Məhkəmə qərarları › İş №2(025)-29/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-29/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-29/2022 22.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh1 iştirakları ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 32532,91 (otuz iki min beş yüz otuz bir manat doxsan bir qəpik) manat – bundan 12211,67 (on iki min iki yüz on bir manat altmış yeddi qəpik) manat əsas, 22,71 (iyirmi iki manat yetmiş bir qəpik) manat faiz, 18867,13 (on səkkiz min səkkiz yüz altmış yeddi manat on üç qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin 30.09.2020-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1431,40 (bir min dörd yüz otuz bir manat qırx qəpik) manat faiz borcunun Cavabdeh1 tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 56 saylı fərdi yaşayış evinə yönəlməsi; yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması; ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh5 və X3 həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və evdən çıxarılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27.05.2015-ci il tarixli, 111.LN.2004.270515.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz ödənilmək şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tərəfindən ona məxsus Qəbələ şəhəri. İ.B.Qutqaşınlı küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 56 saylı fərdi yaşayış evi 27 may 2015-ci il tarixli, 111.CL.270515.00001/a saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. (Yüklü edilən əmlakın reyestr nömrəsi **********89-10301; qeydiyyat nömrəsi: **********: 27.05.2015). Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********111 saylı 30.04.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 30.09.2020-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 32532,91 (otuz iki min beş yüz otuz iki manat 91 qəpik təşkil edir. Bundan 12211,67 (on iki min iki yüz on bir manat altmış yeddi qəpik) manat əsas, 22,71 (iyirmi iki manat yetmiş bir qəpik) manat faiz, 18867,13 (on səkkiz min səkkiz yüz altmış yeddi manat on üç qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin 30.09.2020-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1431,40 (bir min dörd yüz otuz bir manat qırx qəpik) manat faiz borcu təşkil edir. Məhkəmənin 09.08.2021-ci il tarixli qərardadı ilə, iş üzrə əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, əmlakın qiymətləndirilməsi ekspertizasının aparılması isə “X2” MMC-nə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2021-ci il tarixli, 9/6054 saylı rəyi məhkəməyə 28.09.2021-ci il tarixdə daxil olmuşdur. Eyni zamanda “X2” MMC-nin 29 sentyabr 2021-ci il tarixli, 021-018 nömrəli rəyi məhkəməyə 30.09.2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmənin 30.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1166/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 27.05.2015-ci il tarixli, 111.LN.2004.270515.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 qızının öhdəliklərini yerinə yetirməməsi nəticəsində əsas borcu və faiz borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq düzgün hesablanmışdırmı?; İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 27.05.2015-ci il tarixli, 111.LN.2004.270515.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir?; İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 27.05.2015-ci il tarixli, 111.LN.2004.270515.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) nə qədər təşkil edir?; Cavabdeh1 qızının müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu hesablandıqdan sonra iş materillarına əlavə edilmiş hesabdan çıxarışa əsasən Cavabdeh1 tərəfindən əgər digər ödənişlər edilmişdirsə (müqavilə müddəti bitən tarixdən sonra) həmin ödənişlərin əsas və faiz borcundan silinməsi əsaslandırılmaqla əsas və faiz borcu nə qədər təşkil edir?; Cavabdeh1 ipoteka ilə yüklü edilmiş, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 56 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 66.05 kv.m, köməkçi sahəsi 62.17 kv.m olan 56 nömrəli fərdi yaşayın evinin hazırki real bazar qiyməti və likvid qiyməti nə qədərdir? “X4” MMC-nin 31 yanvar 2022-ci il tarixli, 569 saylı rəyi 09 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin 09.02.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Cavabdeh1 müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Belə ki, məhkəmənin icraatı zamanı Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş, eyni zamanda “Elektron məhkəmə” sistemi ilə axtarış edilmiş və bu zaman iddiaçı tərəfin hüquqi şəxs, Cavabdeh1 isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti VÖEN **********, Cavabdeh1 VÖEN ********** 10 saylı Ərazi Vergilər İdarəsi AZ 3600, Qəbələ rayonu, Qəbələ.Ş, H.Əliyev pr, ev117). Bundan əlavə işin faktiki halından müəyyən edilir ki, Cavabdeh1 kredit dövriyyə vəsaitləri məqsədləri üçün verilmişdir. Bu baxımdan məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əsasən hesab edir ki, mübahisə üzrə tərəflərdən biri iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs, digəri fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. (27.05.2015-ci il tarixli, 111.LN.2004.270515.00001 saylı kredit müqaviləsi). Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar