Məhkəmə qərarları › İş №2(025)-12/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-12/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-12/2022 03.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, ipoteka müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh5 və Cavabdeh1 nümayəndəsi Abduləliyev Dədəbəy Hacıbaba oğlunun iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 19 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 14300.39 manat əsas, 5585.21 manat faiz, 3925.28 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2762.35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26573.23 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanın Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızma məxsus olan Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.56 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.56 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızma məxsus olan Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.56 ha torpaq sahəsi yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.56 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 19 mart tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 25%-lə 36 ay müddətinə 28000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndind yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.56 ha torpaq sahəsi 2014-cü il 19 mart tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqavilə notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 19 mart tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 12-dək Cavabdeh1 2014-cü il 19 mart tarixli müqaviləsi üzrə banka 14300.39 manat əsas, 5585.21 manat faiz, 3925.28 manat cərimə borcu ol ümumilikdə cəmi 23810.88 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasım təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 19 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 14300.39 manat əsas, 5585.21 manat faiz, 3925.28 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2762.35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26573.23 manat borcu vardır. 19 mart 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Cavabdeh1 19 mart 2014-cü il tarixdə 25%-lə 36 ay müddətinə 28000 manat məbləğində kredit götürmüşdü. Kreditin təminatı olaraq isə onların hazırda yaşadıqları Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, fərdi yaşayış evini girov qoymuşdu. Kredit müqaviləsi üzrə ödənişləri gecikdirməsinə səbəb maddi imkanın aşağı olmasıdır. Müqavilə üzrə qalıq borc isə bank tərəfindən artıq hesablanmışdır. Müqavilə üzrə Cavabdeh1 ödənilməli olduğu qalıq borcu düzgün hesablanmamış, olduğundan çox borc tələb olunur. Həmçinin onun və ailə üzvlərinin birgə mülkiyyətində olan ipotekaya qoyulan Qəbələ rayonu, Vəndam kəndində yerləşən fərdi yaşayış evinin qiyməti dəyərindən az göstərilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Abduləliyev Dədəbəy Hacıbaba oğlu iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə bağlanmış ipoteka müqaviləsində göstərilən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 62,6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.56 ha torpaq sahəsinin qiyməti hazırki bazar qiymətlərinə uyğun gəlmir. Evin dəyəri çox aşağı hesablanmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli 5-G-1-0-911-14 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1yə illik 25 faiz hesablanmaqla 36 ay müddətinə 28.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 5-G-1-0-911-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 28000 manat məbləği illik 25 %-lə, 36 ay müddətinə aylıq 1113.28 manat, sonuncu ay isə 1112.98 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə 14300.39 manat əsas borc, 13104.72 manat faiz, 3925.28 manat cərimə və 2762.35 manat əldən çıxmış fayda olmaqla, cəmi 31330.39 manat borcunun olması göstərilmişdir. Məhkəmənin 08 aprel 2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5-G-1-0-911-14 №-li Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borcu, faiz borcu və cərimə borcu düzgün hesablanmışdırmı?

2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5-G-1-0-911-14 №-li Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 9/2680 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 19 mart 2014-cü il tarixdə bağlanmış 5-G-1-0-911-14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu da nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: - əsas borc üzrə - 14243,19 AZN, faiz borcu üzrə - 7894,54 AZN. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli 5-G-1-0-911-14 (İ) saylı ipoteka müqaviləsindən görünür ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 62.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini və 0.56 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 72.000 manat məbləğində qiymətləndirilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Cavabdeh1 və ailə üzvlərinə məxsus olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 62.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.56 ha torpaq sahəsinin hazırki real bazar, likvid qiyməti nə qədərdir? “X1” MMC-nin xx.xx.2021-ci il tarixli, 021-21 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh1 və ailə üzvlərinə məxsus olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 62.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.56 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 165200 (bir yüz altmış beş min iki yüz) manat, likvid dəyəri isə 139500 (bir yüz otuz doqquz min beş yüz) manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçının vəsatəti ilə iş üzrə təkrar məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Cavabdeh1 və ailə üzvlərinə məxsus olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 62.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.56 ha torpaq sahəsinin hazırki real bazar, likvid qiyməti nə qədərdir? "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 002-12/03-MT/22 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh1 və ailə üzvlərinə məxsus olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 62.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.56 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 217 500 (iki yüz on yeddi min beş yüz) manat, likvid dəyəri isə 179000 (bir yüz yetmiş doqquz min) manat təşkil edir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının vəsatəti ilə iş üzrə təkrar məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Cavabdeh1 və ailə üzvlərinə məxsus olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 62.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.56 ha torpaq sahəsinin hazırki real bazar, likvid qiyməti nə qədərdir? “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, **********02 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 və ailə üzvlərinə məxsus olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.56 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 190000 (bir yüz doxsan min) manat, likvid dəyəri isə 180500 (bir yüz səksən min beş yüz) manat təşkil edir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********76-10301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.56 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyedtr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.56 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyedtr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas, faiz borcun və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda üzrə borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh1 14300.39 manat əsas borc, 13104.72 manat faiz və 2762.35 manat əldən çıxmış fayda üzrə borcunun olduğu müəyyən edilmişdir. Lakin, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/2680 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh1nin əsas borcunun 14243.19 manat və kredit borcu üzrə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu da nəzərə alınmaqla faiz borcunun 7894.54 manat olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 14243.19 manat və illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu da nəzərə alınmaqla faiz borcu üzrə isə 7894.54 manat borcun tutulmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 1430 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 1430 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 14.243 manat 19 qəpik əsas borc, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək kredit borcu üzrə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla 7.894 manat 54 qəpik faiz borcu, 1430 manat cərimə borcu, cəmi 23.567 manat 73 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.56 ha torpaq sahəsinə yönəldilməli, Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin (likvid) satış qiyməti 180 500 (bir yüz səksən min beş yüz) manat müəyyən edilməli, Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 paylarına uyğun olaraq qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.56 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin təhvil verilməsinə dair iddia tələbləri mübahisəyə baxılmasının hazırkı mərhələsində təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət e t d i:

İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 14.243 manat 19 qəpik əsas borc, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək kredit borcu üzrə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla 7.894 manat 54 qəpik faiz borcu, 1430 manat cərimə borcu, cəmi 23.567 manat 73 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.56 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin (likvid) satış qiyməti 180 500 (bir yüz səksən min beş yüz) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 paylarına uyğun olaraq qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61.6 kv.m yaşayış, 50.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.56 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar