Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-13/2021 11.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Zarağan bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli qərarı ilə satılmış torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, orada cavabdehlər tərəfindən quraşdırılmış dəmir konstruksiyanın öz vəsaitləri hesabına sğkülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(025)-13/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair hissəsi ayrıca icraata ayrılmaqla baxılması, işə yeni qeydiyyat nömrəsi verilməsi qərara alınmışdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ticarət obyekti inşa etmək məqsədilə torpaq sahəsi almaq üçün 2006-cı ildə Qəbələ rayonun Zarağan bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə onun müraciətini müsbət cavablandırmış və ona torpaq sahəsi satılması barədə xx xxxxxx 2006-cı il tarixdə qərar qəbul etmişdir. Ona satılan torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun olaraq yerində müəyyən olunmuş, o vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmış, plan-sxemi tərtib olunmuşdur. Bundan sonra onunla bələdiyyə arasında torpaq sahəsinin alqı-satısma dair müqavilə bağlanmışdır və o, torpaq sahəsinin pulunu tam ödəmişdir. Eyni zamanda ona satılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DTXK Qəbələ rayon şöbəsi tərəfindən A seriyalı 282456 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədi hazırlanmış və Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2010-cu il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra aldığı torpaq sahəsində ticarət obyekti inşa etmək üçün qanuna uyğun olaraq ilk növbədə müvafiq dövlət nəzarəti orqanları ilə, o cümlədən Qəbələ rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılışdarmaqla tikintini inşa etməyə başladır. Lakin tikintini başa çatdırmamış Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib tikintini sökəcəklərini bildirdilər. O, bu tikintini onlarla razılaşdırıb inşa etməyə başladığını, tiktnti üçün onun imkanları baxımından külli vəsait qoyduğunu bildirdi və tikintinin sökülməli olması barədə ona rəsmi sənəd verməyi, sökülmə tələbini əsaslandarmağı təklif etdi. Lakin onlar hədə-qorxu tonunda danışaraq tikintini nəyin bahasına olursa olsun sökəcəklərini bildirdilər. O, heç olmasa söküləcək obyektin tikinti materiallarını yığmaq üçün ona başqa yerdə torpaq sahəsi verməyi təklif etdi. Lakin bu təklifi də nəticəsiz qaldı. Beləliklə, Qəbələ rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdirinin bilavasitə tapşırığı və iştirakı ilə onun inşa etdiyi mağaza binası söküldü. Sökülən tikinti materialları da kürünüb dağıdıldı. Səlahiyyətli dövlət məmurunun özbaşına, qanunazidd əməlləri nəticəsində ona külli miqdarda maddi ziyan vuruldu. Bundan istifadə edən cavabdehlər heç bir hüquqi əsas olmadan ona verilmiş torpaq sahəsini qanunsuz zəbt edərək, Saqi Bağırov orada dəmir konstruksiya quraşdırmış, Allahverdi Allahyerdiyev isə əsaslı tikinti aparmağa başlamışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq, onlar torpaq sahəsindən çıxmaqdan imtina ediblər. Bununla da cavabdehlər onun qanunla qorunan hüquqlarımı pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. O - Cavabdeh2 1993-cü ildə Kəlbəcər rayonu işğal olunduqdan sonra Qəbələ rayonunda məskunlaşmışdır. 2010-cu ildə cənab Prezidentin göstərişi ilə məcburi köçkünlər üçün salınmış Zaraxan 2 qəsəbəsinə köçürülmüşlər. Onlar köçürülən zaman Qəbələ rayon İcra Hakimiyyətinin başçısı qəsəbəyə gələrək onlarla görüşmüşdür. Görüş zamanı o, qəsəbə əhalisinin işsizliklə bağlı problemlərini həll etmək məqsədilə onlara bildirdi ki, “qəsəbə ətrafındakı əraziləri (hazırki iddia predmeti olan ərazi də daxil olmaqla) abadlaşdırın, orada özünüz üçün obyektlər açıb işlədin, çörəkpulu qazanın.” Həmin ərazilər əvvəllər zibilxana olmuşdur. Onlarqəsəbə sakinləri də başçının göstərişlərinə əsasən həmin əraziləri səliqə-səhmana saldılar və müxtəlif obyeklər açdılar. O cümlədən də o, burada avtoyuma məntəqəsi açmışdır. İddiaçı hansısa saxta yollarla torpaq əldə etmiş və ona aid olmayan sözügedən ərazidə qanunsuz tikinti işləri aparmışdır. Buna görə də Qəbələ rayon İcra Hakimiyyətinin qərarına əsasən həmin qanunsuz tikili sökülmüşdür. İddiaçı öz ərizəsində qeyd edir ki, guya Qəbələ rayon İcra Hakimiyyəti ona məxsus obyekti qanunsuz olaraq sökmüşdür, nəticədə ona maddi ziyan vurmuşdur və s. Əgər belədirsəiddiaçı tərəf haqlıdırsa onda nəyə görə Qəbələ rayon İcra Hakimiyyətini, onun əməkdaşlarını Məhkəməyə verməyib? Niyə hüquqlarının bərpasını tələb etməyib? İddiaçı tərəf özünün haqsız olduğunu çox yaxşı başa düşür. Üstündən uzun illər keçdikdən sonra ona qarşı iddia qaldırmasının səbəbi isə tamam başqadır. Belə ki, onun avtoyuma məntəqəsinə yaxın ərazidə Şuşa rayon sakinləri kafe işlədirlər. Onlar uzun müddət həmin ərazini ondan almaq istəmişdirlər. Bu mümkün olmadıqda isə ondan polisə şikayət etmişdirlər. Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları yerində araşdırma aparmış və şikayət əsassız olduğundan rədd edilmişdir. Hazırki iddia ərizəsi də onların iddiaçını qızışdırmasının nəticəsidir. Göründüyü kimi, iddia tələbi heç bir qanuni əsasa malik deyil. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamı, Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2004-cü il tarixdə qəbul etdiyi 298 saylı sərəncamı və bu kimi başqa sənədlərdə, çoxsaylı məhkəmə qərarlarında məcburi köçkünlərin yaşadıqları ərazilərdən, onların istifadəsində olan obyektlərdən çıxarılmasının yolverilməzliyi bir daha təsdiq olunmuşdur. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, ekspertiza rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsinin xx xxxxxx 2010-cu il tarixli 293 saylı rəyindən görünür ki, İddiaçı müraciətinə baxılmış və Bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaqlardan 105 kv.m torpaq sahəsinin ticarət obyekti tikintisi məqsədi ilə alqı-satqı əsasında ayrılması məqsədə müvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2006-cı il tarixli Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 105 kv.m torpaq sahəsi Qəbələ rayon Zarağan Bələdiyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 14 saylı qərara əsasən İddiaçı satılmışdır. İddiaçı tərəfindən 216 manat haqq ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №282456 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qəbələ rayon Zarağan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarı ilə 105.00 kv.m torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2010-cu ildə 141 nömrə ilə uçota alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı № 282456 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən Qəbələ rayonu Zarağan kəndində İddiaçı məxsus 105.00 kv.m torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə həmin torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 271 saylı ekspert rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı № 282456 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən Qəbələ rayonu Zarağan kəndində İddiaçı məxsus 105.00 kv.m torpaq sahəsi 66.3 kv.m hissəsini Cavabdeh2 istifadə edərək orada dəmir konstrusiya (çardaq) quraşdırılmış, 38.7 kv.m hissəsi isə Cavabdeh1 tərəfindən hasara alınaraq faktiki istifadə olunur. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 105.00 kv.m torpaq sahəsi Qəbələ rayon Zarağan Bələdiyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarına əsasən İddiaçı məxsusdur. Cavabdeh qeyd olunan ərazini qanunsuz şəkildə zəbt edərək dəmir konstruksiya quraşdırmışdır. Cavabdeh iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaradır, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarının sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı Qəbələ rayonu Zarağan Bələdiyyəsinin x xxxxxx 2006cı il tarixli qərarı ilə satılmış 105 kv.m torpaq sahəsinin 66,3 kv.m hissəsindən Cavabdeh2 çıxarılmalı, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən quraşdırılmış dəmir konstruksiya (çardaq) öz hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh2 tutularaq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət e t d i:
İddia təmin edilsin. İddiaçı Qəbələ rayonu Zarağan Bələdiyyəsinin x xxxxxx 2006-cı il tarixli qərarı ilə satılmış 105 kv.m torpaq sahəsinin 66,3 kv.m hissəsindən Cavabdeh2 çıxarılsın, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən quraşdırılmış dəmir konstruksiya (çardaq) öz hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh2 tutularaq “X1” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elman İsayev