Məhkəmə qərarları › İş №2(026)-174/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-174/2024

14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-174/2024 14.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs rəisi X4 iştirakı ilə, Ərizəçi X2 1997-cü ilin avqust ayında ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X2 1997-ci ilin avqust ayında ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 02 fevral 1997-ci il tarixdə Elşad adlı bir uşağı doğulmuş və Elşad altı ay yaşadıqdan sonra xəstəlikdən ölmüşdür. Onlar Elşadı yaşadıqları Nərimankənd kəndində yerləşən qəbristanlıqda dəfn etmişlər. Elşad körpə olduğu üçün ona qəbir daşı qoymamışlar. O, savadsız olduğu üçün qanunu bilmədiyindən uşağı üçün ölüm haqqında şəhadətnamə almamışdır. Uşağının atası X13 13 yanvar 2010cu ildə vəfat edib və onun miras əmlakı qalmışdır. Həmin miras əmlakın vərəsəlik işi ilə əlaqədar Elşadın ölüm şəhadətnaməsi tələb olunur. Elşad üçün ölüm haqqında şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, Elşadın ölümü barədə heç bir sənəd verilməmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. X2 1997-ci ilin avqust ayında ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X10 izahatında göstərdi ki, Ərizəçi X2 1997-ci ildə ölümünün qeyd edilməsi üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X5 1997-ci ildə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X8 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır və X13 ilə ailəli olmuşdur. Onların 1997-ci ildə Elşad doğulduqdan sonra təxminin altı ay yaşamış, lakin xəstəlikdən vəfat etmişdir. Uşağı Nərimankənd kənd qəbristanlığında dəfn etmişlər. X1 ifadə verərək göstərdi ki, Ərizəçi yaxşı tanıyır. Şura və Tarverdi Alkişiyevlərin 1997-ci ildə anadan olmuş övladları Elşad 1997-ci ilin avqust ayında vəfat etmişdir. Uşağın dəfn mərasimində iştirak etmişdir. X6 X1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin, maraqlı tərəfin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs tərəfindən 15 aprel 2011-ci il tarixdə verilmiş AZ-İ 452674 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 13 yanvar 2010-cu il tarixdə vəfat etmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 19 dekabr 2023-cü il tarixli 3-16-5/8-357/2023 saylı məktubundan görünür ki, 1992-ci il tarixdə vəfat etmiş qızı X11 və 1997-ci il tarixdə vəfat etmiş oğlu X5 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 1991-ci ildən 1998-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 “Qobustan rayon mərkəzi xəstəxanası” X25 Ərizəçi ünvanladığı 04 may 2024-cü il tarixli 18-1-53/2-A-179- 42-455/2024 saylı məktubundan görünür ki, 1992-ci il tarixdə vəfat etmiş qızı X11 və 1997ci il tarixdə vəfat etmiş oğlu X7 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət olunma vaxtından uzun müddət keçdiyi üçün şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət etməli olduğu məsləhət görülmüşdür. Qobustan rayonunun Qobustan şəhər sakinləri Ərizəçi, X19 və X15 tərəfindən 24 aprel 2024-cü il tarixdə tərtib edilmiş və Qobustan rayon İHB-nın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, X14 1997ci ildə vəfat vermiş və o, qohumların iştirakı ilə Nərimankənd kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 1997-ci ilin avqust ayında ölümünün qeydə alınması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 1997-ci ilin avqust ayında ölümünün qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar