Məhkəmə qərarları › İş №2(025)-72/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-72/2022

17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-72/2022 17.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, həyat yoldaşı X2 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, həyat yoldaşı X6 ilə 26 yanvar 2005-ci ildə nikaha daxil olmuş və o zaman həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi 9 saylı evdə yaşamışlar. Həyat yoldaşı Ağdam rayonunun Güllücə kəndində anadan olsa da, lakin Bakı şəhərində qeydiyyatda olmaqla yaşamışdır. 2019-cu ilin noyabr ayında Ağdam rayona qohumlarının yanına getmiş və həmin vaxtı qəflətən vəfat etmişdir. Həyat yoldaşı Tərtər rayonu Hüsənli kəndindəki qəbirstanlıqda dəfn edilmişdir. Bu faktı Ağdam Rayon icra hakimiyyəti Başçısının Güllücə İnzibati ərazi üzrə nümayəndəliyinin 534 №-li 15.10.2021-ci il tarixli arayışı təsdiq edir. Lakin nədənsə o zaman həyat yoldaşının vəfat etməsi ilə əlaqədar “Ölüm haqqında şəhadətnamə” alınmamışdır. Belə ki, o zaman həyat yoldaşının ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etdikdə 2021-ci il tarixli məktubunda həyat yoldaşının “Ölüm haqqında şəhadətnamə”nin alınması üçün məhkəməyə müraciət etməkləri məsləhət görülmüşdür. Sonradan o, Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət edərək ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin Qeydiyyat şöbəsi ölümün səbəbi haqqında arayış olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Hazırda həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün şəxsi məsələlərini həll edə bilmir. Ona görə hesab edir ki, məhkəmə həyat yoldaşı X2 ölümünün qeyd edilmə faktını müəyyən etməlidir. Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, ərizəçi onun bacısı, mərhum X6 isə onun bacısının əridir. Vurğun Hüseynov 2019-cu il oktyabrın 03-də vəfat etmiş və onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, ərizəçi onun bacısıdır. Onun bacısı Ərizəçi mərhum həyat yoldaşı 03.10.2019-cu il tarixdə vəfat etmiş və onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli Arayışın surətindən görünür ki, X6 22.05.1971-ci il tarixdə Ağdam rayonu, Güllücə kəndində doğulmuşdur. İş materiallarında olan 26.01.2005-ci il tarixli, AZ-İ seriyalı, 145087 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə Ərizəçi 26 yanvar 2005-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 61 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli, 222 nömrəli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş həyat yoldaşı X2 ölümünü təsdiq edən sənədin olmaması səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti Başçısının Güllücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, 534 nömrəli arayışdan görünür ki, əvvəllər Ağdam rayon Güllücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Güllücə kənd sakini olmuş X6 03 oktyabr 2019-cu ildə vəfat etmiş və qohumları tərəfindən Tərtər rayon Hüsənli qəbirsanlığında dəfn olunmuşdur. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 oktyabr 2021-ci il tarixli, 1848 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan X4 məxsus qəbir daşının foto-şəkillərindən görünür ki, X6 22.05.1971-ci il tarixdə doğulmuş və 03.10.2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Tərtər rayonu X5 Hüquqi Şəxsi tərəfindən verilmiş 30.12.2021-ci il tarixli, 1082 nömrəli cavab məktubunda göstərilmişdir ki, 03.10.2019-cu il tarixdə Tərtər rayonu, Təzəkənd kəndində vəfat etmiş X6 ilə bağlı Tərtər RMX PHŞ-ya heç bir müraciət daxil olmamışdır. İşdə olan ASAN-QƏBƏLƏ tərəfindən verilmiş 15.12.2016-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi həyat yoldaşı - X6 2019-cu il oktyabrın 03-də Tərtər rayonu, Təzəkənd kəndində vəfat etmiş və Tərtər rayon Hüsənli qəbirsanlığında dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1971-ci il mayın 22-də Ağdam rayonunda doğulmuş həyat yoldaşı – X2 2019-cu il oktyabrın 03-də Tərtər rayonu, Təzəkənd kəndində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar