Məhkəmə qərarları › İş №2(026)-533/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-533/2023

16.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-533/2023 16.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Qobustan rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış 01 iyun 2023-cü il tarixli, MŞS.MT030.2023-01014 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 01 iyun 2023-cü il tarixli, MŞS.MT030.2023-01014 saylı barışıq sazişinə əsasən, digər tərəf Maraqlı şəxs 23 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin iyun ayından başalayaraq hər ay 140 manat sabit pul məbləğində alimenti ona ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Barışıq sazişindən dörd ay müddət ötməsinə baxmayaraq barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs izahat verərək göstərdi ki, Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişindən sonra bir ay aliment ödəmişdir. Barışıb iki ay birlikdə yaşasalar da, yenidən aralarında olan narazılığa görə ayrı yaşayırlar. 23 noyabr 2021-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimenti ödəyəcəyi barədə öhdəliyi icra edəcək. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X1 arasında 15 aprel 2021-ci il tarixdə 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 632 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mamedov, arvada Mamedova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 802174 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, hazırki iş üzrə tərəflərin birgə nikahından 23 noyabr 2021-ci il tarixdə X5 doğulmuşdur. İş materiallarından görünür ki, mediasiya prosesində Maraqlı şəxs ilə Ərizəçi arasında 01 iyun 2023-cü il tarixli, MŞS.MT030.2023-01014 saylı barışıq sazişi bağlanmış. Barışıq sazişinin şərtlərinə görə, hər iki tərəf birgə nikahdan olan 23 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anası Ərizəçi yanında yaşamasına razıdırlar; Ərizəçi 23 noyabr 2021-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs ilə hər hansı (ay,gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə və Maraqlı şəxs 23 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin iyun ayından başalayaraq hər ay 140 manat sabit pul məbləğində alimenti ona ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır, Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır; Sazişin könüllü icrasından imtina olunsa, tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, mediasiya prosesində Ərizəçi və Maraqlı şəxs arasında 01 iyun 2023-cü il tarixli, MŞS.MT030.2023-01014 saylı barışıq sazişi bağlanmış, lakin könüllü icra müddətində Maraqlı şəxs sazişin icrasından imtina edərək, götürdüyü öhdəliyi yerinə yetirməmiş və hazırda Ərizəçi bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 01 iyun 2023-cü il tarixli, MŞS.MT030.2023-01014 saylı barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-23,355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 01 iyun 2023-cü il tarixli, MŞS.MT030.2023-01014 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 23 noyabr 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin iyun ayından başlayaraq Ərizəçi hər ay 140 manat sabit pul məbləğində aliment ödəmək barədə öhdəliyi icra edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla cavabdeh Maraqlı şəxs 36 manat 80 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Qobustan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar