Məhkəmə qərarları › İş №2(025)-244/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-244/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-244/2023 15.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, X1 07 may 1998-ci il tarixdə Qəbələ rayonu, Nic kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixində Qutqaşen (indiki Qəbələ) rayonunda anadan olmuşdur. Xasməmmədova (Mustafayeva) Məhbubə Veyis qızı ilə 1994-cü ildə ailə qurmuş və nikahlarını xx.xx.1996-cı il tarixində rəsmiləşdirmişlər. Birgə evliliklərindən 4 övladları anadan olmuşdur. X2 18 aprel 1996-cı il tarixində Qəbələ rayonu, Nic kəndində anadan olmuş, 07 may 1998-ci il tarixində 2 yaşında olarkən vərəm xəstəliyindən həmin kənddə vəfat etmiş və el adəti üzrə Qəbələ rayonu, Nic kənd qəbirstanlığında dəfn edilmişdir. Uşağın məzarı hal-hazırda da həmin qəbirstanlıqdadır. Qanunu bilməməzlikdən və səhlənkarlıq etdiklərindən qızının ölümünü vaxtında aidiyyəti orqanlara müraciət edərək qeyd etdirməmiş və ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda onun adına olan əmlakın vərəsəlik məsələsini həll etmək istəyir, lakin qızının doğumunun qeydə alınmasına baxmayaraq ölüm haqqında şəhadətnaməsi olmadığından həmin məsələni həll edə bilmir. X1 ölümündən xeyli müddət keçdiyinə görə isə Qeydiyyat şöbəsində ölümünü qeyd etdirib şəhadətnamə verilməsindən imtina olunur. Bu barədə ölüm faktının müəyyən edilməsi müraciətinə cavab olaraq Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-322/15 nömrəli məktubu ilə ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin, qeyd etmək istəyir ki, X1 ölüm faktı qonşuların və yaxın qohumların iştirakı ilə tərtib olunmuş Akt ilə də təsdiq olunur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin uşağı Rəvanə 1998-ci ildə vəfat etmiş və onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 göstərdi ki, ərizəçi onun kəndçisidir. Yadındadır ki, 1996-1998-ci illərdə ərizəçinin ailəsinində problemlər olmuşdur. Belə ki, atası və anası da xəstəlikdən əziyyət çəkmişdir. 1998-ci ildə Ərizəçi 2 yaşlı qızı Rəvanə xəstəlikdən vəfat etmiş və onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərdi ki, ərizəçi ilə bir kənddə yaşayır və müəllim işləyir. Ərizəçi qızı Rəvanənin dəfnində iştirak etmişdir. Dəfn 1998-ci ildə olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan xx.xx.1996-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 311092 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X3 01 noyabr 1996-cı ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İşdə olan xx.xx.1996-ci il tarixli, XX-ЖГ seriyalı, 266299 №-li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 18 aprel 1996-ci ildə doğulmuş, bu barədə 1996-ci ilin noyabr ayının 02-də 65 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, anası X5r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli, 05/Q-322/15 nömrəli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş qızı X6 ölümünü təsdiq edən sənədin olmaması səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon, Nic qəsəbə sakinləri X13, X16 və X14 tərəfindən tərtib edilmiş və imzalanmış aktda göstərilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü X8 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir və onların iştirakı ilə Nic qəsəbə qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli, 1488 nömrəli arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatdadır və yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi qızı - X8 1998-ci il mayın 07-də Qəbələ rayonu, Nic qəsəbəsində vəfat etmiş və Nic qəsəbə qəbirsanlığında dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi qızı, xx.xx.1996-cı il təvəllüdlü X4 1998-ci il mayın 07-də Qəbələ rayonu (keçmiş Qutqaşen) Nic kəndində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar