Məhkəmə qərarları › İş №2(025)-164/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-164/2020

13.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-164/2020 13.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən JN-0039 saylı kodu 40615048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə onun mülkiyyətinə verilmiş 1,11 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, tor və ağac hasarların cavabdehlərin hesabına sökülərək boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı keçirilən zaman beş nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,40 ha pay torpaq sahəsi verilmişdir. Qəbələ rayon X1 xx xxxx 1998-ci il tarixli 11 №-li qərarı ilə verilmiş 1,40 ha torpaq sahəsi JN-0039 saylı kodu ********* olan Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Qeyd edilən 1,40 ha torpaq sahəsinin 28 ha-sı Qaş adlanan ərazidə 1,11 ha-sı isə Yemişənli kəndi ərazisindədir. Xeyli müddət yəni, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq Yemişənli kəndi ərazisində yerləşən 1,11 ha torpaq sahəsindən mülkiyyətlarinə verilməsinə baxmayaraq istifadə edə bilmirlər. Səbəbi cavabdehlər tərəfindən 1,11 ha torpaq sahəsinin zəbt edilməsi, ərazinin bir hissəsinin dəmir torla, bir hissəsinin isə ağac hasarla bağlanılması, əraziyə müxtəlif növ ağaclar əkilməsi, illərlə şumlanıb taxıl səpilməsi, yonca əkilməsidir. Ailə üzvlərinin mülkiyyətində olmasına baxmayaraq cavabdehlər əraziyə daxil olmaqlarına imkan verməyərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozurlar. Qeyd olunan formada törədilən maneələr səbəbindən ərazidən istifadə edə bilməməklərinə görə cavabdehlər onlara həm də maddi ziyan vurmaqla özləri həmin sahəni becərməklə əldə etdikləri kənd təsərrüfatı məhsullarını satmaqla qanunsuz yolla qazanc əldə etməklə varlanırlar. Dəfələrlə hər iki cavabdehdən mülkiyyətlərinə verilmiş torpaq sahəsinin boşaldılmasını təklif və tələb etsələr də nəticəsi olmayıb. Ona görə də ərazinin boşaldılması və maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələblərini qəbul etməyərək göstərdi ki, iddia tamamilə əsassızdır. Onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmayıb. O, həmin torpaq sahəsini ƏzizəTeymurovadan rəsmi şəkildə almışdır. Müvafiq orqanlardan nümayəndələr gələrək ona torpaq sahəsini yerində də göstərmişlər. Onun torpağı ilə iddiaçının torpağı arasında 50 metr məsafə var. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xəhiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, iddia tələbi tam olaraq əsassızdır. 2019-cu ildə mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Həmin çıxarışa aid olan "Torpaq sahəsinin planı və ölçüsü" kadastrında onun torpaq sahəsinin koordinatları göstərilmişdir. Könüllü qaydada yerquruluşu və kadastrı idarəsinin mütəxəssislərinə yoxladıb əmin olmuşdur ki, onun istifadə etdiyi torpaq sahəsi öz koordinatlarının daxilindədir. Bundan başqa, iddia ərizəsinin mahiyyəti iddiaçının çatışmayan torpaq sahəsinin qonşu torpaq sahiblərindən kimin zəbtində olmasının müəyyən edilməsi barədə olsa da, iddianın tələb hissəsi düzgün olmayaraq ona və xeyli aralıda torpaq sahəsi olan Dünyaminə qarşı yönəlmişdir. Əlində heç bır əsas olmadan iddiaçı sübut etməyə çalışmışdır ki, guya ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt edilmişdir. Ona məxsus torpaq sahəsi 20-dən artıq torpaq mülkiyyətçilərinin cərgəsinın sonunda, iddiaçının sağında, yerləşir. İddiaçı ondan əvvəlki torpaq sahəsinin sahibidir. İddiaçının solunda, yəni ondan əvvəldə isə Kamil adlı şəxsə məxsus torpaq sahəsi yerləşir. Kamilə qarşı iddia yönəlməli olduğu halda yönəldilməmışdır. Kamildən əvvəldə cavabdeh Dünyaminə məxsus torpaq sahəsi yerləşir. Dünyamindən daha irəlidə isə (cərgədə) daha 5 nəfər Dünyamının qardaşlarına məxsus torpaq sahələri yerləşir. Kamil iddiaçının yaxın qohumu olduğundan ona qarşı iddia tələbini yönəltməmişdir. Lakin tam aydınlıqla məlumdur ki, Kamil də daxıl olmaqla irəlidəki 7 nəfər torpaq sahələrinin hər birində zəbt edilmiş artıq torpaq sahəsi vardır ki, bu da iddiaçının torpağı hesabına əmələ gəlmişdir. İddiaçı Dünyamindən başqa bu torpaq sahiblərinin heçbirinə qarşı iddia yönəltməmişdir. İddiaçı Bakı şəhərində yaşamış və uzun illər özünun torpaq sahəsi ilə maraqlanmamış, nəticədə aşağıdakı torpaq sahibləri onun torpağının bır hissəsini öz aralarında bölüşərək istifadə etməyə başlamışlar. İşin düzgün həll edilməsi üçün bu torpaq sahələrinin hərbiri cavabdeh qismində cəlb edilməlidirlər. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xəhiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş JN-0039 nömrəli (kod:40615048) «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən ünvan 1i ünvanında yerləşən 1,40 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X7, İddiaçı, X5, X6 və X3 ümumi birgə mülkiyyətinə verilmişdddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX №1104578 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh1 Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 1.1455 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX №1426996 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh2 Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.5834 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 166 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-164/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.

1. JN-0039 nömrəli (kod: 406115048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ünvan 1ində X7 və 4 nəfər ailə üzvülərinin mülkiyyətində olan 1,40 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuşdurmu? Zəbt edilmişdirsə, həmin zəbt edilmiş torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi və ya tor, ağac hasarları çəkilmişdirmi? Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 344 saylı ekspert rəyindən görünür ki, GPS aləti vasitəsilə mübahisəli ərazidə göstərilən koordinatlar əsasında kameral şəraitdə hüquqmüəyyənedici sənədlərə və Kompleks Yerquruluşu xəritəsinə əsasən müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan JN-0039 nömrəli Dövlət Aktında göstərilən 1.12 ha olan torpaq sahəsi torpaq sahəsi Cavabdeh2 tərəfindən metal çəpər daxilində istifadə etdiyi torpaq sahəsinin daxilinə düşür və həmin torpaq sahəsinin sərhədləri daxilində heç bir tikili mövcud deyil. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan JN-0039 nömrəli (kod: 40615048) olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətindədir. İddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi Cavabdeh2 metal çəpər daxilinə alınaraq istifadə olunur. Həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyil. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Bundan başqa digər Cavabdeh1 tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmiş və yaxud hər hansı maneə yaradılmamışdır. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə Cavabdeh2 tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-0039 nömrəli (kod: 40615048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ünvan 1ində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,11 ha torpaq sahəsindən istifadəyə Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulsun, metal çəpər (ekspert rəyinə uyğun olaraq) Cavabdeh2 hesabına sökülərək həmin torpaq sahəsi boşaldılamalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh2 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin iddianın Cavabdeh1 qarşı "maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması" hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə, yəni Cavabdeh1 tərəfindən torpaq sahəsinin nə cür və hansı formada zəbt olunduğunu əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia qismən təmin edilsin. JN-0039 nömrəli (kod: 40615048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ünvan 1ində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,11 hatorpaq sahəsindən istifadəyə Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulsun, metal çəpər (ekspert rəyinə uyğun olaraq) Cavabdeh2 hesabına sökülərək həmin torpaq sahəsi boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh2 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar