Məhkəmə qərarları › İş №2(106)-1774/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1774/2025

22.01.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1774/2025 22.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı1 və X6 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər : zəbt edilmiş torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması. Şirvan şəhəri, 22 yanvar 2026-cı il X19 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, (İddiaçılar İddiaçı3, iddiaçı, həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi X11 əvvəlki məhkəmə iclasında iştirak etmişdir) İddiaçılar İddiaçı3, İddiaçı1 və X6 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(020)-11/2025 saylı qətnaməsindən (hakim. X.Cabbarlı) iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı3, İddiaçı1 və X2 mülkiyyət hüququna dair J№ 382 saylı 60711018 KOD nömrəli dövlət aktına əsasən onlara məxsus olan 3,17 ha torpaq sahəsinin 0.79 ha zəbt edilmiş hissəsindən cavabeh Cavabdeh çıxarılması və torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 nömrəli qərarı ilə onlara -yəni ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 3,17 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara torpağa mülkiyyət hüququna dair J№ 382 saylı 60711018 KOD nömrəli dövlət aktı verilmişdir. Torpaq onlara veriləndən torpaqdan istifadəsində maneələr yaranmışdır. Belə ki, Cavabdeh onlara məxsus torpaq sahəsini zəbt edərək istifadə edir və ya müxtəlif şəxslərə qanunsuz olaraq satır. Bununla da cavabdeh onların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd edir ki, cavabdeh onların qardaşıdır. Ailələrinə məxsus olan 3,17 torpaq sahəsini onlar icrayə verirdilər. X16 icarəyə verdikləri torpaq sahəsini qanunsuz olaraq adına keçirtmişdir. Lakin Beyləqan Rayon Məhkəməsinin 2(020)-25/2010 saylı qətnaməsi ilə X9 adına verilmiş 16 avqust 2004-cü il tarixli J№ 0868 saylı Dövlət Aktının 0.79 ha torpaq sahəsinə dair hissəsi etibarsız hesab edilmişdir. Cavabdeh ona 0.79 ha torpaq sahəsinə yaxınlaşmağına belə imkan vermir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən iddiaçılar X12 və İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, həmin torpaq sahəsi ona məxsusdur. İddiaçılar mübahisəli torpaq sahəsini başqa şəxsə satmışlar, o isə mübahisəli torpağı həmin şəxsdən notarial alqı-satqı yolu ilə almışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. Beyləqan Rayon Məhkəməsinin 03 sentyabr 2025-cü il tarixli, 2(020)-11/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı3 aid edilmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı3, İddiaçı1 və X4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı X11 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını dəqiq araşdırmamış, qətnamə qəbul edərkən yalnız cavabdehin verdiyi izahatı nəzərə almışdır. Onlara məxsus torpaq sahəsi X16 tərəfindən qanunsuz olaraq qardaşları Cavabdeh satılmış və bu fakt məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla bağlı məhkəməyə təqdim etdikləri sübutlar iş materiallarına əlavə edilməyərək heç bir hüquqi qiymət verilməmişdir. Həmin subutlara qiymət verilsəydi məlum olardı ki, X16 onlara məxsus qeyd olunan torpaq sahəsini saxtakarlıq edərək öz adına sənədləşdirdiyi üçün bunu həyata keçirən notariusun barəsində Şirvan Apellyasiya Məhkəməsi tərəfindən xüsusi qərar çıxarılmışdır. Bundan sonra Vidadi Namazov həmin torpaq sahəsini onlara qaytarmayaraq onların razılığı olmadan torpaq sahəsini Cavabdeh satmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Əvvəlki Apellyasiya baxışında iştirak edən İddiaçı3, iddiaçı, həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Qeyd etmişdir ki, o 3.17 ha torpaq sahəsini notarial qaydada alqı-satqı edərək almışdır. İddiaçılar İddiaçı3, iddiaçı, həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi X1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı X11 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı X7 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının:, Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Belə ki, iş materiallarında olan JN-382 KOD 60711018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktının surətindən görünür ki, İddiaçı3, X5, İddiaçı1 və X7 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 3,17 ha kənd təsərrüfatı məhsulların istehsalı ilə əlaqədar torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu Təzəkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 3.17 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(020)-37/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabeh İddiaçı3 qarşı torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququna qanunsuz müdaxilənin qadağan edilməsi və ziyan tələbinə dair iddiası qismən təmin edilmiş və cavabdeh İddiaçı3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı reyestr nömrəsi ********** olan Çıxarışla ünvan 1 kəndində yerləşən Cavabdeh məxsus 0.8557 ha torpaq sahəsindən çıxarılması, İddiaçı3 tərəfindən həmin torpaq sahəsinə müdaxilə edilməsi qadağan edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2025-ci il tarixli, 10/1417 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarı ilə JN 382 saylı kod 60711018 olan “Torpağa Mülkiyyət Hüququna Dair Dövlət” Aktı ilə İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş ünvan 1 kəndində yerləşən ha (2.31 ha və 0.86 ha) torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. - Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarı ilə JN 382 saylı kod 60711018 olan “Torpağa Mülkiyyət Hüququna Dair Dövlət” Aktı ilə İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş ünvan 1 kəndində yerləşən 3.17 ha (2.31 ha və 0.86 ha) torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********45 və qeydiyyat tarixi xx.xx.2017-ci il olan Çıxarışa əsasən 2.3110 ha, eyni zamanda Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********52 və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən, 0.8557 ha torpaq sahələri Cavabdeh xüsusi mülkiyyətində olduğuna görə faktiki olaraq onun tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən təqdim edilən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********45 və qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışa əsasən, eyni zamanda Azərbaycan Respublkası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********* olan, reyestr nömrəsi **********52 və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən, xüsusi mülkiyyətində olan 2.3110 ha 0.8557 ha torpaq sahələri ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarı ilə JN 382 saylı kod 60711018 olan “Torpağa Mülkiyyət Hüququna Dair Dövlət” aktı ilə İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.17 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh yuxarıda qeyd olunan sənədlərə əsasən, xüsusi mülkiyyətində olan torpaq sahələri ilə İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi eyni ərazilərdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 kəndində yerləşən 2.3110 ha torpaq sahəsi X13 xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə 59 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 kəndində yerləşən 0.8557 ha torpaq sahəsi X13 xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-cı il tarixdə 65 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 kəndində yerləşən 0.7965 ha torpaq sahəsi X13 xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə 152 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün məhkəmənin hesabına 130 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı X11 tərəf narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri onlara məxsus torpaq sahəsinin X16 tərəfindən qanunsuz olaraq Cavabdeh satılmasından, bu faktın araşdırılmamasından, Vidadi Namazovun həmin torpaq sahəsini onlara qaytarmayaraq, razılıqları olmadan torpaq sahəsini Cavabdeh satmasından ibarətdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları bildirir. Göründüyü kimi, iddiaçılar məhkəməyə müraciət edərək Cavabdeh onlara məxsus olan 3,17 ha torpaq sahəsinin 0.79 ha hissəsinin zəbt edildiyini bildirilərək, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinə müdaxilənin qadağan edilməsini tələb etmişlər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 kəndi ərazisində yerləşən mübahisəli 2,3110 ha və 0.8557 ha torpaq sahələri DƏDRX-n qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********45 və qeydiyyat tarixi xx.xx.2017-ci il olan Çıxarışa və qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********52 və qeydiyyat tarixi xx.xx.2018-ci il olan Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətindədir. 09 iyul 2025-ci il tarixli, 10/1417 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də, həmin faktı təsdiq etmişdir. Göründüyü kimi, həmin torpaq sahələri cavabdehin xüsusi mülkiyyətindədir və onun tərəfindən qanunsuz olaraq zəbt edilməmişdir. Bundan başqa keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin Çıxarışlarda qeyd edilən torpaq sahələri ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarı ilə JN 382 saylı kod 60711018 olan “Torpağa Mülkiyyət Hüququna Dair Dövlət” aktı ilə İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.17 ha torpaq sahəsi ilə üst-üstə düşür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsini xx.xx.2017-ci il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X8 almışdır. Hazırda bəhs edilən torpaq sahələri üçün verilmiş xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixli Çıxarışlar ləğv edilməmiş və ya həmin Çıxarışlar iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Belə olduğu halda hesab edilir ki, Cavabdeh mübahisələndirilən 2,3110 ha və 0.8557 ha torpaq sahələrini qanuni əsaslarla almışdır. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh da X15 vərəsələrindən biridir. Şərh edilənlərə əsasən Kollegiya hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə işin faktiki hallarına uyğun olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı X6 özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(020)-11/2025 saylı qətnaməsi iddiaçı X6 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı X6 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar