Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-203/2025 23.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “01 yanvar 1960-cı il tarixdə anadan olmuş X3 19 avqust 2020-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində ölməsi faktının müəyyən edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 1960-cı ildə anadan olmuş X3 20 avqust 2020-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Qobustan rayonunun Sündü kəndində doğulmuşdur və hazırda da həmin kənddə yaşayır. O, Famil Novruzovla 12 avqust 1981-ci ildə evlənmiş, 2020-ci ilin avqust ayının 20-nə kimi birlikdə ər-arvad kimi yaşamışlar. Əri Famil 20 avqust 2020-ci ildə ürək çatışmazlığından vəfat etmişdir. Famil Novruzovu yaşadıqları Sündü kənd qəbiristanlığında dəfn etmiş və ona yas mərasimi keçirmişlər. Lakin qanunu bilmədiklərindən əri üçün ölümünü təsdiq edən heç bir sənəd almamışlar. Hazırda ölüm haqqında şəhadətnamənin alınmasının vacib olmasına görə Maraqlı şəxsnə və Qobustan rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi çıxış edərək bildirdi ki, o, 1981-ci ilin avqust ayında mərhum Famil Novruzovla nikaha daxil olmuşdur. Onların Radil, Xəyalə və Şəlalə adında üç övladı olmuş, onlardan Radil 2009-cu ildə vəfat etmişdir. X1 19 avqust 2020-ci ildə Qobustan rayonunun Sündü kəndində ürək tutmasından vəfat etmiş, 20 avqust 2020ci ildə isə Sündü kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun dəfnini qardaşı oğlu həyata keçirmiş, amma hazırda o da vəfat etmişdir. Həmçinin, əri vəfat edərkən koronavirus pandemiyası davam etdiyindən yas mərasimi ərinin ata yurdunda nisbətən yüngül keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X6 ifadəsində bildirdi ki, o, 14 aprel 1981-ci ildə Qobustan rayonunun Sündü kəndində doğulmuşdur və hazırda Qobustan şəhərində yaşayır. O, Qobustan RİH-də Memarlıq və Tikinti Şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışır. Ərizəçi onun doğma bibisi, onun əri mərhum Famil Novruzov isə atasının əmisi oğludur. Famil Novruzov 2020-ci ilin avqust ayının 19-da axşam vəfat etmiş, kənddə olduğuna görə onlara bu barədə məlumat verilmiş, avqust ayının 20-də də el adəti ilə Sündü kənd qəbiristanlığında dəfn olunmuş, özü də şəxsən dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X7 ifadəsində bildirdi ki, o, 14 sentyabr 1979-cu ildə Qobustan rayonunun Sündü kəndində doğulmuşdur və hazırda da həmin kənddə yaşayır. O, Qobustan rayon Maliyyə şöbəsində sektor müdiri vəzifəsində çalışır. Ərizəçi onun doğma bibisi, onun əri mərhum Famil Novruzov isə atasının əmisi oğludur. Famil Novruzov 2020-ci ilin avqust ayının 19-da axşam saatlarında ürək tutmasından vəfat etmiş, avqust ayının 20-də də Sündü kənd qəbiristanlığında dəfn olunmuş, özü də şəxsən dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X8 ifadəsində bildirdi ki, o, 13 iyun 1992-ci ildə Qobustan rayonunun Sündü kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. O, Qobustan rayon toxum emalı zavodunda texnik vəzifəsində çalışır. Ərizəçi onun həmkəndlisi və uzaq qohumudur. Famil Novruzovu da bir həmkəndlisi kimi tanıyırdı, o, 2020-ci ilin avqust ayında pandemiya dövründə vəfat etmişdir, lakin dəqiq ölüm gününü xatırlamır. Mərhum Sündü kənd qəbiristanlığında dəfn olunmuş, o da dəfndə iştirak etmiş, dəfndən sonra özü Bakı şəhərinə getmişdir. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X9 20 avqust 2020-ci il tarixdə deyil, 19 avqust 2020-ci il tarixdə rəhmətə getmişdir. 20 avqust 2020-ci il tarixdə dəfn olunduğu üçün ərizəsində ölüm tarixini 20 avqust 2020-ci il qeyd etmişdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki Maraqlı şəxs tərəfindən 07 fevral 2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X5 01 yanvar 1960-cı ildə anadan olmuşdur. İşdəki Maraqlı şəxs tərəfindən 27 avqust 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X5 və Ərizəçi nikahı haqqında Qobustan rayon Sündü KİN-də 12 avqust 1981-ci il tarixli, 22 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Novruzov, arvada Novruzova soyadı verilmişdir. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Ərizəçi ünvanladığı 22 yanvar 2025-ci il tarixli məktubunda bildirmişdir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə 20 avqust 2020-ci ildə vəfat etmiş həyat X1nun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün 15 yanvar 2025-ci il tarixdə etdiyi müraciət qeydiyyata alınaraq baxılmışdır. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı qeydiyyatda olduğu poliklinikaya vaxtında müraciət edilmədiyinə görə şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət etməlidir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı 07 fevral 2025-ci il tarixli məktubunda bildirmişdir ki, sonuncunun 04 fevral 2025-ci il tarixli ərizəsinə cavab olaraq, həyat yoldaşı 2020-ci ildə vəfat etmiş X3 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində 2019-cu ildən 2025-ci ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət edə bilər. İşdəki Ərizəçi, Sündü kənd sakinləri X4 və X2 iştirakı ilə tərtib edilmiş və onların imzaları və Sündü kənd İƏD üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş 15 yanvar 2025-ci il tarixli aktdan görünür ki, 01 yanvar 1960-cı il təvəllüdlü X5 20 avqust 2020-ci il tarixdə ürək çatışmazlığından vəfat etmişdir. 20 avqust 2020-ci il tarixdə kənd əhalisinin iştirakı ilə Sündü kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına X3 qəbir daşının fotoşəkilləri də əlavə edilmiş, qəbir daşında onun 1960-2020-ci illərdə yaşadığı qeyd edilmişdir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırda ərizəçi əri Famil Novruzovun ölməsi faktının müəyyən edilməsinin zəruri olduğunu bildirmiş, onun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımi sənədləri ala bilməməsini təsdiq etmək məqsədilə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin və Maraqlı şəxs məktublarını təqdim etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.3-cü bəndində qeyd olunur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Hazırda ərizəçi əri Famil Novruzovun 19 avqust 2020-ci ildə Qobustan rayonunun Sündü kəndində ölməsi faktını təsdiq etmək məqsədilə mərhumun qəbrinin fotoşəkillərini təqdim etmiş, şahid ifadələrinə istinad etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq bildirir ki, hazırda 01 yanvar 1960-cı il tarixdə anadan olmuş X3 19 avqust 2020-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində ölməsi faktı öz təsdiqini tapır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 01 yanvar 1960-cı il tarixdə anadan olmuş X3 19 avqust 2020-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 yanvar 1960-cı il tarixdə anadan olmuş X3 19 avqust 2020-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-203/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-203/2025
23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver