Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-488/2024 21.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “23 oktyabr 1970-ci il tarixdə anadan olmuş bacısı X1 18 oktyabr 2022-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində ölməsi faktının müəyyən edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 23 oktyabr 1970-ci il tarixdə anadan olmuş bacısı X1 18 oktyabr 2022-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Qobustan rayonunun Qurbançı kəndində doğulmuşdur və hazırda da həmin kənddə yaşayır. 23 oktyabr 1970-ci il tarixdə anadan olmuş bacısı X4 18 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Onlar bacısı Atlazı yaşadıqları Qurbançı kəndinin qəbiristanlığında dəfn etmiş və ona yas mərasimi keçirtmişlər. Lakin qanunu bilmədiklərindən bacısı üçün ölümünü təsdiq edən heç bir sənəd almamışlar. Hazırda ölüm haqqında şəhadətnamənin alınmasının vacib olduğunu bildiyinə görə bununla əlaqədar Maraqlı şəxsnə və Qobustan rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də 23 oktyabr 1970-ci il tarixdə anadan olmuş bacısı X1 18 oktyabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, barəsində ərizə verdiyi şəxs onun mərhum bacısıdır. Bacısı 18 oktyabr 2022-ci ildə vəfat etmiş və Qurbançı kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun özü xəstə olduğuna görə bacısının qəbrinin üstünü düzəltdirməyə imkanı olmamışdır. Maddi vəziyyəti də çox aşağıdır. Onun qardaşları da vəfat etmişdir. İşdəki fotoşəkillərdə görünən bacısının qəbrinin arxasında qəbirlər də atasına, anasına və qardaşlarına aiddir. Qardaşlarının biri 20, biri isə 40 yaşında cavan vəfat etmişlər. Başqa bacıları da olmuşdur. Onların bəziləri vəfat etmiş, bəziləri isə ərə gedib başqa rayona köçmüşlər. Bildirdi ki, onlara məxsus əkin torpaq sahəsi olmuş və dövlət aktında mərhum bacısı Atlazın da adı olmuşdur. Hazırkı faktın təsdiq edilməsi ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Bacısı Atlaz vəfat edərkən savadsızlıqları və imkansızlıqları səbəbindən nə təcili tibbi yardım çağırmamış, nə ölüm haqqında xəstəxanadan tibbi şəhadətnamə, nə də ki ölüm haqqında şəhadətnamə almamışlar. Lakin hazırda bütün kənd onun bacısı Atlaz vəfat etdiyini bilir. O, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinlənilmiş Şahid1 bildirdi ki, o, Qobustan RİHBnin sərəncamı ilə Qurbançı kəndinin icra nümayəndəsi səlahiyyətlərini həyata keçirir və icra hakimiyyətində böyük məsləhətçi vəzifəsində çalışır. Məsələ ilə bağlı onlara müraciət olunanda özü qəbiristanlığa getmiş, yoxlama aparmış, icra nümayəndəliyinin mühasibi X2, kənd sakini X5 və Atlaz Səmədovanın dəfn olunmasında iştirak etmiş başqa sakinlərlə söhbət aparmışdır. Həmin şəxslər təsdiq etdilər ki, Atlaz Səmədova 18 oktyabr 2022-ci ildə vəfat etmişdir. Onun kənddə olan yeganə qohumu isə hazırda ərizəçi olan bacısı Ərizəçidır. Kəndin təsərrüfatbaşına kitabında da Atlaz Səmədovanın 18 oktyabr 2022-ci ildə vəfat etməsinə dair qeyd mövcuddur. Məhkəmə iclasında şahid qismində dinlənilmiş Şahid2 bildirdi ki, o, Qobustan rayonunun Qurbançı kəndindəndir. Həqiqətən də Atlaz Səmədova 2022-ci ilin oktyabr ayında vəfat etmişdir. Özü şəxsən Atlaz Səmədovanın dəfnində, onun 3 və 7 mərasimlərində iştirak etmişdir. Ərizəçi isə mərhum Atlaz Səmədovanın bacısıdır, xəstə adamdır, səhhətində problemləri var, başqa qohum-əqrabası da YOXDUR. Atlaz Səmədovanı dəfn edərkən elə onu öz qohumlarının yanında dəfn etmişlər. Fotoşəkillərdəki qəbirlər də Atlazın, onun qardaşlarının və valideynlərinin qəbirləridir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan AZE 06988854 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X4 23 oktyabr 1970-ci il tarixdə anadan olmuşdur. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Ərizəçi ünvanladığı 03 sentyabr 2024-cü il tarixli məktubunda bildirmişdir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə 18 oktyabr 2022-ci ildə vəfat etmiş bacısı X1 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün 27 avqust 2024-cü il tarixdə etdiyi müraciət qeydiyyata alınaraq baxılmışdır. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunma vaxtından uzun müddət keçdiyi üçün şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət etməlidir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı 27 avqust 2024-cü il tarixli məktubunda bildirmişdir ki, sonuncunun 27 avqust 2024-cü il tarixli ərizəsinə cavab olaraq, bacısı 18 oktyabr 2022-ci ildə vəfat etmiş X1 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində 2021-ci ildən 27 avqust 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət edə bilər. İşdəki Qurbançı kənd İƏD üzrə nümayəndəsi Şahid1, Qurbançı kənd sakinləri Ərizəçi və X3 iştirakı ilə tərtib edilmiş və onların imzaları və Qurbançı kənd İƏD üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş 27 avqust 2024-cü il tarixli aktdan görünür ki, 23 oktyabr 1970-ci il təvəllüdlü X4 18 oktyabr 2022-ci il tarixdə Qurbançı kəndində vəfat etmiş və Qurbançı kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırda ərizəçi bacısı Atlaz Səmədovanın ölməsi faktının müəyyən edilməsinin ona vərəsəlik məsələlərinin həlli məqsədi üçün lazım olduğunu bildirmiş, onun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımi sənədləri ala bilməməsini təsdiq etmək məqsədilə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin və Maraqlı şəxs məktublarını təqdim etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.3-cü bəndində qeyd olunur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Hazırda ərizəçi bacısı Atlaz Səmədovanın 18 oktyabr 2022-ci ildə Qobustan rayonunun Qurbançı kəndində ölməsi faktını təsdiq etmək məqsədilə tərtib olunmuş 27 avqust 2024-cü il tarixli aktı və fotoşəkilləri təqdim etmiş, şahid ifadələrinə istinad etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq bildirir ki, hazırda 23 oktyabr 1970-ci il tarixdə anadan olmuş X1 18 oktyabr 2022-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində ölməsi faktı öz təsdiqini tapır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 23 oktyabr 1970-ci il tarixdə anadan olmuş X1 18 oktyabr 2022-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 oktyabr 1970-ci il tarixdə anadan olmuş X1 18 oktyabr 2022-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-488/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-488/2024
21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver