Məhkəmə qərarları › İş №2(025)-584/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-584/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-584/2021 18.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 03 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12800.12 manat əsas, 2118.29 manat faiz, 5339.55 manat cərimə və kredit müqaviləsi üzrə 30.07.2018-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1826.35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22084.31 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanın Cavabdeh4, Cavabdeh2, X1 və Cavabdeh3 mülkiyyətindəki Qəbələ rayonu, Şamlı kəndində yerləşən, 2 otaqlı, 48.3 kv.m ümumi, 36.2 kv.m yaşayış, 12.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 1,18 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Şamlı kəndində yerləşən, 2 otaqlı, 48.3 kv.m ümumi, 36.2 kv.m yaşayış, 12.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 1,18 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC -nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh4, Cavabdeh2, X1 və Cavabdeh3 mülkiyyətindəki Qəbələ rayonu, Şamlı kəndində yerləşən, 2 otaqlı, 48.3 kv.m ümumi, 36.2 kv.m yaşayış, 12.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 1,18 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, X1, Cavabdeh3 və Cavabdeh6 Qəbələ rayonu, Şamlı kəndində yerləşən, 2 otaqlı, 48.3 kv.m ümumi, 36.2 kv.m yaşayış, 12.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 1,18 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh2, X1, Cavabdeh3 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 03 iyul tarixli Əsas Kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 6%-lə 72 ay müddətinə 18000 manat məbləğində kredit limiti verilmişdir. 2015-ci il 03 iyul tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4, Cavabdeh2, X1 və Cavabdeh3 mülkiyyətindəki Qəbələ rayonu, Şamlı kəndində yerləşən, 2 otaqlı, 48.3 kv.m ümumi, 36.2 kv.m yaşayış, 12.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1,18 ha torpaq sahəsi 2015-ci il 03 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci ilin martın 19-dək Cavabdeh1 2015-ci il 03 iyul tarixli kredit müqaviləsi üzrə banka 12800.12 manat əsas, 2118.29 manat faiz, 5339.55 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 22084.31 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 19 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 03 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12800.12 manat əsas, 2118.29 manat faiz, 5339.55 manat cərimə və kredit müqaviləsi üzrə 30.07.2018-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1826.35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22084.31 manat məbləğində borcu vardır. 03 iyul 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 10.3.2-ci bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyətinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin hüquqi şəxs, iş üzrə Cavabdeh2 isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti VÖEN **********, Cavabdeh2 VÖEN **********). Bundan əlavə işin faktiki halından müəyyən edilir ki, cavabdeh - əsas borclu Cavabdeh1 krediti Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə dövriyyə vəsaitinin artırılması məqsədi ilə götürmüş və müqavilədə qeyd edilən kredit məbləği onun ssuda hesabına köçürülmüşdür. Bu baxımdan məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əsasən hesab edir ki, mübahisə üzrə tərəflərdən biri iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs, digəri fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında İddiaçı ASC-nın nümayəndəsi Nümayəndə mülki işin məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmişlər, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, qanunverici işlərin kommersiya məhkəməsinə aid edilməsinin əsas meyarları kimi həm mübahisənin yarandığı hüquq münasibətinin iştirakçılarının subyekt tərkibini, həm mübahisənin predmetini, həm də hüquq münasibətinin xarakterini əsas götürmüşdür. Ona görə də, tərəflərdən biri hüquqi şəxs, digəri fərdi sahibkar statusu əldə etmiş fiziki şəxs olduğundan hazırki mübahisəyə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-32 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar