Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-318/2025 28.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, Ərizəçi xüsusi icraat qaydasında “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, əmisi X3 həyat yoldaşı mərhumə X2 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin icrasının Qobustan rayonu X1 Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. MPM-in 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-in 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Lakin ərizəçi tərəfindən MPM-in 149.2.2-ci və 306.2-ci maddələrinin tələblərinə əməl olunmamış, hazırkı ərizə üzrə kimlərin maraqlı şəxs qismində cəlb edilməli olduğu ərizədə göstərilməmişdir. Bundan başqa, MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin hazırda ərizəçi tərəfindən irəli sürülmüş tələb qeyri-müəyyən xarakter daşıyır. Belə ki, o, əmisi X3 həyat yoldaşı X2 ölüm faktının müəyyən edilməsini xahiş etsə də, ərizəsinin “xahiş edirəm” hissəsində X2 hansı tarixdə və harada ölməsinin müəyyən edilməsini xahiş etdiyini göstərməmişdir. Halbuki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 9.3-cü bəndində qeyd edilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9-cü bəndinə görə, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndinə görə, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, MPM-in 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırkı ərizəyə isə ərizəçi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməmişdir. Bundan başqa, ərizəçi həm də qeydiyyat orqanından ölməsi faktının müəyyən edilməsini xahiş etdiyi X2 barəsində ölüm haqqında qeydiyyat aparılıbaparılmadığını təsdiq edən hər hansı məktubu da ərizəsinə əlavə etməmişdir. Qeyd edilənlər Ərizəçi ərizəsinin MPM-in 152.1.1-ci maddəsinə uyğun olaraq geri qaytarılması üçün əsas hesab edilir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, şəxsin adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə tələbin irəli sürülməsi və məhkəmədə baxılması hazırkı halda yolverilməzdir. Belə ki, məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq ərizəçinin nəzərinə çatdırır ki, şəxsin müəyyən şəraitdə və müəyyən tarixdə ölməsinə dair faktı təsdiq edən məhkəmənin qətnaməsi belə qeydəalınma üçün əsasdır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşdəki 24 aprel 2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, hazırkı iş üzrə ərizənin verilməsinə görə ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də ərizənin verilməsinə görə ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263, 264, 267, 268 və 306-cı maddələrini rəhbər tutub QƏRARA ALDİ: Ərizəçi xüsusi icraat qaydasında “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizənin verilməsinə görə Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-318/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-318/2025
28.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver