Məhkəmə qərarları › İş №2(026)-231/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-231/2024

09.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-231/2024 09.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Qobustan rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış 14 noyabr 2023-cü il tarixli, MŞB/13/2023-01620 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Bakı 13 saylı Mediasiya təşkilatının 14 noyabr 2023-cü il tarixli, MŞB/13/2023-01620 saylı barışıq sazişinə əsasən, digər tərəf Maraqlı şəxs 20 iyul 2011-ci il təvəllüdlü X1 və 01 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin noyabr ayından başalayaraq hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimenti ona ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Lakin Vahid qeyd edilən barışıq sazişinə əməl etməyərək aliment məbləğini ödəməmişdir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 23 yanvar 2013-cü il tarixdə verilmiş AZ-İİİ 020123 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X3 20 iyul 2011-ci il tarixdə anadan olmuş atası Maraqlı şəxs, anası Ərizəçidır. Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 18 yanvar 2013-cü il tarixdə verilmiş AZ-İİİ 037998 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X4 01 oktyabr 2012-ci il tarixdə anadan olmuş atası Maraqlı şəxs, anası Ərizəçidır. Bakı 13 saylı mediasiya təşkilatının 14 noyabr 2023-cü il tarixli MŞB/13/2023- 01620 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə, olan 20 iyul 2011-ci il tarixdə anadan olmuş X3 və 01 oktyabr 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimenti Ərizəçi 2023-cü ilin noyabr ayının sonundan başlayaraq hər ayın 10-na kimi ödəməyi öhdəsinə götürmüşdür. Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır, sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır; sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, mediasiya prosesində Ərizəçi və Maraqlı şəxs arasında 14 noyabr 2023-cü il tarixli MŞB/13/2023-01620 saylı barışıq sazişi bağlanmış, lakin könüllü icra müddətində Maraqlı şəxs sazişin icrasından imtina edərək, götürdüyü öhdəliyi yerinə yetirməmiş və hazırda Ərizəçi bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 14 noyabr 2023-cü il tarixli MŞB/13/2023- 01620 saylı barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-23,355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 14 noyabr 2023-cü il tarixli MŞB/13/2023-01620 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 20 iyul 2011-ci il tarixdə anadan olmuş X3 və 01 oktyabr 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin noyabr ayından başlayaraq Maraqlı şəxs hər ay hər uşağa 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəmək barədə öhdəliyi icra edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla cavabdeh Maraqlı şəxs 50 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Qobustan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar