Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-122/2025 23.01.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızıl-zinət əşyalarının alınıb ona verilməsi və ya dəyəri həcmində 4500 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin hazırda iddiaçı tərəfindən irəli sürülmüş tələb qeyri-müəyyən xarakter daşımaqla, onun cavabdehlərdən ayrı-ayrılıqda məhz hansı adda, hansı ölçüdə və hansı dəyərdə olan qızıl-zinət əşyalarını tələb etməsini müəyyən etmək mümkün olmur. Halbuki, iddiaçı öz tələbində iddianın predmetini dəqiq şəkildə göstərməlidir. Başqa sözlə, iddiaçı cavabdehlərdən hansı adda, hansı ölçüdə və hansı dəyərdə olan qızıl-zinət əşyalarını tələb etməsini onların hər birini ayrıca qeyd etməklə dəqiq şəkildə göstərməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddiaçı əvvəllər də eyni cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Qobustan Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(026)-671/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardad da onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb qeyri-müəyyən xarakter daşımaqla, onun cavabdehlərdən məhz hansı adda, hansı ölçüdə və hansı dəyərdə olan qızıl-zinət əşyalarını tələb etməsini müəyyən etmək mümkün olmur. İddiaçı öz tələbində iddianın predmetini və qiymətini dəqiq şəkildə göstərməlidir. İddiaçı göstərilən nöqsanların aradan qaldırılması məqsədilə sadəcə tələb etdiyi qızıl-zinət əşyalarının ümumi dəyərini hazırkı ərizəsində göstərmiş, yenə də hansı adda, hansı ölçüdə və hansı dəyərdə qızıl-zinət əşyalarını tələb etdiyini ayrı-ayrılıqda qeyd etməmişdir. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşdəki 21 yanvar 2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 65 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263 və 264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 65 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-122/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-122/2025
23.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver