Məhkəmə qərarları › İş №2(025)-567/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-567/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-567/2022 04.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış 01.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 10.000 (on min) manat məbləğində pul, 1500 (min beş yüz) manat məbləğində cərimə və 124.50 (yüz iyirmi dörd manat əlli qəpik) manat olmaqla, ümumilikdə 11624.50 (on bir min altı yüz iyirmi dörd manat əlli qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi; 2. Borc tələbinin qeyd olunan kreditin təminatı kimi İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh1 Şirəsədin qızına məxsus olan ünvan 1 ünvanda yerləşən 267,4 kv/m. fərdi yaşayış evinə yönəldilməsi; 3. İpoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən 40.000 (qırx min) manat müəyyən edilməklə əmlakın açıq hərracdan satılması; 4. Əldə olunacaq vəsaitin hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra 1 ay müddətində cavabdeh və həmin mənzildə yaşayan digər şəxslər mənzildən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması; 5. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinin forma və məzmununa əməl edilməmiş, iddianın əsası kimi istinad edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri iddia ərizəsinə əlavə olunmamış, əlavə edilmiş sənədlər isə əsl olmayıb, qanunla müəyyən edilmiş qaydada təsdiq olunmamış kserosurətlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübütlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı iddia ərizəsinin forma və məzmununa əməl edilməmiş, iddianın əsası kimi istinad edilən və cavabdehə təqdim etmək üçün sənədlərin qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini, həmçinin həmin sənədlərin cavabdehə çatacaq surətlərini əlavə etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1-309.2-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. İddiaçı iddia tələbində “kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh1 Şirəsədin qızına məxsus olan ünvan 1 ünvanda yerləşən 267,4 kv/m. fərdi yaşayış evinə borcun tutulmasının yönəldilməsini” tələb etsə də, həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı xeyrinə ipoteka ilə yüklü edilməsinə dair hər hansı sübut (çıxarış) iddia ərizəsinə əlavə etməmiş, ümumiyyətlə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb-alınmaması barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, X2 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən cəmi 131 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 124.50 manat məbləğində olmuşdur. Göstərilənlərə əsasən, hesab edirəm ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 124.50 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 124.50 (bir yüz iyirmi dörd manat əlli qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar