Məhkəmə qərarları › İş №2(025)-80/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-80/2021

12.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-80/2021 12.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "əmlak" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı “qızıl-zinət, cehiz əşyalarının və birgə yaşayış dövründə əldə edilmiş əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 470 manat dəyərində 1 ədəd üzük, 200 manat dəyərində 1 ədəd üzük, 350 manat dəyərində 1 ədədd üzük, 3700 manat dəyərində komplekt- 900 manat dəyərində 1 ədəd boyunbağı, 600 manat dəyərində 1 ədəd bilərzik və 1200 manat dəyərində 1 ədəd sırğa və 1 ədəd üzük, 35 manat dəyərində 1 ədəd aliminium qazança, 45 manat dəyərində 3 ədəd hamam dəsmalı, 55 manat dəyərində 11 ədəd əl-üz dəsmalı, 6 manat dəyərində 1 ədəd billur stəkan, 45 manat dəyərində 1 ədəd billur güldan, 4,50 manat dəyərində 3 ədəd mətbəx bıçağı, 8 manat dəyərində 6 ədəd çay qaşığı, 125 manat dəyərində 5 ədəd üzlük (çexol) prostina, 6 manat, dəyərində 6 ədəd razetka (mürəbbə üçün), 35 manat dəyərində 1 ədəd bişinti qabı (üç mərtəbə) və 300 manat dəyərində 10 kəsim (otrez) paltar üçün parçanın və ya dəyərinin alınıb mənə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə xx xxxxx 2019- cu il tarixdə evlənmişlər. Lakin münasibətləri pozulduğuna görə cavabdehlə iddiasına əsasən aralarında olan nikah Qəbələ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-937/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. Ərə gedərkən apardığı cehiz əşyalarının bir hissəsini hər iki tərəfin könüllü razılığına əsasən aparmışdır. Lakin cavabdeh qızıl zinət əşyalarını verməkdən imtina etdi və bəhanəsi də bu oldu ki, guya qız tərəf həmin qızıl-zinət əşyalarını və cehiz əşyalarını aparmışdır. Qızıl-zinət əşyalarını cavabdehin qardaşı əlindən məcburi surətdə almışdır. Bu barədə işə əlavə etdiyi video diskdə vardır, həmin diskdə cavabdehin qardaşı arvadının səs yazısı vardır və orada qeyd edir ki, həmin qızıl-zinət əşyalarını satıb borclarını ödəyiblər. Lakin, o, dəqiq bilir ki, qızıl-zinət əşyaları cavabdehdədir. Cavabdehdə qalan cehiz əşyaları, geyim paltarları və qızıl-zinət əşyaları bunlardır: 470 manat dəyərində hədiyyə şəklinə verilmiş 1 ədəd, üzük; 200 manat hədiyyə şəklində verilmiş 1 ədəd üzük; 350 manat hədiyyə şəklində verilmiş 1 ədəd üzük; 3700 manat komplekt qızıl-zinət əşyaları: oraya daxildir-900 manat dəyərində 1 ədəd boyunbağ, 600 manat dəyərində 1 ədəd bilərzik, 1200 manat dəyərində 1 ədəd sırğa və 1 ədəd üzük; Verilməmiş qalan cehiz əşyalarım aşağıdakılardır. 35 manata 1 ədəd aliminum qazança (qablama); 45 manata 3 ədəd hamam dəsmalı; 55 manata 11 ədəd əl-üz dəsmalı; 6 manata 1 ədəd billur stəkan; 45 manata 1ədəd billur güldan; 4,50 manata 3 ədəd mətbəx bıçağı; 8 manata 6 ədəd çay qaşığı; 125 manata 5 ədəd üzlük (çexol) prostina; 6 manata 6 ədəd razetka (mürəbbə üçün); 35 manata- 1 ədəd bişinti qabı (üç mərtəbə); 300 manata-10 kəsim (otrez) paltar üçün parça. Bütün bu sadalanan qızıl-zinət əşyalarını, cehiz əşyalarını cavabdeh könüllü vürməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsini təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdeh iddiaçının iddia tələbini qəbul etmir. Cavabdeh onun oğludur. Cavabdeh iddiaçı ilə xx xxxxx 2019-cu il tarixdə evlənmiş və münasibətləri pozulduğuna görə nikah Qəbələ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci İtarixli, 2(025)-937/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. İddiaçının qeyd ediklərinin hamısı yalandır. Anası iddiaçını həkimə aparmaq adı ilə aparıb. Həmin gün əşyaların bir hissəsini aparıb. Aradan iki gün keçmişdi ki, qardaşı ilə gəlib qalan əşyaları da aparıb. Həmin vaxt evdə Cavabdeh olub. Qızılların hamısı yoldaşının olub. Gəlin üçün heçnə almamışdır. İddiaçı bütün əşyaları özü ilə aparıb. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, İddiaçı məxsus cehiz əşyalarının bir qismi cavabdehə məxsus evdən götürülərkən o nümayəndə olaraq iştirak etmişdir. Həmin vaxt xanımların birində siyahı var idi və siyahıda çatmayan əşyalar qeyd olunurdu. Cehiz əşyalarını apararkən tərəflər arasında heç bir mübahisə yaranmadı. İddiaçı tərəf mebel, qab-qacaq əşyalarını yığıb apardılar, qızıl-zinət əşyaları ilə bağlı heç bir söhbət olmadı. Cehiz əşyaları aparılarkən akt tərtib edilməmişdir. Əşyaları aparmağa İddiaçıin qohumları getmiş, iddiaçı özü və anası yox idi. Tərtib olunmuş siyahıda qızıl-zinət əşyaları ilə bağlı qeyd yox idi. X7 Mövsüm qızı məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, İddiaçı xalasıdır. Cehiz əşyalarının bir qismini cavabdehə məxsus evdən götürərkən o da iştirak etmişdir. Balıncların bir qismi yox idi, bir qisminin isə üzü sökülmüşdür. İddiaçıya hədiyyə olaraq verilmiş saat da yox idi. Stəkan-nəlbəkilərdən hərəsindən 2-2 qalmışdı. Həmçinin Sevincə məxsus qızıl-zinət əşyalarını da həmin gün götürə bilməmişdirlər. Qızıl-zinət əşyaları ilə bağlı həm Sevincnən anası orada olmadığına görə və mübahisə düşməsin deyə, heç bir tələb irəli sürməmişlər. Feni tələb etdikdə Sevincin eltisi sərt bir şəkildə “yoxdu” dedi. Həmin gün nümayəndələr tərəfindən akt tərtib olundu, lakin iştirakçı olaraq o imza çəkməmişdir, ona imza etməli olduğu barədə məlumat verilməmişdir. X5 Mösüm oğlu məhkəmə iclasında ifadəsində göstərmişdir ki, İddiaçı dayısıdır. Cehiz əşyalarının bir qismini götürərkən o da iştirak etmişdir. Həmin vaxtı orada iki icra nümayəndəsi iştirak edib, iki ayrı siyahı tərtib olunub, onlar da qol çəkiblər. Çatışmayan əşyalar həmin siyahıda qeyd olunmuşdur. Onlar cavabdehin evinə davaya getməmişdilər, ona görə də çatışmayan əşyaları tələb edərək mübahisə yaratmadılar. Cehiz əşyaları götürülərkən Sevinc orada iştirak etməmişdir. Nümayəndə cehiz əşyalarını götürməyə gələcək adamları özü demişdir. Həmin gün siyahı tərtib olunmuşdur, lakin kim tərəfindən və necə tərtib olunduğunu bilmir. X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, İddiaçı dayısı arvadıdır. Cavabdehə məxsus evdən cehiz əşyalarının bir qismini götürərkən o da iştirak etmişdir. Özündən başqa orada onun yoldaşı və Sevincin xalası da iştirak etmişdir. Həmin gün orada icra nümayəndəsi Xəyal iştirak edib və siyahı tərtib olunub. Siyahıda götürə bilmədikləri əşyaların adları qeyd edilmişdir, onlar da siyahıya qol çəkiblər. Şahid Hidayətova Hökumə Məhəmməd qızı məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, Ovcullu kəndinin nümayəndəsidir. Nümayəndə ondan cehiz əmlakının yığılmasında iştirak etməsini xahiş etmişdir. Ağasəf özü cehizlərin yığılmasında iştirak etməmişdir. Qız tərəfi özləri cehiz əşyalarını yığışdırıb apardılar. Həmin gün mebelləri, yorğan-döşək, qab-qaşıq apardılar. Qızıl-zinət əşyaları üzə çıxarılmamış, eyni zamanda həmin əşyalarla bağlı heç bir mübahisə yaranmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh birgə nikaha daxil olaraq ailə qurmuşlar və iddiaçı cavabdehin yaşadığı evə köçmüş, ailə münasibətləri pozulduqdan sonra iddiaçı həmin evi tərk etmişdir. Hazırda iddiaçı ona məxsus cehiz əmlakını cavabdehdən tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Eyni Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iclasında iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının cavabdehin evində olması faktı öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehlə onun nikahı bağlanan vaxt iddiaçıya hədiyyə olunduğu onun təqdim etdiyi fotolardan aydın görünür. İddiaçı nikahları pozulmamışdan qabaq valideyinlərinin evinə gedərkən həmin qızıl-zinət əşyalarının üzərinə taxılması üçün hər hansı bir əsas olmadığı müəyyən olunur. Bundan başqa, məhkəmə iclasında qulaq asılan səs yazısında qızıl-zinət əşyalarının olmadığı satıldığı müəyyən edilir. Eyni zamanda, iddiaçı verilməmiş qalan cehiz əşyalarının qaytarılması ilə tələbini əsaslandıra bilməmiş və həmin əşyaların cavabdehlərdə olmasını təsdiq edən mötəbər sübut növü təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçıya məxsus qızıl-zinət əşyaları: üç ədəd üzük və komplekt (bir ədəd boyunbağı, bir ədəd bilərzik, sırğa və bir ədəd üzük) alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-iş 77.1-ci maddəsinə əsasən hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı "əmlak" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh iddiaçıya məxsus qızıl-ziynət əşyaları: üç ədəd üzük və komplekt (bir ədəd boyunbağı, bir ədəd bilərzik, sırğa və bir ədəd üzük) alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar