Məhkəmə qərarları › İş №2(023)-809/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-809/2025

02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-809/2025 02.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona vurulmuş 19200 (on doqquz min iki yüz) manat məbləğində zərərin, ödənilmiş 147.60 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən ödədiyim 525 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəni onunla əsaslandırmışdır ki, 10 aprel 2024-cü il tarixdə, saat 05 radələrində Qazax şəhəri, H.Əliyev propekti 15 ünvanında yerləşən "xxxx" ASC-nə məxsus sex və anbarada yanğın hadisəsi baş vermiş, alov yayılaraq X3 məxsus, X5 istifadəsində olan "Mercedes Benz 080" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə, X8 "Qaz 33021" markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə, "xxxx" MMC-nə məxsus İddiaçı istifadəsində olan yəni, ona satılmış "Hyundai-Elantra" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə keçmiş, nəticədə sex anbar içərisində olan əşyalar, avadanlıqlar ilə birlikdə avtomobillər də yanaraq yararsız vəziyyətə düşmüş, əmlaka maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq idarəsində araşdırma aparılmış, 26 noyabr 2024-cü il tarixli "cinayət işinin başanılmasınm rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. Sözügedən araşdırma üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/727 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, yanaraq sıradan çıxmış 2014-cü il burıxılışlı, mühərrik həcmi 1797 m3 olan "Hyundai-Elantra" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 19200,00 manat müəyyən olunur. Eyni zamanda onuda qeyd edir ki, 26 noyabr 2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, X6 "xxxx" ASC-nin direktoru kimi üzərinə yanğın tərhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda "Azərbacayn Respublikasında Tanğı Təhlükəsizliyi Qaydaları"nın 1.6, 1.7, 6.2, 6.5-ci "Ticarət və ictimai iaşə müəsissələri, yarmakalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları"nın 1.2, 3.5, 3.5.3.1, 3.5.3.3, 3.5.3.4-cü və "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydalarnın 1.2, 2.3.3.1, 2.3.3.2 və 2.3.5-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bununla belə 26 noyabr 2024-cü il tarixli "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərardan görünür ki, "xxxx" MMC-nın rəhbəri X7 23 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə ərizə ilə müraciət edərək "Hyundai- Elantra" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun şirkətinə məxsus olsa da, gedən avtomobil İddiaçı satılmışdır. Maddi ziyan ona yox İddiaçı dəymişdir. Qeyd edilən hallardan görünür ki, cavabdehin təqsiri üzündən onun avtomobili tam yararsız hala düşmüş və nəticədə ekspert rəyinə uyğun olaraq ona 19200 manat maddi ziyan dəymişdir. Eyni zamanda onuda qeyd edir ki, mülki qaydada iddia ərizənin tərtib edilməsi, məhkəmə təmsil edilmə və hüquqi yardım almağı üçün Qazax rayon Vəkil Bürosunun vəkili Vəkil ilə aralarında hüquqi yardım müqaviləsi bağlanılmış və hüquqi yardım müqaviləsinin qiyməti 525 manat təşkil etmişdir. Hesab edir ki, cavabdehin təqsiri üzündən əlavə xərcə girdiyindən vəkilə ödəmiş olduğu pulda cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, hadisədən bir gün əvvəl o yüngül qəza etmiş və avtomobili təmir etmək üçün sexə aparmışdır. Avtomobili təmir etməsi üçün X2 təhvil vermiş və təmiri üçün usta ilə 300 manata razılaşımışlar. Avtomobili verən günün axşamı sexdə yanğın hadisəsi baş vermişdir. Nümayəndəsinin (vəkilinin) izahatını təsdiq edir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin sexin mülkiyyətçisidir. Onların həmin sexdə yanğın hadisəsinin qarşısınınn alınması üçün hər hansı bir qabaqlayaıyıcı hərəkətlər aparmamışlar. Eyni zamanda araşdırılma zamanı yanğının hadisəsindən məsul "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yanğın təhlükəsizlik qaydalarının pozulması müəyyən bildirilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirdi ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan sexi şifahi icarə əsasında işlədir. Həmin sexdə avtomobil təmiri ilə məşğul olur. İddiaçı avtomobili təmir etdirmək üçün sexə gətirdi və təmir üçün təxminən 300 manata razılaşdıqdan sonra avtomobili ona təhvil verib getmişdir. Lakin həmin günün başqa işi olduğundan həmin avtomobilin təmirinə başlaya bilməmişdir. Sonradan həmin günün sabah ona məlum oldu ki, sexdə yanğın baş vermişdir.İş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən zərəri tələb etsədə, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında hər hansı bir müqavilə münasibətləri mövcud olmamışdır. Göründüyü kimi müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan sexdə avtomobilin təmiri fəaliyyəti ilə məşğul olur. İddiaçı avtomobilini təmir etdirmək üçün həmin sexə apararaq usta X2 təhvil vermişdir. Həmin vaxt aralarında şifahı qaydada podrat müqaviləsi bağlayaraq avtomobilin təmiri üçün razılaşmışlar. Bununla da usta Şahin Hüseynov avtomobilin təmiri ilə yanaşı onun Mülki Məcəllənin 771-ci maddəsində nəzərdə tutulmuş qaydada avtombilin salamatlılığı üçün lazımi diqqət və ehtiyatlılığı nümayiş etdirmək öhdəliyini öz üzərinə götürmüşdür. Belə ki, podrat müqaviləsinin şərtləri daxilində avtomobil usta Şahin Hüseynova təhvil verilməli və həmin şəxsdəndə təhvil verildiyi qaydada geri alınmalı idi. Göründüyü kimi avtomobilə dair hüquq münasibətləri İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında deyil digər şəxslər arasında yaranmışdır. Buna görədə avtomobilə dəymiş ziyanla bağlı tələb hüququ həmin müqavilənin tərəfləri arasında mövcud olmuşdur. Vahid məhkəmə təcrübəsi müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-789/2025 nömrəli qərarında olan mövqedən görünür ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəmə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa rədd edilir. Bundan başqa məhkəmə kollegiyası həmin qərarında qeyd etmişdir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallar ilə əlaqəli olsada iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir.Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Ona görədə məhkəmə tərəflər arasında mübahisəni həll edən zaman ilk öncə onların arasında mövcud olan hüquq münasibətlərini aydınlaşdırmalı, daha sonrada həmin hüquq münasibətlərinə uyğun olan maddi hüquq normasını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə tərəfindən iddiaçıya və onun nümaəndəsi vəkilinə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə təklif irəli sürülsə də onlar razı olmamışdır. Bu səbəbdən məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 771-ci maddəsinə görə podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbi hazırki tələbə cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən təmin oluna bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 147.60 manat və hüquqi yardım göstəriməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 525 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar