Məhkəmə qərarları › İş №2(026)-383/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-383/2025

11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-383/2025 11.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “01 yanvar 1928-ci il təvəllüdlü X4 20 dekabr 2022-ci il tarixdə Qobustan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, 01 yanvar 1928-ci il təvəllüdlü X4 22 dekabr 2022-ci il tarixdə Qobustan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1970-ci ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Qobustan şəhərində qeydiyyatda olmaqla, 2000-ci ildən Qobustan şəhəri, H.Əliyev prospektində yerləşən X6 məxsus olan və 2004-cü ildən notarial qaydada ona vəsiyyət edilmiş 160 saylı evdə ailəsi ilə birlikdə yaşayır. X8 əmisi Əvəz Mədətovun arvadı olmuşdur. 2000-ci ildə əmisi Əvəz və onun arvadı X8 ərizəçini övladlığa götürmüş, lakin övladlığa götürməni rəsmiləşdirməmişlər. Hazırda da onu Əvəzin oğlu kimi tanıyırlar. Onu əmisi və arvadı evləndirmiş, ona toy etmişdir. Həmin vaxtdan da ərizəçi onların evində yaşayır. Əmisi arvadı X8 15 dekabr 2004-cü ildə Qobustan rayon Notariat kontorunda özünə məxsus bütün əmlaklarını və Qobustan şəhəri, H.Əliyev prospektində (Qobustan rayonu, Mərəzə qəsəbəsi) yerləşən yaşayış evini ərizəçiyə verməsi barədə vəsiyyətnamə vermişdir. X8 ilə ərizəçi və onun ailə üzvləri 22 dekabr 2022-ci il tarixə kimi, yəni X8 vəfat edən günədək ona məxsus evdə birlikdə yaşamış, ona ərizəçi və həyat yoldaşı Rəna qulluq etmişdir. X8 22 dekabr 2022-ci il tarixdə ev şəraitində vəfat etmişdir. Onlar mərhumu yaşadıqları Qobustan şəhərindəki “Diri Baba” qəbiristanlığında əmisi Əvəzin yanında dəfn etmişlər. Ərizəçi qanunu bilmədiyindən X8 üçün ölüm haqqında şəhadətnamə almamışdır. Həm də o öldükdən sonra iki il ərzində X8 üçün dövlət tərəfindən verilən pensiya və digər yardımları da almışdır. Buna görə 2024-cü ilin dekabr ayında Qobustan rayon prokurorluğunda onun barəsində araşdırma başlanmış və 10 mart 2025-ci il tarixdə toplanmış material üzrə cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə və Qobustan rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ona bu məsələnin həlli üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirdi ki, o, ərizəsində X4 ölüm tarixini texniki səhv (xəta) səbəbindən 22 dekabr 2022-ci il qeyd etmişdir. Xahiş edir ki, X4 ölüm tarixi 20 dekabr 2022-ci il kimi oxunsun. Məhkəmə iclasında iştirak edən Ərizəçi çıxış edərək bildirdi ki, əmisi Əvəz Mədətovla onun arvadı X2 qeyri-rəsmi şəkildə övladlığa götürmüş, əmisi vəfat etdikdən sonra isə onun arvadına özü və ailəsi baxmışdır. X8 2004-cü ildə özünün bütün əmlakını və Qobustan şəhərində yaşadıqları evi ona vəsiyyət etmişdir. O, 20 dekabr 2022-ci ildə Qobustan şəhərində vəfat etsə də, onun ölümü haqqında şəhadətnamə almamışdır. Hazırda isə həmin şəhadətnaməni almaq istəyir. O, 2024-cü ilə qədər əmisi arvadının pensiya və yardımlarını dövlətdən almağa davam etmişdir. Lakin sonradan bu fakt barəsində araşdırma aparılmış, o da dəymiş bütün ziyanı əlavə faizi ilə ödədiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirdi ki, Valeriy Kudryaşov onun əmisi Əvəzin birinci arvadından olan oğlu olmuşdur, Sevinc Mədətova da Valeriyin qızıdır, Valeriy onun bacısı Həmayıl ilə evlənmişdir. Lakin hazırda Valeriy vəfat etmişdir. O, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o, ərizəçini həm usta kimi tanıyır, həm də qonşudur, gediş-gəlişləri var. Gedib-gələrkən ərizəçinin əmisi Əvəzin arvadı olan, həmin vaxt da yataq xəstəsi olan İlyina Praskovyanı da görmüşdür. O, ərizəçi ilə bir evdə yaşayırdı. Qeyd etdi ki, ərizəçinin əmisi olan Əvəzi təxminən 1975-1976-cı ildən tanımış, onun Valeriy adında oğlu olsa da, o, vəfat etmişdir. Lakin onun nə vaxt vəfat etdiyini dəqiq xatırlamır. Həmçinin qeyd etdi ki, 2022-ci ilin dekabr ayında ərizəçinin evinə gedəndə ona İlyina Praskovyanın vəfat etdiyini və qəbiristanlığa getmək lazım olduğunu dedilər. Orada ərizəçi, onun arvadı, özü, Nizamətdin adında qonşusu və 5-6 nəfər cavan uşaq var idi. X15 “Diri Baba” qəbiristanlığında dəfn etmişlər. Prokurorluqda araşdırma aparılarkən də orada iştirak etmiş və onun izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Ərizəçi onun bacanağıdır və qonşusudur. O, X7 tanımış, o, mərhum Əvəzin arvadı olmuşdur. Əvəz öldükdən sonra X8 bir müddət yataq xəstəsi olmuş və ərizəçinin ailəsi ilə bir evdə yaşamışdır. 2022-ci ilin dekabr ayının 20-də o işdən evə gəldikdə X4 vəfat etdiyini öyrənmiş, onu “Diri Baba” qəbiristanlığında Əvəz Mədətovun yanında dəfn etmişlər. Dəfndə çox adam iştirak etməmiş, orada ərizəçi, onun arvadı, Əhmədağa və bir neçə başqa şəxs iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır, onlar 2002-ci ildən evlidir. X8 Ərizəçi əmisi Əvəzin arvadı olsa da, onların uşağı olmadığına görə Eldarı qeyri-rəsmi övladlığa götürmüşlər. Evləndikləri vaxtdan onlar bir evdə yaşamış, son 8 ildə xəstə yatağında olduğuna görə ona özü baxmışdır. X8 20 dekabr 2022-ci ildə vəfat etmiş, onu yoldaşı ilə özü yumuşdur. Onun yas mərasimində və dəfnində də çox az adam iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb, onlara müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Azərbaycan Respublikası vətəndaşının AZE 13841375 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 01 yanvar 1928-ci ildə Şamaxı rayonu, Mərəzə qəsəbəsində anadan olmuşdur. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Ərizəçi ünvanladığı 19 sentyabr 2024-cü il tarixli məktubunda bildirmişdir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə 15 avqust 2024-cü ildə vəfat etmiş X1 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün 18 sentyabr 2024-cü il tarixdə etdiyi müraciət qeydiyyata alınaraq baxılmışdır. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət olunma vaxtından uzun müddət keçdiyi üçün şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət etməlidir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 20 may 2025-ci il tarixli məktubunda bildirmişdir ki, X4 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində 2020-ci ildən 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət edə bilər. İşdə surəti olan Qobustan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X16 tərəfindən HK-1/474 nömrəli material üzrə qəbul edilmiş cinayət məsuliyyətindən azad etməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 mart 2025-ci il tarixli qərarın məzmunundan görünür ki, Ərizəçi 01 yanvar 1928-ci il təvəllüdlü X4 ölüm tarixini saxtalaşdıraraq yaşa görə əmək pensiyasını və Böyük Vətən müharibəsi veteranı olması ilə əlaqədar aldığı illik müavinəti mənimsəməsi və sair barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qobustan rayon şöbəsindən Qobustan rayon prokurorluğuna məlumat daxil olmuş, həmin məlumat əsasında Qobustan rayon prokurorluğunun müstəntiqi Göhər Əmiyeva tərəfindən araşdırma aparılaraq toplanmış materialda Ərizəçi əməlinə hüquqi qiymət verilməsi məqsədilə material ayrılaraq 02 dekabr 2024-cü il tarixdə aidiyyəti üzrə Qobustan RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. ... Araşdırma ilə əlaqədar hadisənin baş verdiyi yerə baxış keçirilmiş, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə edilmiş, hadisənin Qobustan rayonu, Qobustan şəhərində yerləşən “Diri Baba” türbəsinin yaxınlığında olan qəbiristanlıqda baş verdiyi müəyyən edilmişdir. Həmin protokoldan görünür ki, Ərizəçi X4 20 dekabr 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə vəfat etdiyini, lakin onu 21 dekabr 2024-cü il tarixdə səhər saatlarında həmin məzarda dəfn etdiyini bildirmişdir. Məzarın başdaşının 15 avqust 2024-cü il tarixdə özü tərəfindən məzarın üzərinə yerləşdirildiyini və başdaşının üzərindəki yazıların, o cümlədən “xx.xx.2024” yazısının özü tərəfindən yazıldığını bildirmişdir. ... Araşdırma materiallarından görünür ki, Ərizəçi törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir və cinayət törətdiyinə görə peşmandır, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ümumilikdə 8590,44 manat məbləğində maddi ziyanı tam olaraq ödəmişdir, eləcə də qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad olunması üçün vurulmuş ziyanın 25 faizini, yəni 2147,61 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. 10 mart 2025-ci il tarixli həmin qərarla Ərizəçi tərəfindən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, cinayət məsuliyyətindən azad olunmaq üçün cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi, həmçinin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilmədiyi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddələrinə əsasən Ərizəçi barəsində cinayət təqibinə xitam verilmiş və cinayət işinin başlanılması rədd edilmişdir. İşdə surəti olan Qobustan rayon Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş 15 dekabr 2004-cü il tarixli vəsiyyətnamədən görünür ki, Qobustan rayonu, Mərəzə qəsəbəsində yaşayan X11 həmin vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən yaşayış evini Ərizəçi vəsiyyət etmişdir. İşdə surəti olan AZ 030130 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 21 mart 2001-ci ildə ölmüşdür. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə MPM-in 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə MPM-in 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırda Ərizəçi əmisinin arvadı olduğunu bildirdiyi 01 yanvar 1928-ci il təvəllüdlü X4 20 dekabr 2022-ci il tarixdə Qobustan şəhərində ölməsi faktının müəyyən edilməsinin ona ölüm haqqında şəhadətnamə ala bilməsi üçün lazım olduğunu bildirmiş, onun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımi sənədləri ala bilməməsini təsdiq etmək məqsədilə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin və Maraqlı şəxs məktublarını təqdim etmişdir. İş materiallarını qarşılıqlı şəkildə təhlil edən məhkəmə 15 dekabr 2004-cü il tarixli vəsiyyətnamənin mövcudluğunu nəzərə alaraq, 01 yanvar 1928-ci il təvəllüdlü X4 ölüm faktının təsdiq edilməsində Ərizəçi maraqlı şəxs olduğunu qəbul edir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.3-cü bəndində qeyd olunur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Hazırda ərizəçi özünün əmisi arvadı olduğunu bildirdiyi 01 yanvar 1928-ci il təvəllüdlü X4 20 dekabr 2022-ci il tarixdə Qobustan şəhərində ölməsi faktını təsdiq etmək məqsədilə şahid ifadələrinə istinad etmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Qobustan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X16 tərəfindən HK-1/474 nömrəli material üzrə qəbul edilmiş cinayət məsuliyyətindən azad etməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 mart 2025-ci il tarixli qərardan da göründüyü kimi, aparılmış həmin araşdırma çərçivəsində də 01 yanvar 1928-ci il təvəllüdlü X4 ölməsi faktı aşkarlanmışdır. Yəni hazırda 01 yanvar 1928-ci il təvəllüdlü X4 ölməsi faktı ilə bağlı hər hansı mübahisə də mövcud deyil. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq bildirir ki, hazırda 01 yanvar 1928-ci il təvəllüdlü X4 20 dekabr 2022-ci il tarixdə Qobustan şəhərində ölməsi faktı öz təsdiqini tapır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 01 yanvar 1928-ci il təvəllüdlü X4 20 dekabr 2022-ci il tarixdə Qobustan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 yanvar 1928-ci il təvəllüdlü X4 20 dekabr 2022-ci il tarixdə Qobustan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar