Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-532/2025 03.11.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “09 iyul 2025-ci ildə anadan olmuş qızı X1 09 avqust 2025-ci ildə Qobustan rayonu, Təklə Mirzəbaba kəndində ölməsi faktının müəyyən edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, 09 iyul 2025-ci ildə anadan olmuş X1 09 avqust 2025-ci ildə Qobustan rayonu, Təklə Mirzəbaba kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 2023-cü ildə X2 ilə nikahını rəsmi qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından 13 aprel 2024-cü ildə Hüseyn və 09 iyul 2025-ci ildə Zeynəb adlı iki uşaqları anadan olmuşdur. Zeynəb doğulduqdan 1 ay sonra 09 avqust 2025-ci ildə saat 10-11 radələrində beşikdə yatarkən qəflətən vəfat etmişdir. Həmin vaxt o Hökmə ilə evdə idi, uşağın nəfəsinin gəlmədiyini görüb anasını və qaynanasını çağırmış, onlar da uşağın öldüyünü təsdiq etmişlər. Zeynəbi həmin gün Təklə Mirzəbaba kənd qəbiristanlığında dəfn etmişlər. Lakin qanunu bilmədiklərindən Zeynəb üçün ölümünü təsdiq edən heç bir sənəd almamışlar. Hazırda ölüm haqqında şəhadətnamənin alınması vacib olduğundan Maraqlı şəxsnə və Qobustan rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də 09 iyul 2025-ci ildə anadan olmuş X1 09 avqust 2025-ci ildə ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət edir. Məhkəmənin 22 sentyabr 2025-ci il tarixli iclasında Ərizəçi bildirmişdir ki, 09 iyul 2025-ci ildə anadan olmuş qızı Zeynəb 09 avqust 2025-ci ildə Qobustan rayonu, Təklə Mirzəbaba kəndində yaşadıqları evdə vəfat etmişdir. Həmin vaxt evdə yalnız özü və arvadı Hökmə Ağayeva olmuş, uşağın ölümünü də anası Hökmə Ağayeva aşkar etmişdir. Belə ki, onlar uşağı cəmi 5-10 dəqiqə ərzində nəzarətsiz qoymuşlar. Hamamda üzünü qırxmaq istəyəndə birdən arvadının səsini eşidib gedəndə artıq qızı Zeynəbin yatdığı beşikdə vəfat etdiyini görmüşdür. Uşağın hər hansı bir xəstəliyi olmamışdır. Onlar uşağı həmin gün kənd qəbiristanlığında dəfn etmişlər, dəfn işini həmkəndlisi Məmməd İbrəhimov yerinə yetirmişdir. Qızının ölümünə görə yas mərasimi verməsələr də, evə gəlib-gedən çox olmuşdur. Onların hüquqi savadı olmadığına görə dəfndən öncə təcili tibbi yardım çağırmamışlar. Hazırda isə uşağın ölüm haqqında şəhadətnaməsinin alınması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 13 oktyabr 2025-ci il tarixli iclasında isə Ərizəçi bildirmişdir ki, 09 avqust 2025-ci ildə hadisə baş verən zaman evdə o, arvadı Hökmə Ağayeva və atası Barat Ağayev olmuş, Zeynəb isə evin həyətində beşikdə olmuşdur. O, yuyunmağa getdiyinə görə Zeynəbi atası Barat Ağayevə tapşırmışlar. Elə yeni hamama girmişdi ki, atası onları çağırıb uşağın qusduğunu bildirmiş, uşağın yanına getdikdə isə artıq Zeynəbin vəfat etdiyini görmüşlər. O, məhkəmə baxış iclasında ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmənin 13 oktyabr 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, qızı Zeynəb 09 iyul 2025-ci ildə xəstəxanada doğulmuş, sağlamlığında hər hansı bir problem olmamışdır. 09 avqust 2025-ci ildə qızı Zeynəb yaşadıqları evin həyətində beşikdə yatırdı. Həmin vaxt o, əri Ərizəçi başını yuya bilməsi üçün su isidirdi. Həmin vaxt evdə o, əri Ərizəçi və qaynatası Barat Ağayev olmuşdur, ərizəçi ilə nikahdan olan digər uşağı isə nənəsigilə getmişdi. O, Zeynəbi qaynatasına tapşırıb su isitməklə məşğul idi, uşaq onun yanında idi. Birdən qaynatası uşağın qusmağa başladığını bildirmişdir. O da uşağın yanına qayıdanda görmüşdür ki, artıq Zeynəb ölmüşdür. Qaynatası da həmin vaxt bu hadisədən qorxub heç bir şey deyə bilməmişdir. Məhkəmənin 13 oktyabr 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Ərizəçi onun nəvəsidir, yəni qızının oğludur. Hadisə olan gün qızı onlara qonaq gəlmişdir. Birdən bir nəfər gəlib onlara xəbər vermişdir ki, Zeynəb ölmüşdür. Bundan sonra onlar ərizəçinin evinə getmiş, Zeynəbin öldüyünü görmüş və onu Təklə Mirzəbaba kənd qəbiristanlığında dəfn etmişlər. Dəfndə 5-6 nəfər iştirak edirdi. Hadisə baş verən vaxt evdə ərizəçi, onun arvadı və ərizəçinin atası olmuşdur. Onların yeganə səhlənkarlığı təcili tibbi yardım çağırmamaq olmuşdur. Məhkəmənin 13 oktyabr 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, Ərizəçi onun oğludur. Hadisə Qobustan rayonu, Təklə Mirzəbaba kəndində baş vermişdir. O, həyətdə oturarkən ərizəçi və arvadı Zeynəbi 3-4 metr aralıda beşikdə qoyub evdə iş görürdülər. Birdən qəfil Zeynəb hıçqırıb daha sonra göyərib vəfat etmişdir. O, uşaqla cəmi 1-2 dəqiqə təklikdə qalmış, uşaq hıçqırmağa başlayanda oğlu və gəlinini çağırmışdır. Oğlu ilə gəlini gələndə artıq Zeynəb vəfat etmək üzrə idi. Bildirdi ki, həmin vaxt gəlini Zeynəbi təzəcə yedirdib uzandırmışdır. Güman edir ki, yediyi yemək uşağın nəfəs borusuna ilişmişdir. Həmin vaxt savadları olmadığı üçün təcili tibbi yardıma məlumat verməmişlər. Onlar uşağı Təklə Mirzəbaba kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmənin 13 oktyabr 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Ərizəçi onun qudasının nəvəsidir. Ona hadisə baş verən zaman Ağayar Dəmirov zəng edib Zeynəbin öldüyünü bildirmiş, uşağı dəfn etmək üçün onu çağırmışdır. O da gedib uşağı kənd qəbiristanlığında dəfn etmişdir. O, Zeynəbi əvvəlcədən görməmiş, onu sadəcə basdıranda kəfənə bükülü vəziyyətdə görmüşdür. Uşağın hansı səbəbdən ölməsi barədə özünün dəqiq məlumatı YOXDUR. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb onlara müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan AZ-İİ 564620 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X2 14 avqust 2023-cü ildə nikahlarını bağlamış, bu barədə Şamaxı Regional “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 avqust 2023-cü ildə 339 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İşdə surəti olan AZ-İV 984062 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 13 aprel 2024-cü il təvəllüdlü X4 atası Ərizəçi, anası X5r. İşdə surəti olan AZ-V 099544 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 09 iyul 2025-ci il təvəllüdlü X1 atası Ərizəçi, anası X5r. İşdəki Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakinləri X8, X3 və Ərizəçi tərəfindən tərtib edilərək imzalanmış və aktda göstərilən şəxslərin imzaları Qobustan RİHB-nin Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 15 avqust 2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, 09 iyul 2025-ci il tarixdə anadan olmuş X6 09 avqust 2025-ci il tarixdə 30 günlüyündə Qobustan rayonu, Təklə Mirzəbaba kəndində babası X11 məxsus evdə vəfat etmiş, Təklə Mirzəbaba kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Ərizəçi ünvanladığı 20 avqust 2025-ci il tarixli məktubunda bildirmişdir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə vəfat etmiş övladı X1 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün 19 avqust 2025-ci il tarixdə etdiyi müraciət qeydiyyata alınaraq baxılmışdır. Bildirilmişdir ki, övladı X1 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət etməlidir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı 26 avqust 2025-ci il tarixli məktubunda bildirmişdir ki, sonuncunun 22 avqust 2025-ci il tarixli ərizəsinə cavab olaraq, qızı X1 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində 10 avqust 2025-ci ildən 26 avqust 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət edə bilər. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə MPM-in 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə MPM-in 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırda ərizəçi qızı Zeynəb Ağayevanın ölməsi faktının müəyyən edilməsinin ona ölüm haqqında şəhadətnamə ala bilməsi üçün lazım olduğunu bildirmiş, onun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımi sənədləri ala bilməməsini təsdiq etmək məqsədilə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin və Maraqlı şəxs məktublarını təqdim etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.3-cü bəndində qeyd olunur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Hazırda ərizəçi qızı X1 09 avqust 2025-ci ildə Qobustan rayonu, Təklə Mirzəbaba kəndində ölməsi faktını təsdiq etmək məqsədilə kənd sakinlərinin tərtib etdiyi aktı təqdim etmiş, şahid ifadələrinə istinad etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq bildirir ki, hazırda 09 iyul 2025-ci il tarixdə anadan olmuş X1 09 avqust 2025-ci il tarixdə Qobustan rayonu, Təklə Mirzəbaba kəndində ölməsi faktı öz təsdiqini tapır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 09 iyul 2025-ci il tarixdə anadan olmuş X1 09 avqust 2025-ci il tarixdə Qobustan rayonu, Təklə Mirzəbaba kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 iyul 2025-ci il tarixdə anadan olmuş X1 09 avqust 2025-ci il tarixdə Qobustan rayonu, Təklə Mirzəbaba kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-532/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-532/2025
03.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver