Məhkəmə qərarları › İş №2(025)-280/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-280/2022

24.01.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-280/2022 24.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında bağlanmış və mediator X2 tərəfindən təsdiq edilmiş 04 yanvar 2022-ci il tarixli “Barışıq Sazişinin” şərtlərini nəzərə almaqla barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə nikahları 25 sentyabr 1998-ci il tarixdə Qəbələ rayon Həmzəlli kənd icra nümayəndəliyi tərəfindən 21 nömrə ilə qeydə alınmışdır. Maraqlı şəxs ilə birgə nikahlarından 06 yanvar 2001-ci il tarixdə X4 və 29 iyul 2005ci il tarixdə X5 adlı övladları doğulmuşdur. Cavabdehlə olan münasibətləri artıq pozulubdur. Evliliklərinin ilk günlərində mehriban yaşasalar da, hal-hazırda onların ayrı-ayrı xarakterli insanlar olmaqları ona məlum olmuşdur. Maraqlı şəxslə xasiyyətləri uyğun gəlmir, dəfələrlə bu və yə digər səbəblərdən aralarında narazılıqlar olmuşdur. Onlar faktiki olaraq ayrılmışlar, nikahları isə formal xarakter daşıyır. Maraqlı şəxs uşaqları ilə birlikdə hal-hazırda Bakı şəhərində ona məxsus evdə yaşayır. Bundan sonra onların barışıb birlikdə yaşamaqları və ailələrini bərpa etmək mümkün deyildir. Ona görə də, nikahlarının pozulması qərarına gəlmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X1 müraciət edilmişdir. Beləliklə, Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanmışdır. Onların bağladıqları barışıq sazişində aşağıdakılar nəzərdə tutulmuşdur: “2.1 Tərəflər aralarında bağlanmış nikahın davam etdirilə bilməməsi barədə razılığa gəldilər; 2.1.1. Tərəflər qarşılıqlı razılığa gəlirlər ki, övladları X5 və X4 anaları Maraqlı şəxs himayəsində qalır; 2.1.2. İkinci tərəf Maraqlı şəxs öhdəsinə alır ki, övladlarının atası Ərizəçi uşaqları ilə istənilən vaxt, heç bir məhdudiyyət qoyulmadan görüşə bilər; 2.1.3. Birinci tərəf öhdəsinə alır ki, uşaqlarla bağlı bütün xərcləri (yaşayış, təhsil, sağlamlıq, evlənmək və s.) qarşılayacaqdır; 2.1.4. Tərəflər razılığa gəlirlər ki, Qəbələ rayonunun Cığatelli kəndində 0,5 ha torpaq sahəsində yerləşən 3 otaqlı ev əlavə torpaq sahəsi ilə birlikdə Maraqlı şəxs qalır. Qəbələ şəhərində yerləşən 3 otaqlı ev Ərizəçi qalır; 2.1.5. Tərəflərin bir-birinə qarşı digər əmlak tələbi yoxdur.” Maraqlı şəxs ilə araların bağlanmış barışıq sazişinin bağlanmasından 10 gündən artıq keçməsinə baxmayaraq barışıq sazişi icra olunmamışdır. Buna səbəb isə müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə qətnaməsi olmadan boşanmanı və barışıq sazişində nəzərdə tutulmuş digər halları rəsmiləşdirməmələri olmuşdur. Bu səbəbdən ondan və Maraqlı şəxs asılı olmayan səbəblərdən barışıq sazişi icra olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin barışıq sazişinin icra edilməsi üçün 10 gün olan icra müddəti keçmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, birgə nikahdan doğulmuş 06.01.2001-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatdığından onun valideynlərdən hansının yanında qalması barədə tələbləri yoxdur. Aralarında bağlanmış barışıq sazişinin 2.1.4-cü hissəsindən imtina edir və qalan hissədə barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, birgə nikahdan doğulmuş 06.01.2001-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatdığından onun valideynlərdən hansının yanında qalması barədə tələbləri yoxdur. Aralarında bağlanmış barışıq sazişinin 2.1.4-cü hissəsindən imtina edir və qalan hissədə barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Həmzəlli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 25.09.1998ci il tarixli, Vİ-ЖГ seriyalı, 485575 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X6 25 sentyabr 1998-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 21 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şəmsəddinov, arvada Şəmsəddinova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon Cığatelli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 05.01.2006-ci il tarixli, AZ-İ seriyalı, 698487 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 29.07.2005-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 06.01.2006-ci ildə 1 № ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. İş materiallarında olan Qəbələ rayonu VVADQ şöbəsi tərəfindən verilmiş 21.05.2002-cu il tarixli, AZ-İ seriyalı, 246221 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 06.01.2001-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 21.05.2002-ci ildə 57 № ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 04 yanvar 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılaşmışlar: 2.1 Tərəflər aralarında bağlanmış nikahın davam etdirilə bilməməsi barədə razılığa gəldilər. 2.1.1. Tərəflər qarşılıqlı razılığa gəlirlər ki, övladları X5 və X4 anaları Maraqlı şəxs himayəsində qalır. 2.1.2. İkinci tərəf Maraqlı şəxs öhdəsinə alır ki, övladlarının atası Ərizəçi uşaqları ilə istənilən vaxt, heç bir məhdudiyyət qoyulmadan görüşə bilər. 2.1.3. Birinci tərəf öhdəsinə alır ki, uşaqlarla bağlı bütün xərcləri (yaşayış, təhsil, sağlamlıq, evlənmək və s.) qarşılayacaqdır. 2.1.4. Tərəflər razılığa gəlirlər ki, Qəbələ rayonunun Cığatelli kəndində 0,5 ha torpaq sahəsində yerləşən 3 otaqlı ev əlavə torpaq sahəsi ilə birlikdə Maraqlı şəxs qalır. Qəbələ şəhərində yerləşən 3 otaqlı ev Ərizəçi qalır. 2.1.5. Tərəflərin bir-birinə qarşı digər əmlak tələbi yoxdur. 12.01.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün Ərizəçi tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 04 yanvar 2022-ci il tarixli “Barışıq Sazişi”nin “Qeyd” hissəsindən görünür ki, Ərizəçi tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında “nikahın pozulması, uşaqların himayədə qalması və s.” şərtlərlə barışıq sazişi imzalanmışdır. Saziş əsasında tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş uşaqlarının Maraqlı şəxs himayəsində qalması, Ərizəçi uşaqlarla bağlı bütün xərcləri qarşılayacağı, Qəbələ rayonunun Cığatelli kəndində 0,5 ha torpaq sahəsində yerləşən 3 otaqlı ev əlavə torpaq sahəsi ilə birlikdə Maraqlı şəxs, Qəbələ şəhərində yerləşən 3 otaqlı evin Ərizəçi qalması, tərəflərin bir-birinə qarşı başqa əmlak tələblərinin olmaması barədə razılığa gəlmişlər. Lakin barışıq sazişi imzalandığı andan 10 gün ərzində saziş müəyyən səbəblərdən icra edilmədiyindən Ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi və maraqlı şəxs barışıq sazişinin 2.1.4-cü hissəsindən imtina etməklə qalan hissədə təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin 2.1.4-cü bəndində “Tərəflər razılığa gəlirlər ki, Qəbələ rayonunun Cığatelli kəndində 0,5 ha torpaq sahəsində yerləşən 3 otaqlı ev əlavə torpaq sahəsi ilə birlikdə Maraqlı şəxs qalır. Qəbələ şəhərində yerləşən 3 otaqlı ev Ərizəçi qalır.” şərti nəzərdə tutulmuşdur. Lakin ərizəçi və maraqlı şəxs sözügedən daşınmaz əmlaklara dair məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişlər. Eyni zamanda məhkəmə zamanı məhkəməyə təqdim etdikləri ərizələrində “Barışıq Saziş”inin həmin 2.1.4-cü hissəsindən imtina etdiklərini bildirmişlər. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində barışıq sazişi icra edilməmişdir. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilmsə də, məhkəməyə təqdim etdiyi ərizədə barışıq sazişinin 2.1.4-cü hissəsi çıxılmaqla, təsdiqi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 04 yanvar 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Odur ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 04.01.2022-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Azərbaycan Respublikası Qəbələ rayonu Həmzəlli kənd icra nümayəndəliyi tərəfindən 1998-ci il sentyabrın 25-də qeydə alınmış 21 nömrəli nikah pozulsun. 29 iyul 2005-ci il təvəllüdlü X5 - anası Maraqlı şəxs yanında saxlanılsın. Maraqlı şəxs 29 iyul 2005-ci il təvəllüdlü X3 ataları Ərizəçi ilə maneəsiz görüşünə şərait yaratsın. Ərizəçi gələcəkdə uşaqlarla bağlı bütün xərcləri (yaşayış, təhsil, sağlamlıq, evlənmək və s.) ödəsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar