Məhkəmə qərarları › İş №2(026)-391/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-391/2025

11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-391/2025 11.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “01 mart 1963-cü il tarixdə anadan olmuş atası X5 26 dekabr 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, 01 mart 1963-cü il təvəllüdlü atası X5 ünvan 1i ünvanında 26 dekabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atası X3 rayonu, Pirəkəşkül kəndi ünvanında dünyasını dəyişmişdir. Mərhum atası X1 qəbiristanlığında dəfn olunmuşdur. Ölüm hadisəsi 26 dekabr 2024-cü il tarixdə baş vermişdir və bununla bağlı “Bakı şəhəri Təcili və X11 Stansiyası” PHŞ-nin Statistika şöbəsi tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi arayışın verilməsi ilə bağlı müraciət etsə də, sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi arayış verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi arayış olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin qəbul edilməsi zərurəti meydana gəlmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək bildirdi ki, o, iddia ərizəsində texniki səhvə yol vermişdir. Xahiş edir ki, X5 Abşeron rayonu, Qobustan kəndində ölməsi faktının müəyyən edilməsi bağlı qətnamə çıxarılsın. Məhkəmə iclasında iştirak edən Ərizəçi çıxış edərək bildirdi ki, 01 mart 1963-cü il təvəllüdlü X6 26 dekabr 2024-cü ildə Abşeron rayonunun Qobustan kəndində vəfat etmiş, elə həmin kəndin qəbiristanlığında da dəfn edilmişdir. Lakin o, vaxtında müraciət edərək xəstəxanadan atasının ölümü haqqında tibbi şəhadətnamə ala bilməmiş, buna görə də atasının ölməsi faktının maraqlı şəxs tərəfindən qeydiyyatı aparılmamışdır. O, ərizəsində atasının Abşeron rayonunun Pirəkəşkül kəndində öldüyünü qeyd etsə də, əslində Pirəkəşkül onların inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yerləşdiyi kənddir, faktiki olaraq isə ailəsi ilə Abşeron rayonunun Qobustan kəndində yaşayırlar, atası da Qobustan kəndində vəfat etmişdir. Ona görə də ərizəsinin təmin edilməsini və 01 mart 1963-cü il təvəllüdlü atası X5 Abşeron rayonu, Qobustan kəndində 26 dekabr 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, atası X6 26 dekabr 2024-cü ildə yaşadıqları Abşeron rayonunun Qobustan kəndində qəfil vəfat etmiş, elə həmin kəndin qəbiristanlığında dəfn edilmiş, yas mərasimi də həmin kənddə təşkil olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Ərizəçi onun qardaşı oğlu, Hikmət Cəbrayılov isə qardaşıdır. X14 Abşeron rayonunun Qobustan kəndində qəfil vəfat etmiş, elə həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Özü də qardaşının yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Hikmət Cəbrayılov onun qardaşı idi. Onun 26 dekabr 2024-cü ildə halı pisləşmiş, təcili tibbi yardımı maşını gələnədək isə qəfil vəfat etmişdir. Onu elə yaşadıqları Qobustan kəndinin qəbiristanlığında dəfn etmişlər, özü də qardaşının yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb onlara müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Azərbaycan Respublikası vətəndaşının AZE 14274489 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 01 mart 1963-cü ildə Şamaxı rayonunda anadan olmuşdur. İşdəki Abşeron RİHB-nin Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 230 nömrəli, 11 avqust 2025-ci il tarixli arayışından görünür ki, X6 26 dekabr 2024-cü il tarixdə vəfat etmiş və Abşeron rayon ünvan 2ristanlığında dəfn olunmuşdur. İşdəki Abşeron rayon Pirəkəşkül-Qobustan bələdiyyəsinin 24 yanvar 2025-ci il tarixli, 04 nömrəli arayışından görünür ki, Abşeron rayonu, Qobustan kəndində yaşamış X6 26 dekabr 2024-cü ildə vəfat etmiş, ünvan 2ristanlığında dəfn olunmuşdur. İşdəki təcili və X11 stansiyası ölüm haqqında 26 dekabr 2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X6 həkimə qədər ölmüşdür. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Ərizəçi ünvanladığı 14 may 2025-ci il tarixli məktubunda bildirmişdir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə 26 dekabr 2024-cü ildə vəfat etmiş atası X5 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün 08 may 2025-ci il tarixdə etdiyi müraciət qeydiyyata alınaraq baxılmışdır. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı qeydiyyatda olduğu poliklinikaya vaxtında müraciət etmədiyi üçün şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət etməlidir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı 08 may 2025-ci il tarixli məktubunda bildirmişdir ki, sonuncunun 03 may 2025-ci il tarixli ərizəsinə cavab olaraq, atası 26 dekabr 2024-cü ildə vəfat etmiş X5 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində 25 dekabr 2024-cü ildən 08 may 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət edə bilər. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Ərizəçi ünvanladığı 24 aprel 2025-ci il tarixli məktubunda onun atası X5 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı 22 aprel 2025-ci il tarixli müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla, vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. H.Cəbrayılovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə həmin xəstəxana tərəfindən verilmir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsi Ərizəçi ünvanladığı 29 aprel 2025-ci il tarixli məktubunda bildirmişdir ki, onun şöbəyə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. Abşeron rayon Qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə MPM-in 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə MPM-in 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırda ərizəçi atası Hikmət Cəbrayılovun ölməsi faktının müəyyən edilməsinin ona ölüm haqqında şəhadətnamə ala bilməsi üçün lazım olduğunu bildirmiş, onun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımi sənədləri ala bilməməsini təsdiq etmək məqsədilə “Qobustan rayon Mərkəzi Xəstəxanası” və “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxslərinin, həmçinin Maraqlı şəxs və Abşeron rayon Qeydiyyat şöbəsinin məktublarını təqdim etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.3-cü bəndində qeyd olunur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Hazırda ərizəçi atası X5 26 dekabr 2024-cü ildə Abşeron rayonu, Qobustan kəndində ölməsi faktını təsdiq etmək məqsədilə Abşeron RİHB-nin Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Abşeron rayon Pirəkəşkül-Qobustan bələdiyyəsinin arayışlarını təqdim etmiş, qəbir daşının fotoşəklini təqdim etmiş, mərhumun iki qardaşının və digər oğlunun şahid ifadələrinə istinad etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq bildirir ki, hazırda 01 mart 1963-cü il tarixdə anadan olmuş X5 26 dekabr 2024-cü il tarixdə Abşeron rayonu, Qobustan kəndində ölməsi faktı öz təsdiqini tapır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 01 mart 1963-cü il tarixdə anadan olmuş X5 26 dekabr 2024-cü il tarixdə Abşeron rayonu, Qobustan kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 mart 1963-cü il tarixdə anadan olmuş X5 26 dekabr 2024-cü il tarixdə Abşeron rayonu, Qobustan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar