Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-152/2025 14.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd dəyəri 3500 manat olan 35 qramlıq 585 əyarlı qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı nişan üzüyü, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı qızıl qaşlı üzük qızıl-zinət əşyalarının alınıb ona verilməsi və ya qızıl-zinət əşyaları özgəninkiləşdirilmişsə, dəyəri həcmində 4500 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin mart ayında X1 qarşı Qobustan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qızıl-zinət əşyalarının və cehiz əşyalarının qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 2(026)-229/2024 saylı, 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddiası cehiz əşyalarına aid olan hissədə təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Buna görə də o, apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməmiş, Qobustan Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Buna səbəb Sumqayıt Apellyasiya Məhkəməsində həmin iş üzrə cavabdeh Rövşən Mikayılovun qardaşı Cavabdeh1 izahatı olmuşdur. Cavabdeh1 məhkəmə iclasında boynuna almışdır ki, sözügedən: 1) 1 ədəd qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük, 35 qram, 585 əyar – 3500 manat; 2) 1 ədəd 5 qram nişan üzüyü 585 əyar – 500 manat; 3) 1 ədəd 5 qram qızıl qaşlı üzük 585 əyar – 500 manat qızıl-zinət əşyalarını iddiaçıdan xəbərsiz atasının tapşırığı ilə aparıb satmışdır və daha sonra həmin pulla Rövşən Mikayılova maşın alınmışdır. Şamaxı rayon 2 saylı qızıl mağazasının müdiri tərəfindən verilmiş rəydə qızılların dəyərinin 4500 manat olduğu görsənir. Buna görə iddiaçı qızılzinət əşyalarını və ya dəyərinin əvəzini Cavabdeh1 və Cavabdeh2 tələb etmək məcburiyyətindədir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, cavabdehlərdən öz qızıl-zinət əşyalarını tələb edir. Belə ki, keçmiş qayınatası Cavabdeh2 bir gün ona zəng edərək qızıllarını keçmiş qayını Cavabdeh1 verməsini tapşırmışdır. Cavabdeh1 da bundan sonra gəlib qızıllarını aparmışdır. O, qızıllarını Cavabdeh1 bank adı ilə versə də, sonradan öyrənmişdir ki, qızılları satılmışdır. Əvvəllər o, keçmiş əri Rövşən Mikayılova qarşı da iddia qaldırmış, bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin iclasında Cavabdeh1 özü qızılları satdığını və pulunu atasına verdiyini bildirmişdir. Onun qızılları iddia ərizəsində göstərilən 1 komplekt və 2 üzükdən ibarət olmuşdur. O, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 bildirdi ki, onun məlumatına görə, qızıllar əvvəlcə Bakıda Şamaxinka adlanan ərazidə lombarda qoyulmuşdur. Cavabdeh1 əvvəlcə ona zəng edərək qızılları həmin lombarddan götürməsini istəmiş, lakin lombard ona qızılları qoyan şəxsin özünün gəlməsini bildirdikdə Cavabdeh1 da ora gəlmişdir. Qızılları götürdükdən sonra Cavabdeh1 ona Mərkəzi univermağa sürməsini söyləmişdir. O, bu zaman taksi kimi Cavabdeh1 ilə getmişdir. Lakin özü univermaqda alıcı ilə ünsiyyətə girməmişdir. Alıcı ilə danışıqları həmin vaxt Cavabdeh1 aparmış və pulu da o götürmüşdür. Lakin qızılların neçəyə satıldığını bilmir. O, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 bildirdi ki, o, həqiqətən də, iddiaçıya məxsus qızılları onun qardaşı Nümayəndə1la satmış, pulunu gətirib öz qardaşı, iddiaçının keçmiş əri olan Rövşən Mikayılova vermişdir. Apellyasiya məhkəməsinin əvvəlki iş üzrə iclaslarında qızılları satıb pulları atasına verməsini həyəcandan demişdir. İddiada qızılların qiyməti yüksək göstərilmişdir. Həmin qızıllar 1600 manata alınmışdır. O, qızılları Bakıda Mərkəzi univermaqda 2017-ci ildə ümumilikdə 1800 manata satmış, həmin vaxt iddiaçının qardaşı Nümayəndə1 da onun yanında olmuşdur. Bildirdi ki, onun öz bacısının qızılları lombardda olmuş, iddiaçı isə özü qızılları vermişdir. Ona həmin qızılları satmasını qardaşı Rövşən Mikayılov bildirmiş, səbəbi kimi isə özünün iş quracağını bildirmişdir. O, iddiaçıdan qızılları götürdükdən sonra onun qardaşı Nümayəndə1la birgə lombarda gedib bacısının qızıllarını da oradan götürmüş, daha sonra onları satmaq üçün Mərkəzi univermağa aparmış, qızılları satıb pullarını Rövşən Mikayılova gətirib vermişdir. O, iddiaçının qızıllarının qiymətinin 4500 manat olmadığını, daha aşağı dəyərdə olduğunu bildirdi. O, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 bildirdi ki, onun ümumiyyətlə hər hansı məsələdən məlumatı olmamışdır. Belə ki, onun yalnız öz qızının qızıllarının satılmasından xəbəri olmuş, iddiaçının qızıllarının satılması barədə isə məlumatı olmamışdır. O, iddianın təmin edilməməsini xahiş etdi. 17 mart 2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 Mərkəzi univermaqda satdığı qızılların fotoşəkillərini təqdim etmiş, İddiaçı isə həmin qızılların şəkillərinə baxaraq öz qızıllarının hamısının həmin fotoşəkillərdə əks olunduğunu qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İşdə surəti olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2024-cü il tarixli, 2(105)-1368/2024 saylı qətnaməsinin məzmunundan görünür ki, həmin iş üzrə İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz əşyaları ilə yanaşı, hazırkı iş üzrə də tələb olunan dəyəri 4500 manat olan qızılzinət əşyalarının və ya onların dəyərinin alınıb ona verilməsini xahiş etmiş, Qobustan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(026)-229/2024 saylı qətnaməsi ilə isə iddia qızıl-zinət əşyalarına dair hissədə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2024-cü il tarixli, 2(105)-1368/2024 saylı qətnaməsi ilə Qobustan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(026)-229/2024 saylı qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı cavabdeh X1 qarşı hazırkı mübahisə predmeti olan qızılzinət əşyalarına dair iddiası olmuş, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da həmin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Bu isə onu deməyə əsas verir ki, həmin mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilənlər hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir və həmin qətnamə ilə müəyyən edilən faktlar başqa məhkəmə prosesində yenidən mübahisələndirilmir. Belə ki, MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarı). Yuxarıda da qeyd olunduğu kimi hazırkı iş üzrə cavabdehlər əvvəlki mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etmişlər. Bu isə həmin iş üzrə qəbul edilərək qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin onlara münasibətdə də preyudisial hesab edildiyini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin işə baxan məhkəmələr tərəfindən qərar qəbul edilərkən istinad olunan məhkəmə qərarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqedən çıxış edərək özünün 05 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, preyudisiallıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə əvvəlki iş üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Qobustan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(026)-229/2024 saylı qətnaməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2024-cü il tarixli, 2(105)- 1368/2024 saylı qətnaməsinin hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığını və həmin məhkəmə qərarları ilə müəyyən edilmiş faktların və hüquq münasibətlərinin yenidən hazırkı prosesdə araşdırılmasının mümkünsüzlüyünü qəbul edir. Həmin məhkəmə aktları ilə də müəyyən edilmişdir ki, mübahisə predmeti olan qızıl əşyaları üçüncü şəxs Cavabdeh1 verilmiş və onun tərəfindən satılmışdır. Həmin iş üzrə Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçının qızıllarını satmış və pulunu atasına vermişdir. İddiaçının və bacısının qızılarını birgə satıb. Ehtiyac olduğu üçün ona qızılların satılması tapşırılıb. Ehtiyacın nədən yarandığını bilmir. Sonradan bilmişdir ki, qızılların puluna Rövşənə maşın alınmışdır. Lakin maşın onun adına rəsmiləşdirildi. Maşın Rövşən üçün alınmışdı, sürücülük vəsiqəsi olmadığından onun adına rəsmiləşdirildi. Qardaşının borcları var idi. Maşın kreditlə alınmışdır. Bacısı və dayısı qızı olan iddiaçının qızıllarını birgə 1800 manata satıb. Rövşənin qızıllar satılana qədər maşını olmayıb. Hadisə təxminən 2018-2019-cu illərdə baş verib. O zaman ailə münasibətləri qaydasında idi, bütün ailənin bundan xəbəri var idi. Qızılları “Moskva univermağında” satıblar. Gəlinin qızılı dəst idi. Neçə qram olduğunu xatırlamır. Atası ondan qızılları satmağı istəyib, o isə satıb. Lombardda bacısının qızılları olub. İddiaçının qızılları lombardda olmamışdır. Qızıllar satılana qədər araları yaxşı olub. 2018-2019-cu illərdən atası və qardaşı ilə aralarında olan münasibət korlanmışdır. Qızılları satıb 1800 manatı atasına vermiş, onlar isə maşın almışdır. Atasının maşını neçəyə aldığını bilmir. Maşını özləri almışdı. İlkin ödəniş kimi 1500 manat ödənilmiş, kreditə görə isə 2500 manat ödənilməli idi. Sonradan qardaşı krediti ödəyə bilmədiyindən maşını ondan satmasını xahiş etmişdir. O da maşını 3300 manata sataraq krediti bağlamışdır. Maşını satana kimi 2970 manat xərci çıxmışdır. 300 manatı isə özünə götürmüşdür. Sonra eşitmişdir ki, cavabdeh onun verdiyi pulla ev tikdirdiyi haqda məlumatlar yayır. Bundan sonra həmin 300 manatı da aparıb atasına qaytarmışdır. Qızılı ona atasının sözünə əsasən iddiaçı özü əlbəəl gətirib ona vermişdir. İddiaçıya deyib ki, atası sizə zəng edib. O da təsdiqləyib və qızılları gətirib verib. Atası qızılları ona satmağı tapşırmışdı. Ailənin xəbəri olmuşdur. Ondan satılmağı istənilmişdi, nə üçün satıldığını bilmirdi. Maşını olmadığından iddiaçının qardaşı Asim qızılları satmağa onu taksi kimi aparmışdır. Qardaşının bacısı və gəlinin qızıllarını satmağa aparmağından xəbəri var idi. Atası böyük oğul kimi ona zəng etdi, qızılları satmağını istədi. İddiaçı ona qızılların satılmasına razılıq verdiyini deməmişdir. Qızıl satılana qədər maşını olub, biraz sürüb satıb. Evin böyüyü atası olub deyə pulu gətirib ona verib. Bacısının qızılları lombardda olub, iddiaçının qızıllarını isə gəlib evdən iddiaçının özündən götürüb. İddiaçı tərəfindən səsinin yazılmasından xəbəri olmamışdır. Qardaşı ilə düşmənçilik münasibətləri yoxdur, sadəcə münasibətləri yaxı deyil. Qızıllar satılana qədər Rövşənin boz metalik rəngdə maşını olub. Həmin iş üzrə Cavabdeh2 izahatında bildirmişdir ki, Cavabdeh1 dediklərinin hamısı yalandır. Onun heç nədən xəbəri olmamışdır. Özləri nə ediblərsə öz aralarında ediblər. Ona heç bir şey deməyiblər. İddiaçı, iddiaçının qardaşı və Samir əlbir olub qızılı satıblar. İddiaçının qardaşı qızıllar satılanda özü də iştirak etmiş və buna etiraz etməmişdir. Aralarında nə olubsa xəbəri olmayıb. Oğlu ona pul verməyib. Satılmış qızıların pulu ilə maşın alınıb-alınmamasından da xəbəri olmayıb. İddiaçı 2019-cu ildən evdən çıxıb getmişdir. 5 ildir bir yerdə yaşamırlar. 2018-ci ildə Rövşənin maşını olub. Rövşən “06” markalı maşın sürüb. 2019-cu ildə də maşını olub. Necə aldıqları ona məlum deyil. Kimin maşını olduğunu bilmir. Qızının qızılların lombarda qoyulmasına dair də məlumatı yoxdur. Qardaşlar arasında münasibət gərgin olub. İki qardaş düşmən kimidirlər. Oğlu Rövşən onun yanında yaşayır. Oğlunu ikinci dəfə evləndirəndən sonra mübahisələr başlamışdır. İddiaçı aliment tələb edib, onu da ödəyiblər. 5 ildir ki, əşyaları onun evindədir, gəlib götürmürlər. Hazırkı iş üzrə iddiaçının tələbi 1 ədəd dəyəri 3500 manat olan 35 qramlıq 585 əyarlı qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı nişan üzüyü, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı qızıl qaşlı üzüyün qaytarılması və ya qızıl-zinət əşyaları özgəninkiləşdirilmişsə, dəyəri həcmində 4500 manat pul vəsaitinin ona ödənilməsi ilə bağlı olmuşdur. İddiaçının tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qızıl-zinət əşyalarına dair hissədə iddianın təmin edilməsi üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir; 3) cavabdehlərin əşyaya sahibliyi qanunsuz olmalıdır. Bu cür iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızılzinət əşyalarının onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. İddiaçı tərəfindən tələb olunan əşyaların mövcudluğu, onların həqiqətən iddiaçıya məxsusluğu təqdim edilən fotoşəkillər və işdə iştirak edən şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı, iddiaçıya məxsus tələb olunan qızıl-zinət əşyalarının hazırda iddiaçıda olmaması, onların Cavabdeh1 tərəfindən Bakı şəhərində Mərkəzi univermaqda satılması da hazırkı işin mübahisəsiz hallarından biridir. Tələb olunan qızıl-zinət əşyalarının Cavabdeh1 tərəfindən satılması hazırda preyudisial əhəmiyyət kəsb edən məhkəmə qətnamələri ilə də müəyyən olunmuşdur. O, əvvəlki iş üzrə verdiyi ifadəsində iddiaçıya məxsus qızıl-zinət əşyalarını atasının tapşırığı ilə satıb pulunu atasına verdiyini bildirsə də, hazırkı mülki iş üzrə verdiyi ifadəsində qızılları atasının tapşırığı ilə satıb pulunu qardaşı Rövşən Mikayılova verdiyini bildirmişdir. Məhkəmə Cavabdeh1 qızıl-zinət əşyalarını satıb pulunu Rövşən Mikayılova verməsinə dair bildirdiklərini əsassız sayır, bu zaman onu da qeyd edir ki, əvvəlki mülki iş üzrə qızıl-zinət əşyalarına dair hissədə iddia tələbinin Rövşən Mikayılova münasibətdə təmin edilməməsinin səbəbi məhz Cavabdeh1 qızılları özünün satıb pulunu atasına verməsinə dair ifadəsi olmuşdur. Hazırkı halda isə Cavabdeh1 qızılların pulunun Rövşən Mikayılova verildiyini bildirməklə, iddiaçının tələbinə cavab verməli olan şəxslərin dairəsini dəyişməyə cəhd göstərir. Hər bir halda iddiaçıya məxsus qızılların məhz Cavabdeh1 tərəfindən satılması işin mübahisəsiz halıdır. Bundan başqa, Cavabdeh1 tərəfindən qızıl-zinət əşyalarının satılıb pulunun atasına verilməsinə dair bildirdikləri də hazırda öz təsdiqini tapmır. Belə ki, onun atası Cavabdeh2 həm əvvəlki, həm də hazırkı məhkəmə iclasları zamanı iddiaçıya məxsus qızılların satılmasından xəbərinin olmadığını, ona hər hansı məbləğdə pul verilmədiyini bildirmişdir. İddiaçı da qızılların satıldıqdan sonra pulunun Cavabdeh2 verilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, həm əvvəlki, həm də hazırkı iş üzrə məhkəmə iclaslarında iddiaçı qızılların Cavabdeh1 onların banka (lombarda) qoyulması niyyəti ilə verdiyini, həmin qızılların satılacağından məlumatsız olduğunu bildirmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçıya məxsus tələb olunan qızıl-zinət əşyaları Cavabdeh1 tərəfindən iddiaçıdan icazəsiz şəkildə satılmaqla, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qızıl-zinət əşyalarına dair digər mübahisə isə həmin əşyaların dəyəri ilə bağlı olmuşdur. Belə ki, iddiaçı tələb olunan qızıl-zinət əşyalarının ümumi dəyərinin 4500 manat olduğunu bildirmiş, bununla bağlı zərgər rəyi təqdim etmişdir. İşdə surəti olan Şamaxı rayon 2 saylı qızıl mağazasının müdiri X2 tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli rəydən görünür ki, iddia ərizəsində göstərilən qızılların qiyməti aşağıdakı kimidir: 1) 1 ədəd 35 qramlıq 585 əyarlı qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük – 3500 manat; 2) 1 ədəd 5 qramlıq 585 əyarlı nişan üzüyü – 500 manat; 3) 1 ədəd 5 qramlıq 585 əyarlı qızıl qaşlı üzük – 500 manat. Qızılların ümumi dəyəri – 4500 manat. Cavabdeh1 isə tələb olunan qızıl-zinət əşyalarının cəmi 1800 manata satıldığını bildirmişdir. Lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edən sübut təqdim etmiş olsa da, Cavabdeh1 öz etirazının əsası kimi istinad etdiyi halı, yəni qızılların real dəyərinin tələb olunandan daha aşağı olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Bu zaman o da nəzərə alınmalıdır ki, daha yüksək dəyərdə olan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən daha aşağı qiymətə satılması həmin qızıl-zinət əşyalarının dəyərinin satış məbləği ilə müəyyənləşdirilməsinə də əsas vermir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edilməli, 1 ədəd dəyəri 3500 manat olan 35 qramlıq 585 əyarlı qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı nişan üzüyü və 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı qızıl qaşlı üzük, həmin qızılzinət əşyalarının özü olmadıqda isə onların dəyəri olan 4500 manat pul vəsaiti Cavabdeh1 alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə - Cavabdeh2 münasibətdə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 222-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 1 ədəd dəyəri 3500 manat olan 35 qramlıq 585 əyarlı qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı nişan üzüyü və 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı qızıl qaşlı üzük, həmin qızıl-zinət əşyalarının özü olmadıqda isə onların dəyəri olan 4500 manat pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə - Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-152/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-152/2025
14.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver