Məhkəmə qərarları › İş №2(025)-1175/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1175/2021

14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1175/2021 14.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 və Qəbələ rayon Qəyyumluq və Himayəçilik orqanına qarşı “övladlığa götürmənin ləğv olunması” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 və Qəbələ rayon Qəyyumluq və Himayəçilik orqanına qarşı “övladlığa götürmənin ləğv olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1984-cü il təvəllüdlü Ərizəçi1 X1 tərəfindən övladlığa götürülməsinin ləğv edilməsi, Göyçay rayon Qeydiyyat şöbəsində 34 nömrə ilə qeyd edilmiş 05 iyul 1991-ci il tarixli övladlığa götürmə haqqında şəhadətnamənin ləğv edilməsi, xx xxxxxx 1984-cü il təvəllüdlü Ərizəçi1 doğum haqqında qeydi əvvəlki vəziyyətinə qaytarılması, xx xxxxxx 1984-cü il təvəllüdlü Ərizəçi1 doğum şəhadətnaməsində ana qrafasmda “Ərizəçi2” qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara aid sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi ərizəçilər tələblərini konkret olaraq əsaslandırmamışlar. Belə ki, ərizəçilər ərizələrində göstərmişdirlər ki, övladlığıa götürülməsinin ləğvini istədikləri uşaq Ərizəçi1 xx xxxxxx 1984-cü il təvəllüdlüdür. Ailə Məcəlləsinin 135-ci maddəsinə əsasən Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynlərinin razılığı ilə yol verilir. Lakin ərizədən göründüyü kimi ərizəçilər iddia ərizəsinə (övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynlərinin) belə bir razılıq ərizəsi əlavə etməmişlər. Həmçinin məhkəmə onuda qeyd edir ki, Ailə Məcəlləsinin 132-ci maddəsində Övladlığa götürmənin ləğv edilməsinin əsasları (övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə; ö övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə; vladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə; övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda və Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər.) konkret olaraq sadalanmışdır. Lakin ərizəçilər ərizələrində bu hallardan heç birinə istinad etmədən övladlığa götürmənin ləğv edilməsini xahiş etmişlər. Beləliklə, ərizəçilər tərəfindən ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və onlara izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 və Qəbələ rayon Qəyyumluq və Himayəçilik orqanına qarşı “övladlığa götürmənin ləğv olunması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılsın. Ərizəçilərə izah olunmalıdır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət edə bilərlər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar