Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-115/2022 28.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və İddiaçı1 və Cavabdeh iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsi, cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması və müvafiq ekspertiza təyin edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, Mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsi, cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılmasına və müvafiq ekspertiza təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 nümayəndəsi və İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, hazırda yaşadıqları ev və ona aid həyətyanı torpaq sahəsi SSRİ MSİ-nin 15 iyul 1985-ci il tarixli 366 nömrəli əmri ilə təsdiq edilmiş texniki pasportuna əsasən atası X1 verilmişdir. Həmin ərazidə ev, dəvə damı və s. tikililər tikməklə ailələri orada yaşayır. Atası rəhmətə getsə də digər ailə üzvləri hazırda da orada yaşayır. Cavabdeh tərəfə də eyni vaxtda torpaq sahəsi verilmiş, orda evi və digər tikililər tikməklə yaşayırlar. 2017-ci ilə kimi heç bir mübahisələri olmamışdır. 2017-ci ilin sonunda onlara məxsus dəvə damını sökməklə qanunsuz olaraq orada qaraj və tualet tikmişlər. Mübahisələri də buradan başlamışdır. Cavabdehlə anası və bacıları arasında dəfələrlə mübahisələr olmuş, cavabdeh anasını və bacılarını təhqir edib hədə-qorxu gəldiyindən aidiyyəti qurumlara müraciət edib barəsində cinayət işi qaldırıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsələr də əməlində cinayət tərkibinin olmadığını əsas gətirməklə yalınız inzibati tədbirlər görməklə kifayətlənmişlər. Torpaq mübahisəsi ilə də bağlı dəfələrlə o və anası müxtəlif instansiyalara müraciət etməklə qanunsuzluğun aradan qaldırlması və hüquqlarının bərpa olunmasını xahiş etmişlər. Hər dəfə də müxtəlif məzmunlu cavablar almış və məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Cavabdeh onlara məxsus qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, mülkiyyətlərində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsi, cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir, iddia olunan torpaq sahəsi onundur, torpaq sahəsinə aid sənədləri də vardır. İddiaçıların hasarı onun hasarından əvvəl tikilmişdir. Sökülməsi tələb olunan qarajı öz torpaq sahəsində inşa etmişdir. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Fərdi yaşayış fonduna dair mart 1989-cu il tarixli yaşayış evinin texniki pasportunun surətindən görünür ki, X5 Dərəkənd kəndində fərdi yaşayış evi tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Şamaxı rayonu Texniki inventar bürosu tərəfindən iyun 1989-cu il tarixdə verilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Qobustan rayonunun Dərəkənd kəndində ümumi sahəsi 54,8 kv.m–dən ibarət 2 otaqlı yaşayış evi X2 mülkiyyətindədir. Ağsu rayonlararası texniki inventarizasiya bürosu tərəfindən 30 may 1977-ci il tarixdə 04 nömrə ilə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qobustan rayonunun Dərəkənd kəndində 1965-ci ildə tikilmiş sahəsi 53,2 kv.m olan yaşayış evi X3 mülkiyyətindədir. Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-009A KOD 30706018 saylı şəhadətnamənin surətindən görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 17 may 1997-ci il tarixli 22 saylı qərarı ilə X6 və onun ailə üzvlərinə fərdi yaşayış evi tikilməsi üçün 0,11 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin İddiaçı1 ünvanlandığı 27 noyabr 2019-cu il tarixli **********50 saylı məktubunda göstərilir ki, Qobustan rayonu Dərəkənd kəndi ərazisində anası İddiaçı2 məxsus həyətyanı torpaq sahəsinin qonşu tərəfindən zəbt olunması faktının araşdırılması barədə Azərbaycn Respublikası Nazirlər Kabinetindən daxil olmuş 05 noyabr 2019-cu il tarixli müraciətinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, əvvəlki müraciəti əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları tərəfindən əraziyə baxış keçirilmiş və yaranmış torpaq mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Qobustan rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış 14 iyun 2018-ci il tarixli A/108 saylı məktubda göstərilir ki, Cavabdeh tərəfindən qanunsuz tutulması iddia olunan torpaq sahəsinə RİHBA-nın Memarlıq və Tikinti söbəsi və aidiyyəti qurumların iştirakı ilə baxış keçirilmiş, Cavabdeh həmin əraziyə dair sənədlərinin olub-olmaması araşdırılmışdır. Həmin ərazinin onun atası X5 məxsus olması haqqında 0,18061 ha ölçüdə, SSRİ MSİ-nin xx.xx.1987-ci il tarixli 386 nömrəli əmri ilə təsdiq edilmiş texniki pasportu olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli 10/3821 nömrəli rəyində göstərilir ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Dərəkənd kəndi ərazisində yerləşən və Cavabdeh tərəfindən hasara alınmış torpaq sahəsinin (qaraj) Cavabdeh istifadəsində olmaqla bələdiyyə mülkiyyətində yerləşdiyi müəyyən edilmişdir. 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Dərəkənd kəndi ərazisində yerləşən və Cavabdeh tərəfindən tikilmiş mübahisəli qarajın altındakı torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olmadığı müəyyən olunmuşdur. 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Dərəkənd kəndi ərazisində yerləşən və Cavabdeh tərəfindən tikilmiş mübahisəli qarajın Cavabdeh hasarı daxilində olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh naturada faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları müəyyən edildi. Həmçinin qeyd olunur ki, elektron baza məlumatlarına əsasən JN-044A nömrəli şəhadətnamə ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə 0.04 ha, JN-009A nömrəli şəhadətnamə ilə Cavabdeh ailə üzvlərinin mülkiyyətinə isə 0,11 ha torpaq sahəsi verilmişdir. Məhkəmə iclası zamanı Qobustan rayonunun Dərəkənd kəndi ərazisində yerləşən və Cavabdeh tərəfindən hasara alınmış torpaq sahəsinin (qaraj) Cavabdeh istifadəsində olmaqla bələdiyyə mülkiyyətində yerləşdiyi, tikilmiş mübahisəli qarajın altındakı torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olmadığı müəyyən olundu. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsi, cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılmasına və müvafiq ekspertiza təyin edilməsinə dair tələbləri əsassız olduğundan rədd edilməlidir, 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsi, cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması və müvafiq ekspertiza təyin edilməsinə tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 50 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-115/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-115/2022
28.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver