Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-30/2023 25.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil Hümsü oğlunun, cavabdehlər X4 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, aparılmış qanunsuz tikililərin sökülməsi və qanunsuz tikinti işləri aparmaq və torpaq sahəsini zəbt etmək hərəkətlərinin qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, aparılmış qanunsuz tikililərin sökülməsi və qanunsuz tikinti işləri aparmaq və torpaq sahəsini zəbt etmək hərəkətlərinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qobustan rayon bələdiyyəsinin 07 mart 2011-ci il tarixli 03 saylı qərarı ilə ona Qobustan şəhəri (Tövlə adlanan ərazidə) fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar tikinti aparılması üçün Qobustan rayon icra Hakimiyyəti başçısının Memarlıq və Tikinti bölməsindən 13 avqust 2012-ci il tarixli 080 nömrəli rəy də verilmişdir. Həmin rəyə əsasən ona torpaq sahəsinin ayrılması məqsədəmüvafıq hesab edilmişdir. 12 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası DT və XK-ın dövlət torpaq kadastrı kitabında 12 dekabr 2012-ci il tarixdə 2447 nömrə ilə qeydiyyat aparılmış və ona A №401833 saylı torpaq sahəsinin planı və ölçüsü barədə rəsmi sənəd verilmişdir. Eyni zamanda bununla əlaqədar müvafiq xəritə tərtib edilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün 2020-ci ilin yazında hasarlama işlərinə başlamış, lakin, bir gün gəlib təzə tikilmiş hasarın kimin tərəfindənsə söküldüyünü görmüşdür. Sonradan öyrənmişdir ki, həmin hasarı Qobustan rayon Xilmilli kənd sakinləri Cavabdeh1 və onun arvadı X4 uçurtmuşlar. Onlarla əlaqə saxlayıb niyə belə etdiklərini soruşduqda bildirmişlər ki, həmin torpaq sahəsi onlara məxsusdur. Anlaşılmazlığı aradan qaldırmaq üçün onlardan sənəd göstərmələrini xahiş etdikdə bildirmişlər ki, sənəd oldu-olmadı torpaq onlara məxsusdur. Onlara bələdiyyə sənədini, kadastr ölçüləri barədə sənədləri təqdim etdikdə sənədlə tanış olmaqdan imtina etmişlər. 2020-ci ilin sentyabr ayında yenidən tikinti işlərini aparmağa başlamış, lakin hörgü qurumamış, iki gündən sonra gəlib 50 metr uzunluğunda hasarının yenidən uçurulduğunu görmüşdür. Dəymiş ziyanı qiymətləndirmək üçün Qobustan rayon İcra hakimiyyətinin Qobustan şəhəri üzrə İcra nümayəndəsinə, bələdiyyə sədrinə, Qobustan rayon İHB-ım memarına müraciət etmiş və yerində baxış keçirilərkən ona dəyən ziyanın məbləği 910 manat müəyyən edilmişdir. Ona görə də hasarını sökən Cavabdeh1 və X1 50 metr uzunluğunda tikilmiş hasarın sökülməsinə görə dəymiş 910 manat məbləğində ziyanın alınıb verilməsi barədə iddia qaldırmış, Qobustan rayon məhkəməsinin 12 may 2022-ci il tarixli 2(060)-2/2022 saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. Məhkəmənin qərarından sonra Qobustan rayon Xilmilli kənd sakinləri Cavabdeh1 və onun arvadı X4, habelə gəlinləri Cavabdeh3 ona məxsus olan və yuxarıda qeyd olunan Qobustan rayon bələdiyyəsinin 07 mart 2011-ci il tarixli 03 saylı qərarı və Azərbaycan Respublikası DT və XK-ın 12 dekabr 2012-ci il tarixli 2447 nömrə ilə qeydiyyat aparılmış **********0008 kadastr nömrəli sahəsi 0.06 ha olan torpaq sahəsini açıq-aşkar surətdə zəbt edərək orada qanunsuz surətdə tikinti işləri aparırlar. Buna etiraz etdikdə isə onlar məhkəmənin onların xeyrinə qərar çıxardıqlarını və həmin torpaq sahəsi artıq onlara məxsus olduğunu bildirirlər. Yuxarıda qeyd etdiyi kimi həmin torpaq sahəsi ona məxsusdur və bunu təsdiq edən sənədləridə vardır. Ona görə də cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 tərəfindən zəbt edilmiş ona məxsus olan torpaq sahəsinin boşaldılması, aparılmış qanunsuz tikililərin sökülməsi və qanunsuz tikinti işləri aparmaq və torpaq sahəsini zəbt etmək hərəkətlərinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil Hümsü oğlu iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı hazırkı iddiası əvvəlki iddiasından fərqlidir. Əvvəlki iddiada X2 tikdirdiyi hasarın cavabdehlər tərəfindən uçurulmasına görə dəyən ziyanı tələb etmişdir. Lakin iddia məhkəmə tərəfindən təmin olunmayıb. Hazırkı iddia isə cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, aparılmış qanunsuz tikililərin sökülməsi və qanunsuz tikinti işləri aparmaq və torpaq sahəsini zəbt etmək hərəkətlərinin qadağan edilməsi tələbi ilə əlaqədardır. Əvvəlki iddia tələbi ilə əlaqədar tikinti-texniki ekspertizası keçirilib, ekspertizanın 01 aprel 2022-ci il tarixli 10/1923 saylı rəyində İddiaçı mülkiyyətində olan torpağın cavabdehlər tərəfindən zəbt olunduğu göstərilmişdir. Cavabdehlərin mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədləri yoxdur. Təqdim edilən sənədlər isə ziddiyyətlidir. Belə ki, X3 mülkiyyətinə 0,06 ha torpaq sahəsinin verilməsinə dair Nərimankənd bələdiyyəsinin qərarının nömrəsi 12/455, tarixi isə 16 noyabr 2007-ci il kimi göstərilmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının tikintiyə icazə verilməsinə dair 12 may 2007-ci il tarixli 131 saylı sərəncamından çıxarışda Nərimankənd bələdiyyəsi deyil, Mərəzə bələdiyyəsi göstərilir və həmin bələdiyyənin qərarının nömrəsi 455, tarixi isə 20 iyul 2006-cı il göstərilmişdir. Həmçinin 632676 saylı Nərimankənd bələdiyyəsinin kassa mədaxil qəbzinin tarixi də 17 noyabr 2006-cı il kimi göstərilib. Cavabdehlər tərəfindən əvvəllər fəaliyyət göstərmiş Torpaq və Xəritə çəkmə Komitəsinin yerli şöbəsinin rəyi, yer quruluşu planından çıxarış, torpaqayırma aktı, torpağın mülkiyyətə verilməsinə dair dövlət qeydiyyatı barədə heç bir sənəd təqdim edilməmişdir. Vəkil və nümayəndə Vəkil Hümsü oğlu həmçinin göstərdi ki, Sumqayıt İnzibati Məhkəməsi 10 iyun 2021-ci il tarixli 2-1(118)-300/2021 saylı qərardadla iddiaçı Cavabdeh3 cavabdeh Qobustan rayonu Qobustan bələdiyyəsinə qarşı “Qobustan rayonu Qobustan bələdiyyəsinin 07 mart 2019-cu il tarixli 03 saylı və 2019-cu ıl tarixli qərarının ləğv edilməsi və Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli iclas protokolu əsasında ləğv olunmuş 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarının bərpa edilərək onun əsasında fərdi mənzil tikintisi üçün ona verilmiş 600 kv.m sahəsi olan torpağın istifadəsinə qaytarılmasına dair iddiası Qobustan rayonu Qobustan bələdiyyəsinin 07 mart 2019-cu il tarixli 03 saylı qərarının ləğv edilməsi və Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli iclas protokolu əsasında ləğv olunmuş 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarının bərpa edilərək onun əsasında fərdi mənzil tikintisi üçün ona verilmiş 600 kv.m sahəsi olan torpağın istifadəsinə qaytarılması hissəsində mümkün saymamışdır. Belə nəticəyə gəlmək olur ki, Nərimankənd bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarının ləğv edilməsinə dair Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə Cavabdeh3 iddiası məhkəmə tərəfindən mümkünsüz saxlanıldığından Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli qərarı qüvvəsində qalır. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 izahat verərək göstərdi ki, Qobustan rayon İHB-nın Memarlıq və Tikinti şöbəsində kompüter-proqramçı işlədiyi zaman Nərimankənd bələdiyyəsinin 16 noyabr 2022-ci il tarixli 12/455 saylı qərarı ilə ona yaşayış evi tikmək üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətinə verilmiş torpaq sahəsində evin binasını qoydurmuş, lakin maddi imkanı olmadığından evi tikdirə bilməmişdir. Ona torpaq sahəsi 2006-cı ildə, İddiaçı isə 2011-ci ildə, yəni sonradan verilmişdir və İddiaçı onların torpaqlarına sahib çıxmaq istəyir. Sumqayıt inzibati məhkəməsi ona torpaq sahəsi verilməsinə dair Nərimankənd bələdiyyəsinin 16 noyabr 2022-ci il tarixli 12/455 saylı qərarının ləğv edilməsi barədə Qobustan bələdiyyəsinin 07 mart 2019-cu il tarixli 03 saylı qərarını iddialarına əsasən ləğv etmişdir. Eləcə də, İddiaçı hasarının guya onlar tərəfindən uçurulmasına dair iddiası Qobustan rayon məhkəməsi tərəfindən təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi İddiaçı apelyasiya şikayətini təmin etməyərək Qobustan rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Qayınatası Məhəmmədin və qayınanası Minəvərin həmin torpaq sahəsinə heç bir aidiyyətı yoxdur. Torpaq sahəsi onun adınadır və həmin torpaq sahəsində ev tikdirəcəkdir. Cavabdeh3 məhkəmə çıxışında iddianı qismən qəbul edərək göstərdi ki, bələdiyyə tərəfindən ona verilmiş torpaq sahəsinin 0,02 hektarı İddiaçı verilmiş torpaq sahəsi ilə üstüstə düşür. Cavabdeh X4 izahatında Cavabdeh3 izahatına oxşar izahat verdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehlər X4 və Cavabdeh3 izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Qobustan rayonu Qobustan bələdiyyəsinin 07 mart 2011-ci il tarixli iclas protokolunun 03 nömrəli qərarından çıxarışdan görünür ki, Qobustan bələdiyyəsinin alqı-satqı predmeti olan 600 kv. metr və ya 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qobustan rayon şöbəsinin 19 avqust 2012-ci il tarixli 024 saylı normativ qiymətləndirmə barədə arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli və 29 may 2008-ci il tarixli 120 nömrəli qərarına müvafiq olaraq Qobustan rayon bələdiyyəsinin 07 mart 2011-ci il tarixli 03 saylı qərarına əsasən bələdiyyənin inzibati ərazisindən həyətyanı məqsədi ilə 0.06 hektar torpaq sahəsi bilavasitə yolu ilə İddiaçı satılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı kitabında 12 dekabr 2012-ci il tarixdə 2447 nömrə ilə qeydə alınmışdır ki, Qobustan bələdiyyəsinin 07 mart 2011-ci il tarixli 03 saylı qərarı ilə Qobustan rayonu Qobustan şəhəri ərazisində İddiaçı fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qobustan rayon bələdiyyəsinin 07 mart 2011-ci il tarixli 03 saylı qərarına əsasən İddiaçı Qobustan şəhərində fərdi yaşayış evi tikmək üçün 0,06 ha sahənin ayrılması barədə Qobustan rayon Memarlıq və Tikinti bölməsi tərəfindən 13 avqust 2012-ci il tarixdə verilmiş 080 saylı rəydən görünür ki, nəzərdə tutulan 0,06 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olunduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zolağında yerləşmədiyindən torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Nərimankənd bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli iclas protokolunun 12-155 nömrəli qərarından görünür ki, Qobustan rayonu Nərimankənd kəndinin qərbində, kəndarası çınqıl yolunun qərb tərəfindəki boş torpaq sahəsindən 0,06 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının 12 may 2007-ci il tarixli 131 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 455 nömrəli qərarı ilə Mərəzə qəsəbəsinin yeni yaşayış massivindən X6 ayrılmış 0,06 ha torpaq sahəsində Qobustan rayon İcra Hakimiyyətinin Başçısı Aparatının memarlıq və tikinti bölməsinin təsdiq etdiyi layihə əsasında fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 mart 2022-ci il tarixli **********96 saylı mütəxəssis rəyində göstərilir ki, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsi ilə Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi və iddiaçının iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. Elektron kadastr məlumat bazasına əsasən Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin 285 kv.m hissəsi, məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK tərəfindən İddiaçı verilmiş **********0008 kadastr nömrəli sahəsi 0.06 ha, olan torpaq sahəsinin plan ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Qərardadın üçüncü sualı üzrə-Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının bildirdiyinə görə, torpaq sahəsinin şimal və şərq tərəflərində hasar mövcud olmuşdur. Keçirilmiş baxış zamanı mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə hasarla bərkidildiyi müəyyən olunmuş və uçurulması iddia olunan hasar aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə bərkidilmiş hasarın uzunluğu 47 metr təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/1923 saylı ekspert rəyində göstərilir ki, qərardadın birinci sualı üzrə- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-in mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Yeni massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu müəyyən olundu. Qərardadın ikinci sualı üzrə- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin 285 kv.m hissəsinin, ləğv olunmuş DTXK tərəfindən İddiaçı verilmiş **********0008 kadastr nömrəli sahəsi 0.06 ha, olan torpaq sahəsinin plan ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə-Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının bildirdiyinə görə, torpaq sahəsinin şimal və şərq tərəflərində hasar mövcud olmuşdur. Keçirilmiş baxış zamanı mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə hasarla bərkidildiyi müəyyən olunmuş və uçurulması iddia olunan hasar aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə bərkidilmiş hasarın uzunluğu 47 metr təşkil edir. Müəyyən olundu ki, Qobustan rayon bələdiyyəsinin 07 mart 2011-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı Qobustan şəhəri fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar Qobustan rayon icra Hakimiyyəti başçısının Memarlıq və Tikinti bölməsindən 13 avqust 2012-ci il tarixli 080 nömrəli rəy də verilmişdir. Həmin rəyə əsasən ona torpaq sahəsinin ayrılması məqsədəmüvafıq hesab edilmişdir. 12 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası DT və XK-ın dövlət torpaq kadastrı kitabında 12 dekabr 2012-ci il tarixdə 2447 nömrə ilə qeydiyyat aparılmış və ona A №401833 saylı torpaq sahəsinin planı və ölçüsü barədə rəsmi sənəd verilmişdir. Eyni zamanda bununla əlaqədar müvafiq xəritə tərtib edilmişdir. Nərimankənd bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarı ilə Cavabdeh3 fərdi yaşayış evi tikdirmək üçün 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış, Qobustan rayon İcra Hakimiyyəti Başçısının fərdi yaşayış evinin tikilməsinə dair 12 may 2007-ci il tarixli 131 saylı sərəncamı ilə fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Həmçinin müəyyən olundu ki, Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən İddiaçı verilmiş torpaq sahəsinin 285 kv.metri Cavabdeh3 verilmiş 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsində qeyd olunur ki, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 tərəfindən tutulmuş 285 kv. metri torpaq sahəsi onlar tərəfindən boşaldılmalı, boşaldılan ərazidə aparılmış qanunsuz tikililər sökülməli, qanunsuz tikinti işləri aparmaq və torpaq sahəsini zəbt etmək hərəkətləri qadağan edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 tərəfindən tutulmuş 285 kv. metr torpaq sahəsi onlar tərəfindən boşaldılsın, boşaldılan ərazidə aparılmış qanunsuz tikililər sökülsün, qanunsuz tikinti işləri aparmaq və torpaq sahəsini zəbt etmək hərəkətləri qadağan edildin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-30/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-30/2023
25.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver