Məhkəmə qərarları › İş №2(025)-959/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-959/2021

30.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-959/2021 30.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "əmlakın geri qaytarılması və dəymiş zərərin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı "əmlakın geri qaytarılması və dəymiş zərərin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən satılmış atası X3 özəlləşdirmə payı kimi verilmiş iki ədəd motorlu yem saxlama və qarışdırma çətinin geri qaytarılmasına, geri qaytarılması mümkün olmadıqda çənlərin dəyəri olan 2800 azn (iki min səkkiz yüz manat) pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X6 05.11.2019-cu il tarixində vəfat etmişdir. Ona 1996-cı ildə Qəbələ rayonu, İ.Qayıbov adına kolxozdan özəlləşdirmə payı olaraq 2 ədəd keçmiş maliyyə vahidi ilə dəyəri 200.000 manat olan çənlər verilmişdir. Həmin çənlər 2020-ci ilin aprel ayına kimi Qəbələ rayonu Vəndam qəsəbəsində keçmiş yem emalı sexində istifadəyə yararlı vəziyyətdə qalırmış. Həmin yem emalı sexi islahatlar zamanı həm kəndliləri Cavabdeh mülkiyyətinə verilmişdir. Cavabdeh Qədil oğlu atası sağ olarkən onunla razılığa gələrək həmin çənlərdən sexdə istifadə edirmiş. Atasının vəfatından sonra 2020-ci ilin 04 aprelində onlara heç bir məlumat vermədən Cavabdeh həmin çənləri satmışdır. O, bu barədə dəfələrlə ona bildirmiş ki, həmin çənlərin birinin təqribən 1400-1500 manat dəyəri var və o çənlər atasına kolxozdan özəlləşdirmə payı kimi verilib. Lakin Cavabdeh dəfələrlə deməsinə baxmayaraq onlara o çənlərin dəyərinin ödənilməsindən boyun qaçırmışdır. Onda olan məlumata görə Cavabdeh həmin çənlərin 1 ədədini 1400 manata olmaqla ikisini bir yerdə 2800 AZN dəyərində satmışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən tam aydın olur ki, həmin iki ədəd böyük tonajlı yem saxlama və qarşıdırma təyinatlı çənlər atasına 24 dekabr 1996-ci il tarixində rəsmi şəkildə özəlləşdirmə payı kimi verilmişdir. Cavabdeh atası sağ olarkən onunla heç bir qarşılıq ödənilmədən həmin çənlərdən istifadə etmişdir. Lakin atasının vəfatından sonra o çənləri qanunsuz olaraq sahiblənib satmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Lakin cavabdeh 16.06.2021-ci il və 22.07.2021-ci il tarixlərdə göndərdiyi ərizələrdə iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, cavabdehin ərizələrini nəzərə alaraq, iddiaçının izahatını və cavabdehin ərizələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 24 dekabr 1996-cı il tarixdə Qəbələ rayonu «İ.Qayıbov» adına kolxozda Qəbələ rayonu Aqrar kombinatın baş mühəndisi Tofiq Şirinovun, həmin kombinatın baş dövlət texniki nəzarət müfəttişi Bəhman Məmmədovun, kolxozun sədri Namizət Sadıqovun, kolxozun baş mühəndisi Maarif Şirəliyevin, kolxozun təftiş komissiyasının sədri Zahir Niftalıyevin, kolxozun baş zootexniki Əbülfət İsmayılovun, zootexnik Vaqif Abdullayevin, kolxozun ferma mexaniki Məhyəddin Məsimovun və ferma müdiri Mirbala Xanalıyevin iştirakları ilə tərtib edilmiş aktda qeyd edilmişdir ki, kolxozda 1985-ci ildə quraşdırılmış yem sexi 1993-cü ilə qədər istifadə edilərək qaba və şirəli yemlərin pörtlədilməsində, doğranıb mal-qaraya verilməsində istifadə edilmişdir.1993-cü ildən sonra yem sexi əsaslı təmirə dayandırılmışdır. İqtisadi çətinliklə əlaqədar olaraq yem sexinin əsaslı təmiri kolxoz tərəfindən aparılmamışdır. Eyni zamanda dizel yanacağının çatışmamazlığı və kolxozda digər yanacaqların çətin əldə edilməsinə görə sexin istifadəsi dayandırılmışdır. Kolxozda mövcud ferma avadanlıqlarından elektrik mühərrikləri, elektrik şiti və digər avadanlıqlar yem sexindən götürülərək istifadə edilmişdir. Mövcud yem sexinə texniki baxış keçirilərək məlum olmuşdur ki, sexin hazırkı vaxtda əsaslı təmir edilib istismar edilməsi imkan daxilində deyildir. Odur ki, 1985-ci ildə istifadəyə verilmiş yem sexinin avadanlıqlarının istismar müddəti qurtardığına, əsaslı təmirin imkan daxilində mümkün olmadığına görə kolxozun balansından silinməsi məsləhətdir. Sexin avadanlıqları çıxdaş edilikdən sonra əsasən yararlı hissələri elektrik mühərrikləri, elektrik şitləri daşıyıcı, boşaldığı şnaklar və sair hissələri fermada digər sahələrdə istifadə edilmək üçün mədaxil edilməlidir. Sexdə digər istismara yaramayan metal hissələr, qaynaq işlərində və ya təkrar qara metal istehsalat birliyinə təhvil verilməlidir. İş materiallarında olan 25 dekabr 1998-ci il tarixdə Qəbələ rayonu «İ.Qayıbov» adına kolxozda Qəbələ rayonu Aqrar kombinatın baş mühəndisi Tofiq Şirinovun, kolxozun təftiş komissiyasının sədri Zahir Niftalıyevin, kolxozun baş zootexniki Əbülfət İsmayılovun, Z.Əsgərovun və ferma müdiri Mirbala Xanalıyevin iştirakları ilə tərtib edilmiş aktda qeyd edilmişdir ki,keçmiş «Miçurin» adına kolxozun mal fermasında yerləşən qaba yemləri bişirən yem sexinin mexaniki avadanlığı silinərkən istifadə üçün orta səviyyədə yararlı iki ədəd çən mədaxil edilmişdir.Mütəxəssislərin tərtib etdikləri akta əsasən əmlak paylarının yenidən qiymətləndirib müəyyən edərkən komissiya üzvləri həmin iki ədəd çəni yenidən qiymətləndirən zaman aşkar etmişlər ki, həqiqətən həmin çənlərin hər birisi bir yüz min manata qiymətləndirilməsi məsləhət bilinir. Çünki həmin çənlər uzun müddət işləyib, işlədiyi dövr ərzində isə üst və alt hissələri pas atmış, sökülərkən qaynaq yerləri müxtəlif dərəcədə biribirindən ayrılmışdır. Odur ki, komissiya heyəti bir daha bunları nəzərə alıb həmin iki ədəd çənin hər birinə bir yüz min manat qiymət təyin etmişdir. İşdə olan «Qayıbov» adına kolxozun 23 fevral 1999-cu il tarixli 01 saylı kassa mədaxil orderindən (qəbzindən) görünür ki, X8 tərəfindən yem sexindən sökülmüş və satılmış iki ədəd çənin dəyəri olaraq iki yüz min manat pul ödənilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 18 noyabr 2019-cu il tarixli AZ-JJ 033297 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X7 05.11.2019-cu il tarixdə “prostat vəzinin bədxassəli yenitörəməsi xəstəliyi”ndən vəfat etmişdir. İşdə olan Qəbələ regional «Asan xidmət» mərkəzinin notariat ofisində 08 oktyabr 2020-ci ildə 2V-538 reyestr nömrəsi ilə qeydə alınmış «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, 05.11.2019-cu il tarixdə vəfat etmiş X1 vərəsələri X4, İddiaçı və X9rlar. Onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən əmlak ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən 02.10.2020-ci il tarixdə verilmiş **********10 reyestr nömrəsi,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyət üzrə Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 0.2999 ha olan kənd təsərrüfatı təyinatla torpaq sahəsindən X3 məxsus hissəsindən ibarətdir. İşdə olan Qəbələ rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X10 03 aprel 2021-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 25.03.2021-ci il tarixdə Vəndam qəsəbə sakini Cavabdeh Qəbələ rayon Poli şöbəsinə müraciət edərək 13.01.2018-ci il tarixdə arvadı X2 30 mart 2009-cu il taridə “İ.Qayıbov” adına kolxozun AİK-sı tərəfindən əmlak payı kimi verilmiş bir ədəd təxminən iki-üç tonluq 1000 manat dəyərində olan dəmir çənini bacısı oğlu mərhum X1 İsmayıllı rayon sakini X11 icazəsi olmadan oğurlayaraq satdığını bildirmiş və sonuncunun barəsində qanuni tədbir görülməsini və dəmir çənin geri qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Qərara görə Qəbələ rayonu Polis şöbəsinin Təhqiqat bölməsində araşdırılması aparılan HK-1/295 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Qəbələ rayon X17 Rayon Məhkəməsinə 26 iyul 2021-ci il tarixdə ünvanladığı 103 saylı məktubu ilə arxivdə saxlanılan «İ.Qayıbov» adına kolxozun yerli AİK-nın püşkatma protokolu kitabına əsasən «Amil» X5 üzvlərə əmlak payının paylanması üçün püşkatma protokolunun səhifələri məhkəməyə göndərilmişdir. Həmin protokoldan görünür ki, mübahisələndirilən yem sexində Mirbala Xanalıyevin adı payçılar sırasında göstərilmişdir və ona “qırmızı guşə”, “təklülə tüfəng” və “dəmir reşotka” pay olaraq verilmişdir. İşdə olan Qəbələ rayon Dövlət Arxivinin 30 mart 2009-cu il tarixli,168 saylı arayışında «İ.Qayıbov» adına kolxozun yerli AİK-nın islahat sənədlərinə əsasən həmin dövrə hesablanan pul vahidi ilə yem sexinin binasından Gülnisə Bilalovaya ******* (dörd milyon üç yüz altmış bir min yeddi yüz əlli yeddi) manatlıq 21 nömrəli püşk üzrə əmlak payının düşdüyü qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə görə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayonu Vəndam qəsəbəsində fəaliyyət göstərmiş «İ.Qayıbov» adına kolxozda aqrar islahatı aparılan zaman iddiaçı Toğrul Eyvazovun mərhum atası X7 və Cavabdeh arvadı Gülnisə Bilalovaya tərflər arasında mübahisələndirilən yem sexindən müxtəlif ölçüdə (miqdarda) paylar almışlar. Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Qəbələ Rayon Dövlət Arxivindən alınan sənədlərdən və protokollardan da görünür ki, iddiaçının atasına iddia tələbində qeyd etdiyi “çən”lər pay olaraq verilməmişdir. Onların aralarında yaranmş narazılıqlara görə yem sexindən müəyyən hissələrin oğlurlanıb müxtəlif şəxslərə satılmasına dair tərəflər polis orqanlarına müraciətlər etmişlər. Lakin polis orqanları materiallar üzrə aparılan araşdırmalar üzrə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul etmişdir. İddiaçı mərhum atası X3 özəlləşdirilmə payı kimi verilmiş iki ədəd motorlu yem saxlama və qarışdırma çəninin cavabdeh(dayısı) Cavabdeh tərəfindən satıldığını və həmin əmlakın geri qaytarılmasını, əmlakın geri qaytarılması mümkün olmadıqda isə çənlərin dəyəri olan 2800 manat pulun ondan alınaraq verilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində mərhum atası X3 özəlləşdirilmə payı kimi verilmiş iki ədəd motorlu yem saxlama və qarışdırma çəninin Cavabdeh tərəfindən satıldığını və həmin əmlakın geri qaytarılmasını, əmlakın geri qaytarılması mümkün olmadıqda isə çənlərin dəyəri olan 2800 manat pulun ondan alınaraq verilməsini tələb etsə də, iddia tələbinin əsaslandığı hallara, yəni iddia etdiyi əmlaka dair subyektiv hüququnun olmasına, həmin çənlərin satılmasına, eləcə də həmin çənlərin qiymətlərinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə məhkəməyə göndərdiyi ərizəsində iddia tələbini etiraf etməmiş, qeyd olunan çənlərin iddiaçıya heç bir aidiyyatının olmadığını bildirmişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə Qəbələ rayon X17 Rayon Məhkəməsinə 26 iyul 2021-ci il tarixdə ünvanladığı 103 saylı məktubu ilə arxivdə saxlanılan «İ.Qayıbov» adına kolxozun yerli AİK-nın püşkatma protokolu kitabına əsasən «Amil» X5 üzvlərə əmlak payının paylanması üçün püşkatma protokolunun səhifələri məhkəməyə göndərilmişdir. Həmin protokoldan görünür ki, mübahisələndirilən yem sexində Mirbala Xanalıyevin adı payçılar sırasında göstərilmişdir və ona “qırmızı guşə”, “təklülə tüfəng” və “dəmir reşotka” pay olaraq verilmişdir. Lakin iddiaçının iddia etdiyi çənlərin Mirbala Xanalıyevə verilməsi ilə bağlı heç bir qeyd verilməmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması və ya ya dəymiş zərərin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması və ya ya dəymiş zərərin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar