu heyvanlar almışdır. Bu barədə sübutları da məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında dindirilmiş şahid X5 verdiyi izahatında göstərmişdir ki, iddiaçılar onun qonşusudur. İddiaçıların məhkəməyə təqdim etdiyi akt onun iştirakı olmadan tərtib olunmuşdur. Sonradan İddiaçı3 xahişi ilə o, gedib aktı imzalamışdır. O, həmin aktın məzmunu ilə tanış olmamış, akta nə barədə yazıldığını bilməmişdir. O, iddiaçılarla qonşu olduğundan onların heyvan saxladığını görmüşdür, lakin Cavabdeh evdən ayrılıb gedərkən, iddiaçılara məxsus heyvanları apardığını şəxsən görməmişdir. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında dindirilmiş şahid X6 verdiyi izahatında göstərmişdir ki, o, 10 il iddiaçılarla bir yerdə işləmişdir. İddiaçıların 15 başdan artıq iribuynuzlu, 50 başdan artıq xırdabuynuzlu heyvanları olmuşdur. Onlar yataqdan Yuxarı Salahlı kəndinə heyvanlarla birlikdə evlərinə qayıtmışlar. Hal-hazırda həmin heyvanların Elxanda olduğu barədə heç bir məluamtı yoxdur, nə də Elxanın həmin heyvanları apardığını görməmişdir. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında dindirilmiş şahid X4 verdiyi izahatında göstərmişdir ki, iddiaçılar Ceyrançöldə yataqda yaşamışlar, kəndə qayıdan vaxt xeyli mal-qara gətirmişlər. Sonradan iribuynuzlu mal-qaranı satıb qoyun aldılar. Sonradan həmin qoyunları Şahismayıl adlı şəxsin yatağına apardılar. Həmin heyvanların Elxanda olduğu barədə heç bir məluamtı yoxdur, nə də Elxanın həmin heyvanları apardığını görməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin vəsatəti əsasında dindirilmiş şahid X8 verdiyi izahatında göstərmişdir ki, Elxan 7 ildir ki, onların yatağında işləyir. Elxan halhazırda onun yatağında saxladığı heyvanları özü almışdır. O, Elxanın valideynlərini və qardaşı Orxanı da əvvəllərdən tanıyır. Bu 7 il ərzində Elxanın nə valideynləri, nə də qardaşı bir dəfə də olsun ki, onun yatağına gəlib Elxanın heyvanlarının onlara məxsus olduğunu deməmişlər. Əgər Elxanın saxladığı heyvanlar həqiqətən də onun valideynlərinə və qardaşına məxsus olsaydı, Elxanın valideynləri və qardaşı Orxanı indiyə qədər ona bildirmiş olardılar. Hətta, Elxanın bir neçə dəfə bankdan kredit götürərək, xırda buynuzlu heyvanları aldığının da şahidi olmuşdur. Elxanın deməsinə görə onun əvvəl 3 baş iribuynuzlu heyvanı olmuşdur, həmin heyvanları sataraq özünə xırda buynuzlu heyvanlar almışdır. Sonradan onun yatağında olan müddətdə də Elxan təxminən 20 baş qoyun almışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Qazax rayon İcra Hakimiyyəti Dövlət Arxivinin 24 fevral 2023-cü il tarixli 5-58-15-11/2-97/2023 saylı arxiv arayışından görünür ki, Qazax rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Salahlı kənd icra nümayəndəliyi üzrə 2010-2015-ci illərə aid 10 saylı təsərrüfatbaşı kitabının 98-ci səhifəsində İddiaçı1 təsərrüfatı İddiaçı1, İddiaçı3, İddiaçı2, X7 və X2 ibarət olmuş təsərrüfatda cəmi 0,10 ha torpaq sahəsi mövcud olmuşdur. İşdə olan Qazax RİHB-nin Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin 27 fevral 2023-cü il tarixli 5-58-21-12-21/2-164/2023 saylı arayışından görünür ki, Yuxarı Salahlı kənd sakini İddiaçı1 və İddiaçı3 birgə təsərrüfatda mövcud olduqları Yuxarı Salahlı kənd təsərrüfatbaşı kitabda 2018-2023-cü illər ərzində heç bir heyvan qeydə alınmamışdır. İşdə olan kredit müqavilələrinin surətlərindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında iki dəfə ayrı-ayrı vaxtlarda bağlanmış kredit müqavilələrinə əsasən həmin bank tərəfindən Cavabdeh ümumilikdə 7.000 manat məbləğində kredit verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar ailəyə məxsus 76 baş qoyunu və 12 baş keçini saxlamaq üçün Cavabdeh verdiklərini, lakin hazırda cavabdehin onların heyvanlarını qaytarmadığını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəmyə müraciət etmişlər. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların tələbi saxlamaq üçün verdikləri ailəyə məxsus olmuş heyvanların onlara düşən payın qaytarılmasından ibarət olduğu üçün həmin münasibətlərə mülkiyyətlə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında”Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçıların ailəyə məxsus 76 baş qoyunu və 12 baş keçini Cavabdeh saxlamaq üçün verdikləri öz təsdqini tapmamışdır. Belə ki, iddiaçılar ailəyə məxsus 76 baş qoyunu və 12 baş keçini cavabdehə saxlamaq üçün verdiklərini qeyd etsələr də, həmin halları təsdiqləyəcək heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında iddiaçıların vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində iddiaçıların heyvan saxladığını bildiyini və həyətlərində heyvan olduğunu gördüyünü desə də, lakin həmin heyvanların sayını və həmin heyvanların Cavabdeh apardığını görmədiyini bildirmişdir. Eyni zamanda iddiaçıların vəsatəti əsasında dindirilmiş digər şahidlər iddiaçıların mülkiyyətlərində xırdabuynuzlu heyvanların əvvəldən mövcud olduğunu qeyd etmişlər. Lakin onlar öz ifadələrində məhz həmin heyvanların cavabdeh tərəfindən aparıldığını görmədiklərini bildirmişlər. Eyni zamanda iş materiallarında olan Qazax rayon İcra Hakimiyyəti Dövlət Arxivinin və Qazax RİHB-nin Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi arayışlardan da görünür ki, Yuxarı Salahlı kənd sakini İddiaçı1 və İddiaçı3 birgə təsərrüfatda mövcud olduqları Yuxarı Salahlı kənd təsərrüfatbaşı kitabda 2010-2023-cü illər ərzində heç bir heyvan qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıların tələb etdikləri heyvanların əvvəllər onlara məxsus olması və yaxud həmin heyvanların hazırda Cavabdeh olması şahid ifadələri, eyni zamanda iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə, iddiaçıların sübut növü kimi məhkəməyə təqdim etdiyi 13 yanvar 2023cü il tarixli aktla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, həmin aktda göstərilən hallar iddiaçılar tərəfindən iddia olunan heyvanların cavabdehə verilməsini təsdiq etmir. Bundan əlavə aktda adı göstərilən X5 məhkəmə iclasında şahid qismində dindirilərkən, aktın onun iştirakı olmadan tərtib olunduğunu, sonradan İddiaçı3 xahişi ilə o, gedib aktı imzaladığını, ümumiyyətlə aktın məzmunu ilə tanış olmadığını və akta nə barədə yazıldığının bilmədiyini göstərmişdir. Aktda adı göstərilən digər şəxs X3 isə məhkəmə iclasında şahid qismində iştirakı iddiaçılar tərəfindən təmin edilməmişdir. Ona görə də məhkəmə qeyd olunan aktı sübut növü kimi qəbul edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar