Məhkəmə qərarları › İş №2(025)-369/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-369/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-369/2021 02.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 035R********** saylı kredit razılaşması üzrə 1847.93 manat kredit borcu, 815.58 manat faiz borcu və 2497.72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5161 (beş min yüz altmış bir) manat 23 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması; tutmanın Qəbələ şəhəri Surə Kərimova küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 13 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 5161 (beş min yüz altmış bir) manat 23 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması və Qəbələ şəhəri Surə Kərimova küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 13 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X1, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04.03.2021-ci il tarixli qərardadı ilə, iş üzrə əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizalarının aparılması “X2” MMC-nə həvalə edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Məhərrəm Həsənov məhkəməyə 02.06.2021-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək, Cavabdeh1 banka olan borcunu tam olaraq ödədiyini, hazırda onun bank qarşısında öhdəliyinin mövcud olmadığını, mülki işin işin baxılmamış saxlanılmasını, ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. “X2” MMC-nin 03 iyun 2021-ci il tarixli, 173 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə mülki iş 25 iyun 2021-ci il tarixdə məhkəməyə geri qaytarılmış və məhkəmənin 25.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin baxışı davam etdirilmişdir. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar