Məhkəmə qərarları › İş №2(023)-469/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-469/2023

18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-469/2023 18.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Qazax rayon Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci ildə anadan olmuş atası X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 onun atası olmuşdur. Atası 09 iyun 1965-ci il tarixdə anadan olmuş, 06 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Atasını Qazax rayonu, Qaymaqlı kənd qəbristanlığında dəfn etmişlər. Lakin atasının ölümünü Qazax rayon Qeydiyyat Şöbəsində qeydə aldırmamışlar, yəni ona ölüm şəhadətnaməsi almamışlar. Bu faktın təsdiqi vərəsəliklə bağlı müəyyən sənədləşmə işləri aparılması üçün lazımdır. Bu faktın məhkəmədən kənar həll edilməsi mümkün deyildir. Bununla bağlı Qazax rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, orada ölüm qeydini aparmaqdan imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Qazax rayon qeydiyyat şöbəsinin rəisi Məsumə Səmədova məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, xx.xx.1955-ci ildə Qazax rayonu, Qaymaqlı kəndində anadan olmuşdur. Ərizəçi onun qardaşı oğludur. Onlar 8 qardaş, 4 bacı olmuşlar. Qardaşı ondan kiçik olmuşdur. Qardaşı Mikayıl 06 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. X15 rayonu, Qaymaqlı kənd qəbristanlığında dəfn etmişlər və qəbir daşı inşa etdirmişlər. Yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, xx.xx.1959-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ərizəçi atası mərhum Mikayl Yolçuyev onun əmisi oğludur. Mikayıl Yolçuyev 06 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. X12 rayonu, Qaymaqlı kənd qəbristanlığında dəfn etmişlər. Yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirdi ki, xx.xx.1978-ci ildə Qazax rayonu, Qaymaqlı kəndində anadan olmuşdur. Ərizəçi həmkəndlisidir. Ərizəçinin atası mərhum Mikayl Yolçuyev 06 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. X12 rayonu, Qaymaqlı kənd qəbristanlığında dəfn etmişlər. Yas mərasimində o da iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə Qazax rayonu, Qaymaqlı kəndində doğulmuş Ərizəçi Qazax rayonu, Qaymaqlı kəndində qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi, atası X4, anası X2 olmaqla xx xxxx 1992-ci ildə Qazax rayonu, Qaymaqlı kəndində doğulmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X4, atası X3, anası X5 olmaqla 09 iyun 1965-ci ildə Qazax rayonu, Qaymaqlı kəndində doğulmuşdur. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X1 ölümü haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 15 fevral 2023-cü ilədək “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X1 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-y-xx-xx/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X1 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyi TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 24 yanvar 2023-cü il tarixli 20 saylı arayışdan görünür ki, 09 iyun 1965-ci il tarixdə anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanasında RHŞ–in Arxiv bölməsində heç bir tibbi sənəd aşkar edilməmişdir. İş materiallarında olan qəbir daşından çəkilmiş fotoşəkildən görünür ki, X4 xx.xx.1965-ci ildə doğulmuş, xx.xx.2022-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi vərəsəliklə bağlı müəyyən sənədləşmə işləri ilə bağlı mərhum X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2022-ci ildə ölməsi ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1965-ci ildə anadan olmuş X1 06 noyabr 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar